Azərbaycan nümayəndə heyəti Mahaçqalada görkəmli ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi tədbirində iştirak edib

İlham Əliyev xalqa müraciət edib
“Opinion Way” parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini elan edib
AVCİYA: Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır

İyunun 28-də Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Maqomedsalam Umaxanovun 100 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov və Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov abidə önündə çıxış edərək görkəmli dövlət xadimi Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrildiyini qeyd ediblər. Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox mürəkkəb bir dövrdə – 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri Əlibəy Taxo-Qodi adına Dağıstan Milli Muzeyində olublar. Qonaqlara muzeydəki qiymətli eksponatlar barədə ətraflı məlumat verilib.

Sonra yubiley mərasiminin iştirakçıları görkəmli dövlət xadimi Maqomedsalam Umaxanovun Mahaçqaladakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra Mahaçqala şəhərindəki Maksim Qorki adına Dövlət Rus Dram Teatrının binasında Dağıstanın şanlı oğlu Maqomedsalam Umaxanovun 100 illik yubiley mərasimi keçirilib.

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı ŞIXSƏİDOV çıxış edərək Maqomedsalam Umaxanovun xidmətlərindən danışıb. O qeyd edib ki, əgər unudulmaz Maqomedsalam Umaxanovun taleyi, həyatı və işi haqqında qısaca danışsaq deməliyik ki, onun rəhbərliyi illərində Dağıstan bir çox istiqamətlərdə sürətli inkişafa nail olub. O çətin illərdə respublikada hidroenergetika qurğuları, sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı sürətlə inkişaf edib. Xüsusən onun kadr siyasətini qeyd etmək lazımdır. O, respublikada məsul vəzifələrdə işləyən, nəticələr göstərən fəal gəncləri müşahidə edir və yadında saxlayırdı. Yeri gəlmişkən, onlardan bir çoxu bu zalda əyləşib.

Görkəmli dövlət xadimi və siyasi xadim Maqomedsalam Umaxanovun yubiley mərasimində Azərbaycandan çox mötəbər nümayəndə heyətinin iştirak etdiyini vurğulayan Xızrı Şıxsəidov bildirib ki, xalqlarımızı çoxəsrlik dostluq və qardaşlıq telləri bağlayır. Bu gün Rusiya Federasiyası və onun subyektləri ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. Əminik ki, bu əlaqələr ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək.

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam MAQOMEDOV Prezident Vladimir Putinin Maqomedsalam Umaxanovun 100 illik yubileyi mərasiminin iştirakçılarına təbrik məktubunu oxuyub. Rusiya Prezidentinin məktubunda Maqomedsalam Umaxanovun respublikanın inkişafındakı xidmətləri vurğulanıb, onun liderlik istedadı, rəhbərlik bacarığı, insani keyfiyyətləri qeyd edilib. Rusiya dövlətinin başçısı məktubunda bildirib ki, Dağıstan xalqı öz vətənpərvər və sadiq oğlunun xatirəsini hər zaman əziz tutacaq.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV dövlətimizin başçısı İlham Əliyevin Maqomedsalam Umaxanovun anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yığıncağın iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Prezidentinin məktubunda deyilir: “Dağıstanın şanlı oğlunun həyat yolu Vətəninə və xalqına fədakarcasına xidmət, ideallara sədaqət nümunəsidir. Müxtəlif illərdə yüksək dövlət və partiya vəzifələrində çalışmış Maqomedsalam Umaxanov doğma diyarın və onun əhalisinin mənafelərini həmişə uca tuturdu. O, bütöv bir epoxanı təcəssüm etdirərək Dağıstanın inkişafı üçün xeyli qüvvə, bilik və enerji sərf edib. Onun respublikaya rəhbərlik etdiyi illər iqtisadiyyatın daha da yüksəlişi və xalqın rifahının durmadan artması ilə əlamətdar olub”.

Prezident İlham Əliyevin məktubunda Maqomedsalam Umaxanovun Dağıstan ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına çox böyük töhfələr verdiyi vurğulanıb və qeyd edilib ki, o, uzaqgörən və səriştəli bir rəhbər olaraq idarəçilik təcrübəsi, intellekti və böyük şəxsi cazibəsi sayəsində müasirlərinin dərin hörmətini qazanıb, sonrakı nəsillər onun xatirəsini minnətdarlıqla yad edirlər.

Sonra Maqomedsalam Umaxanovun həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Yubiley mərasimində iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas UMAXANOV ailəsi adından Prezident Vladimir Putinə və Prezident İlham Əliyevə Maqomedsalam Umaxanov haqqında xoş sözlərə və onun xatirəsinin əziz tutulmasına görə səmimi minnətdarlığını bildirib. O qeyd edib ki, Maqomedsalam Umaxanovun yubiley tədbirinə bu qədər çox insanın toplaşması sevindirici haldır. Onların əksəriyyəti indi də onu yaxşı xatırlayır.

İlyas Umaxanov bildirib ki, yubiley ilə əlaqədar zəngin tədbirlər planı həyata keçirilib. Buraya boks üzrə beynəlxalq turnir, televiziyalarda verilişlərin yayımı, mətbuatda məqalələrin dərc edilməsi, konfransların, “dəyirmi masa”ların təşkili, xatirə kitabının nəşri və sənədli film daxildir. O, bu tədbirlərin həyata keçirilməsinə görə Dağıstan Respublikası rəhbərliyinə və bu işlərdə əməyi olan hər kəsə təşəkkür edib.

Tarixi yaddaşın qorunub saxlanılmasının dövlət siyasətinin vacib sahələrindən biri olduğunu vurğulayan İlyas Umaxanov deyib: “Ümid edirəm ki, respublika ərazisində keçirilən yubiley tədbirləri dağıstanlıların, xüsusən də gənc nəslin özünü tarixi salnamənin bir hissəsi kimi hiss etməsinə, Dağıstan və Rusiyanın vətənpərvər vətəndaşı olmasına öz təsirini göstərəcək”.

Çıxışının sonunda İlyas Umaxanov Rusiya, Dağıstan və dost Azərbaycana tərəqqi və rifah arzulayıb.

Yubiley mərasimi maraqlı konsert proqramı ilə başa çatıb.

Xatırladaq ki, Maqomedsalam Umaxanov Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1956-1967), Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi (1967-1983) vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində cəbhədə mərdliklə vuruşub. M.Umaxanov müharibədən sonrakı illərin qurucularından biri, Dağıstan Respublikasının çiçəklənməsi naminə yorulmaq bilmədən çalışan, xalq arasında yüksək nüfuz qazanmış partiya və dövlət xadimlərindən biri olmaqla yanaşı, gündəlik həyatda da çox səmimi və sadə bir insan kimi tanınıb.