Azərbaycan Prezidenti İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradılıb
Bayrağımız – qürur mənbəyimiz
Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni sədr və müavinlər seçilib

Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevi salamlayaraq dedi:

-Sabahınız xeyir.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Prezident İqor Dodon: Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq.

Prezident İlham Əliyev: Bəli. Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur. Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, – düzdür, onların sayı getdikcə azalır, – ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram. Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək.

x x x

Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.

Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.

Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar.

Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə etdilər. Moldova Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət etdi.