
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsini, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılmasını, innovasiya əsaslı inkişafın təşviqini, rəqəmsal bacarıqların gücləndirilməsini, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasını, ümumilikdə ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsini hədəfləyir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Strategiyada digər tədbirlərlə yanaşı, rəqəmsal bacarıqlar (proqram təminatının inkişafı, məlumat və analitika, maşın öyrənməsi və s.) üzrə və bacarıq ehtiyaclarına dair vahid platformanın qurulması da nəzərdə tutulur. Belə ki, Strategiyanın Tədbirlər Planına əsasən, 2026–2029-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Peşələr atlası” platformasının hazırlanması, tələb olunan məlumatların müəyyənləşdirilməsi, mövcud məlumatlar bazasının inteqrasiyası, 10 əsas rəqəmsal bacarıq profilinin müəyyən edilməsi və platformadan aktiv istifadə edənlərin sayının azı 3 min nəfərə çatdırılması hədəfi müəyyən olunub”,- deyə məlumatda bildirilib.
AZƏRTAC