Bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağın səması Azərbaycanın hava məkanının ayrılmaz tərkib hissəsidir: “İşğalçı rejim Dağlıq Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirəcəyi halda mülki aviasiyaya dair 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaq. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər və bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilat Xocalı aeroportunun istifadəsi ilə bağlı işğalçı rejimə sertifikat verə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) məsələ ilə bağlı açıq mövqe nümayiş etdirməlidirlər”.
Azərbaycan nümayəndə heyəti vurğulayır ki, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması və bu məqsədə çatmaq üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırmaq istiqamətində səylər göstərdiyi bir zamanda, işğalçı rejimin qanunsuz olaraq Xocalı aeroportunu istismara verməsi cəhdləri təxribat xarakteri daşıyır və Ermənistan tərəfinin münaqişənin nizamlanmasında maraqlı olmadığını sübuta yetirir: “Aeroportun istismara verməsi cəhdləri tərəflər arasında etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır, danışıqlar prosesinə dağıdıcı təsir göstərərək, Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddiaların reallaşdırılmasına və işğal cinayətlərinin beynəlxalq səviyyədə qanuniləşdirilməsinə xidmət edir”. /APA/