Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Ölkəmizin mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilir
Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycanlı məktəblilər A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutunun xarici ölkələrin məktəbliləri üçün keçirdiyi Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar.

AZƏRTAC xəbər verir ki, Moskvada A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutunda keçirilən XV Beynəlxalq Rus Dili Olimpiadasının finalında dünyanın 31 ölkəsindən 150 məktəbli iştirak edib. A.S.Puşkin adına Rusiya Dövlət Rus Dili İnstitutu bu Olimpiadanı 1972-ci ildən başlayaraq, artıq 45 ildir ki, təşkil edir. Olimpiada bir neçə mərhələdə keçirilir: seçim mərhələsi və yarımfinal “Rus dilində təhsil” portalında distant rejimdə, final isə Moskvada əyani şəkildə keçirilir. Bu il 44 ölkədən 2500-dən artıq məktəbli seçim turunun iştirakçısı olub. Onlar rus dili üzrə imtahan tapşırıqlarını şifahi və yazılı formada yerinə yetiriblər, ölkəşünaslıq üzrə layihələri müdafiə ediblər, “Yunıy orator” (“Gənc natiq”) yaradıcılıq müsabiqəsində iştirak ediblər.

Final sınaqları nəticəsində Olimpiadanın 10 mütləq qalibi və əlavə nominasiyalarda mükafatçılar təyin edilib. Mütləq qaliblər Rusiya ali məktəblərində filologiya və linqvistika istiqamətlərində proqramlar üzrə Rusiya Federasiyasının büdcəsi hesabına təhsil almaq hüququ əldə edəcəklər.

Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın şagirdi Aydan Məmmədzadə Olimpiadanın mütləq qalibi olub. O, 1-ci dərəcəli diploma və “Yunıy orator” (“Gənc natiq”) müsabiqəsinin qalibi adına layiq görülüb. Azərbaycanın digər təmsilçisi – Bakı Modern Təhsil Kompleksinin şagirdi Emin İsmayılov 3-cü dərəcəli diplom qazanıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev qalibləri səfir Polad Bülbüloğlunun adından təbrik edib, onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Diplomat Olimpiadanın təşkilatçılarına da minnətdarlığını bildirib və Azərbaycanda rus dilinə qayğı ilə yanaşmadan danışıb. Rusiya Dövlət Rus Dili İnstitutunun rektoru M.N.Rusetskaya bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) bazasında ölkədə ilk dəfə olaraq Rusiyaşünaslıq Mərkəzinin açılmasından danışıb. O, həmçinin ADU ilə Rusiya Dövlət Rus Dili İnstitutu arasında əməkdaşlıq haqqında müqavilənin imzalandığını da bildirib. Rektorun sözlərinə görə, gələcəkdə Rusiyanın bu ali məktəbində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılacaq.

Olimpiadanın finalı çərçivəsində məktəblilər Moskvanı gəzib, V.İ.Vernadski adına Geologiya muzeyi və Planetariya ilə tanış olublar.

 

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva