Azərbaycan-Çin münasibətləri bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir

Qara Qarayevin musiqisi Amerikanın əsas milli dini məbədində səsləndi
Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun keyfiyyət mükafatını qazanıb
Avropa Parlamentinin yeni prezidenti seçilib

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfiri Əkrəm Zeynallının Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin beynəlxalq departamentinin rəis müavini, nazir müavini xanım Şen Beyli ilə görüşündə səslənib.

Səfir Əkrəm Zeynallı ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoqun yüksək səviyyəli və intensiv xarakterli qarşılıqlı səfərlərlə daha da möhkəmləndirildiyini bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış çoxsaylı sənədlərin və əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin hazırkı səviyyəyə yüksəldilməsinə təkan verdiyini deyib.

Xanım Şen Beyli Prezident İlham Əliyevin Çinə dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından çox əlamətdar olduğunu bildirib, səfər çərçivəsində ölkə başçıları arasında əldə edilmiş razılaşmaların Çin-Azərbaycan münasibətlərinin gələcək hədəflərini müəyyənləşdirdiyini vurğulayıb.

Nazir müavini son zamanlar Çin ilə Azərbaycan arasında iqtisadi sahədə böyük inkişafın müşahidə olunduğunu, Çin tərəfinin rəsmi statistikaya əsasən, bu ilin ilk altı ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövri ilə müqayisədə xeyli artdığını bildirib.

Görüşdə hakim partıyalar arasında münasibətlərdən söz açılıb, Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇKP arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Səfir Ə.Zeynallı son dövrlər bu sahədə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, partiyalararası münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Xanım Şen Beyli ÇKP-nin xarici əlaqələrə böyük əhəmiyyət verdiyini, fəallığı ilə seçilən Azərbaycan-Çin partiyalararası münasibətlərinin ölkəsi üçün əhəmiyyət daşıdığını deyib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi, mədəniyyət sahəsində görülə biləcək işlər və s. barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ÇKP-nin Mərkəzi Komitəsinin departament rəhbərləri nazir, onların müavini isə nazir müavini statusuna malikdirlər.

Şahin Cəfərov, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin