“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır

“Venesiya Komissiyasının rəyi Azərbaycanda referendumun keçirilməsinə heç bir təsir göstərməyəcək”
Azərbaycanlı rəssamın əsərləri Parisdə “Espace Nesle” qalereyasında sərgilənir
İlham Əliyev: Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub

“Vaşinqton Tayms” qəzetində “Azərbaycan: terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın ekstremizmə və terrorizmə qarşı mübarizəyə töhfəsindən və NATO ilə əməkdaşlığından bəhs edilir. Qeyd olunur ki, sentyabrın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun hərbi komitəsinin sədri general Pyotr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə N.Sadıqov Şimali Atlantika Alyansı ilə hərbi münasibətlərin uğurlu inkişafını vurğulayıb, Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıqdan, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəaliyyətindən və “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının inkişafına Azərbaycanın töhfəsindən danışıb.

N.Sadıqov Azərbaycan ilə NATO arasında məhsuldar və etimada əsaslanan münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və Azərbaycan dövlətinin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rolunu xüsusilə vurğulayıb.

Regionda hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.

General Pyotr Pavel Azərbaycanın həmişə NATO-nun etibarlı tərəfdaşı olmasını yüksək qiymətləndirib və ölkənin terrorizmə qarşı mübarizədə iştirak etməsinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın sülhməramlı əməliyyatlara yük daşımaları üçün hava məkanını təmin etdiyini vurğulayıb, Azərbaycan sülhməramlılarının Əfqanıstanda yüksək peşəkarlıq səviyyəsini qeyd edib.

Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton