Azərbaycan-Sankt-Peterburq parlamentlərarası əlaqələrinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb

Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla görüşüb. Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tərəflər milli-mədəni muxtariyyətlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni, həmçinin Sankt-Peterburqla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Vyaçeslav Makarov Sankt-Peterburq Qanunvericilik Məclisinin rəsmi nümayəndə heyətinin 2017-ci ilin sentyabrında Bakıya səfəri zamanı ikitərəfli münasibətlərdə ciddi irəliləyiş olduğunu qeyd edib. “Biz Sankt-Peterburq ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi məqsədilə hüquqi bazanın təkmilləşdirilməsini davam etdirəcəyik. Biz elm, təhsil, şəhər təsərrüfatı, mədəniyyət və turizm sahələrində səmərəli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq”, – deyə Peterburq parlamentinin sədri bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlığın siyasi, iqtisadi, nəqliyyat sahələrində perspektivləri, mədəni-humanitar əlaqələrin parlamentlərarası münasibətlərin möhkəmləndirilməsində rolu barədə fikir mübadiləsi aparılıb.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq