Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Şahin Mustafayev Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən ümumrusiya müşavirəsində iştirak edib.
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Rusiya dünya mədəni irsində” mövzusuna həsr olunan tədbirdə Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski, Tatarıstanın dövlət katibi Mintimer Şaymiyev, bu ölkənin YUNESKO üzrə milli komissiyasının məsul katibi Qriqori Orconikidze və başqaları iştirak ediblər.
Müşavirədə Tatarıstanın beynəlxalq elmi-mədəni layihələrin həyata keçirilməsində əldə etdiyi təcrübə və nailiyyətlər, bir sıra abidələrin YUNESKO-nun mədəni irsi siyahısına daxil edilməsi və bu istiqamətdə Rusiyanın müvafiq təşkilatlarının beynəlxalq ekspertlər ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
YUNESKO-nun İpək Yolu seriya nominasiyası proqramının əhəmiyyətindən danışan M.Şaymiyev bu təşəbbüsün Tatarıstan ərazisindəki tarixi-mədəni abidələr üçün önəmli olduğunu söyləyib. O, Tatarıstanda bu sahədə artıq YUNESCO və beynəlxalq ekspertlər ilə ortaq iş planının hazırlandığını bildirib.
Müşavirənin iclasında məruzə ilə çıxış edən Ş.Mustafayev bir sıra ölkələrin müvafiq proqram çərçivəsində tarixi-mədəni abidələrin YUNESKO-nun mədəni irs siyahısına daxil olunması ilə bağlı əldə etdiyi təcrübədən söhbət açıb. O, bu sahədə Azərbaycan, Rusiya, Türkiyə, Orta Asiya ölkələri arasında əməkdaşlığın yaradılmasının və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Tədbir çərçivəsində Ş.Mustafayev, həmçinin müvafiq mövzu ətrafında rusiyalı ekspertlərlə müzakirələr aparıb.