İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 81 insan alveri qurbanına yardım göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 58 insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 23 potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 81 nəfər ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımla təmin ediliblər.

Mərkəz tərəfindən 16 nəfərin nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 6 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına kömək göstərilib. Onlardan 43 nəfərə hüquqi, 34 nəfərə tibbi, 43 nəfərə isə psixoloji yardımların göstərilməsi təmin olunub. İnsan alveri qurbanlarından 12 nəfərin ehtiyacları nəzərə alınaraq sığınacaqla təmin olunublar. Görülən tədbirlər nəticəsində onların əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, qalan qurbanların ehtiyaclarının ödənilməsi üçün aparılan işlər davam etdirilir.

İnsan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması da diqqətdə saxlanılır. Ölkə Prezidentinin 2014-cü il iyulun 24-də verdiyi 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, bu ilin ötən dövründə Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s. rayonlarda gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə iştirakçılar insan alveri anlayışı, onun növləri, vətəndaşların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə interaktiv şəkildə məlumat verilib.