Bərdə rayonunun raket atəşə tutulması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər həlak olub

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradılıb, nümayəndə təyin olunub
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib
Bakıda “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun kasetli raketlərlə atəşə tutulması nəticəsində Qarayusifli kəndinin sakinlərindən biri azyaşlı olmaqla 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, xəstəxanaya gətirilən 12 yaralıdan dördü azyaşlıdır: “Yaralılardan biri kəllə-beyin travması ilə neyrocərrahiyyə şöbəsinə göndərilib. Digər xəstələr əməliyyat edilib. Hazırda vəziyyətləri orta ağırdır”.

Raketin partlaması nəticəsində qəlpə yarası alan Zərqələm Alıyeva deyib: “Həyətdə idik. Qəfildən partlayış səsi eşitdik. Sanki hər tərəf partlayırdı. Yerə uzandıq. Qalxanda gördüm sol budumdan yaralanmışam. Xəstəxanaya gətirildim. Əməliyyatla qəlpəni çıxardılar”.

Qarayusifli kəndinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb. Balaca Tahirə əməliyyat olunub, baldırındakı qəlpə çıxarılıb.

AZƏRTAC