Bəzi rayonlarda su təchizatı sisteminin tikintisinə dair qrant müqavilələri imzalanıb

Azərbaycanın koloritli kəndlərinə getməyinə dəyər
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ilk iclası Bakıda keçiriləcək
M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir

Fevralın 27-də Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi”, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sisteminin tikintisi” və “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, adları qeyd olunan layihələr üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üçün “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” təşkilatının icraçı direktoru Sahib Məmmədov, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üçün “Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi” təşkilatının icraçı direktoru Elçin Salmanov, “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üçün isə “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyinin direktoru İlham Tahirli imzalayıb.

Layihələrin əsas məqsədi üç rayonda su təchizatı sisteminin tikilməsi ilə yerli sakinlərin su ehtiyacını ödəməkdir. Ağsu rayonunda olan layihənin ümumi məbləği 82,747 ABŞ dolları, Şamaxıda olan layihənin ümumi məbləği 82,930 ABŞ dolları, Lənkəranda olan layihənin ümumi məbləği isə 83,213 ABŞ dolları təşkil edir.

Bu vaxta qədər qeyd olunmuş layihələr də daxil olmaqla Ağsu rayonunda 2 layihə, Şamaxı rayonunda 4 layihə və Lənkəran rayonunda 5 layihə üzrə qrant müqavilələri imzalanıb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması üzrə layihələri dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə birlikdə bu vaxta qədər imzalanmış müqavilələrin sayı 216, ümumi dəyəri isə 18,452,315 ABŞ dolları təşkil edir.

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edir. Yardımın ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.

http://azertag.az/xeber/Bezi_rayonlarda_su_techizati_sisteminin_tikintisine_dair_qrant_muqavileleri_imzalanib-1039069