Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcəkmi?

AVCİYA Parlament seçkilərinə hazırlığın I mərhələsini başa vurdu
AVCİYA-dan referendum bəyanatı
Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin hesabat tədbiri keçirilib

Bələdiyyə seçkisindən iki aydan artıq vaxt keçsədə bu sistemə olan maraq azalmaq bilmir. Xüsusəndə, Milli Məclisdə mütəmadi olaraq bələdiyyə sistemi ilə bağlı qanun layihələrinin müzakirəsi ümumi işin xeyrinə atılan addım sayıla bilər. Ancaq müzakirəyə çıxarılan məqamlara nəzər yetirdikdə görürsən ki, bu hecdə belə deyil. Yəni, düzəlişlərin müəyyən bir qismi simvolik xarakter daşıyır. Bunu düzəliş xətrinə düzəliş kimi də qəbul etmək olar…
Hazırda Milli Məclisdə (MM) bələdiyyələrlə bağlı müzakirəyə çıxarılan hüquqi sənədlər arasında hələki səlahiyyət məsələsi müzakirəyə çıxarılmasada, bələdiyyə qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər, ümumi işə cüzi də olsa köməyi dəyə bilər. Ancaq bu məqamları əsaslı dəyişiklik kimi cəmiyyətə təqdim etmək yanlışlqıqdan başqa bir şey deyil. Yeni seçilmiş bələdiyyə üzvləri isə bu gün MM-dən daha geniş səlahiyyət və maliyyə istiqamətləri, habelə qanunvericilikdəki çoxsaylı boşluqların aradan qaldırılmasını gözləyir, desək yəqin ki, yanılmarıq.

Beləliklə, MM rəsmiləri qeyd edir ki, bələdiyyələrin parlamentdə hesabat verməsi onlara ayrılan vəsaitin qanunsuz məqsədlər üçün sərf olunmasının qarşısının alınmasında mühüm rol oynayacaq. Əgər söhbət dövlətin ayırdığı dotasiyadan gedirsə, qanunvericiliyə görə, bu proseslərə həm metodiki, həm maliyyə nəzarəti məhz Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir. Belə çıxmırmı ki, MM üzərinə daha bir səlahiyyəti götürür?

İkinci bir məqam: düzəlişə görə, “bələdiyyələrə inzibati nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim olunan bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara, Azərbaycan prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olması faktını müəyyən edən məhkəmənin qərarı qüvvəyə mindikdən 1 ay ərzində həmin aktların dəyişdirilməsi və ya ləğv edilməməsi faktı müəyyən edildikdə bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər”. Əgər biz bələdiyyələrin məsuliyyət yükünü artırmaq istəyiriksə onda onun səlahiyyət müddətini məhdudlaşdırmaqla vaxtından əvvəl buraxılması hökmən vacibdirmi? Və bu nə qədər ümumi işə səmərə verəcək? Prosesin həyata keçirilməsi əlavə vəsait tələb etməyəcək ki? Qeyd edək ki, bu məqamı MSK-nın işinin artırılması kimi də qəbul etmək olar. Düzəlişdə bələdiyyə üzlərinin üzərinə bu və ya digər formada məsuliyyət yükü qoymaq, həmçinin proseslə baglı hər hansı bir formada cərimə sanksiyasının tətbiqi, fikrimizcə yerinə düşərdi.

Üçüncü məqam: “Bələdiyyələrin iclaslarının azı 3 ay keçirilməməsi və ya 3 iclasında dalbadal bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirak etməməsi faktı müəyyən edildikdə də bələdiyyələr vaxtından əvvəl buraxıla bilərlər.” Bu duzəlişdə simvolik xarakter daşıyan düzəlişlər sırasına aid etmək olar. Belə ki, özünə hörmət edən bələdiyyə üzvü , fikrimizcə, belə addım atmaz. Atdığı halda bələdiyyəyə qarşı yenə də cərimə sanksiyasının tətbiqi məqsədəuyğun olardı. Düzəlişlərə diqqət yetirdikdə bələdiyyələrin buraxılması əsas “cəza” tədbiri kimi önə çəkilir. Lakin bu prosesin hansı formada həyata keçirməsi hələ ki, sual altında qalır. Belə hesab etmək olar ki, düzəlişlər tam və əhatəli şəkildə müzakirəyə çıxarılmamışdır.

Bəs biz sələhiyyət və maliyyə istiqamətlərinin olduğu halda, onu yerli orqanlara verməkdən niyə çətinlik çəkirik?

Bu gün media da MKIS adlandırdığımız qurumların bələdiyyələrə verilməsi müzakirə obyektinə çevrilib. Ancaq rəsmilər bu məsələdədə qəti qərar verməyə tələsmirlər. Bununla bağlı apardığımız araşdırmalardan bəlli olur ki, hazırda paytaxtda fəaliyyətdə olan mənzil kommunal xidmət sahələrinin bələdiyyələrin səlahiyyətinə aid edilməsi yerli orqanlara verilə biləcək ilk səlahiyyətlərdən olduğundan öncə paytaxtın mənzil kommunal xidmət sahələrinin vəziyyətinə toxunaq. Bu gün adı çəkilən sistemdə 11 rayon olmaqla 7000 nəfərdən artıq dalandar, 3000 nəfərə yaxın isə rəhbər vəzifəli şəxs çalışır. Nəzərə alsaq ki, dalandarların sayı “ölü canların” hesabına artırılma ehtimalı da az deyil. Maraqlı görünən odur ki, sistemdə dalandarların orta əməkhaqqı rəsmi 75-80 manatı, vəzifə maaşları isə 85-90 manatı keçmədiyi halda onda bu sistemdəki vəzifə sahiblərinin 70% 30 min manatlıq maşını necə əldə ediblər? Bizdə olan məlumata görə, Yasamal rayonunda əhalidən kommunal xidmət haqlarının yığım səviyyəsi il ərzində 230 min manata bərabərdir. Ümumi Baki üzrə isə bu rəqəmin 1,7 milyon manata bərabər olduğu deyilir. Dövlətin ayırdığı dotasiyaını da bura şamil etsək, onda yəqinki, son rəqəm xeyli artmış olacaq. Bu istiqamətdə apardığımız müşahidələr bir daha təsdiq edir ki, hazırda adıçəkilən sahədə çalışanların əsas məqsədi və “çörəyi” məhz paytaxda aparılan qanunsuz tikintilərdən çıxır. Rayon Mənzil Kommunal Birliklərində “süpürgə” əməliyyatları ilə xeyli miqdarda vəsait silindiyi, bu sahənin mərkəzləşdiyi barədədə mediada tez-tez məlumatlar yayılmaqdadır. Qeyd edək ki, Bakıda digər strukturların MKİS-ləri də daxil 200-ə yaxın “JEK” fəaliyyətdədir. Bu sahədə şəffalığın olmaması, çoxsaylı neqativ halların baş verməsi məhz adıçəkilən sahədə korrupsiya hallarının mövcudluğunu inkar etmir. Bunu bir sıra QHT-lərin keçirdiyi rəy sorguları da təsdiq edir. Demək belə nəticəyə gələ bilərik ki, qeyd olunan sahədə müəyyən maraqların olması bu sahənin bələdiyylələrə verilməsini əngəlləyir.
Göründüyü kimi, keçmiş sovet dönəmindən qalmış sistemdə artıq çürümələr başlayıb. Və bu prosesi saxlamaq mümkün deyil. Odur ki, vəziyyətdən çıxış yolu yalnız onun ləğvi və maddi texniki bazasının isə bələdiyyələr verilməsi daha düzgün addım ola bilərdi. Hər halda prosesə nəzarətin bələdiyyələrə verilməsini nəzərə almaqla struktur əsasında Səhmdar Cəmiyyət yatarmaqla tam təsərrüfat hesablı bir müəssisəyə çevirməkdə olar. Söz yox qeyd olunan hər iki təklif həm keçərli, həm də sahənin inkişafına səbəb olan amillərdəndir. Hər iki halda bu sistemdə çalışan dalandar nəticə etibari ilə 75-80 manat əməkhaqqı almayacaq.
Yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini nə qədər ləngitsək bu sistemin inkişafı da bir o qədər geri qalacaq. Bələdiyyə sisteminin dolayısı ilə inhisara alınması uğrunda mübarizə isə təəsüf ki davam etməkdədir.

Vüqar Tofiqli 

AVCİYA-nın eksperti