Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunub
Hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında Prezidentin Sərəncamı
Musa YAQUB: dost itkisinin nisgili…

İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edib.

Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.

IDEA İctimai Birliyinin Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov dünya liderləri tərəfindən Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsi ilə nəticələnən BMT-nin Dayanıqlı İnkişaf Sammitinin sentyabr ayında üç illiyinin tamam olacağını xatırladaraq, bu sənədin insanlar, planet və rifah naminə fəaliyyət planı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai birliyinin təsisçisi, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva Forumun açılış mərasimində çıxış edib.

Leyla Əliyeva planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi məqsədilə maarifləndirmə və fəaliyyətin təşviqi üçün ən mühüm gün olan Dünya Ətraf Mühit Gününü qeyd etmək üçün Forum iştirakçıları ilə birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim tədbirimiz bu günü qeyd etmək və ətraf mühitlə bağlı aktual məsələlər və dayanıqlı inkişaf barədə danışmaq üçün böyük imkandır”, – deyən IDEA-nın təsisçisi vurğulayıb ki, biz vaxtın ötüb getdiyini və hərəkətə keçmək üçün yeganə zamanın indiki zaman olduğunu yadda saxlamalıyıq.

“2015-ci ildə dünya liderləri bəşəriyyətin bütün mövcud çağırışlarının həllində irəli aparan ümumbəşəri yol olan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini təsdiqlədilər. Gündəlikdə 2030-cu ilədək nail olunması üçün 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi və 196 hədəf müəyyənləşdirilib. Azərbaycanda dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsini əlaqələndirmək məqsədilə 2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılarkən ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini ən yüksək səviyyədə nümayiş etdirdi. Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın bu 17 məqsədə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir. Sevinc hissilə qeyd edirəm ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş bir sıra layihələrdə bizim IDEA təşkilatımız BMT ilə uğurlu əməkdaşlıq edir. Bir çox birgə təşviqat tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı -FAO və UNICEF-lə tədbirlərin həyata keçirilməsi 2018-ci ilə planlaşdırılır. Əlbəttə ki, bu böyük forum bizim əməkdaşlığımızın nəticəsidir. Ümidvaram ki, bu, ətraf mühitə dair məsələlərlə bağlı məlumatlılığı artıracaq, qlobal məqsədlərə nail olmaq üçün gənclərin səylərini birləşdirməsinə kömək edəcək. 2030-cu il Gündəliyi əslində gənclər gündəliyidir. Çünki onun inkişaf etdirilməsi üçün əsas iştirakçılar gənclərdir”, – deyə Leyla Əliyeva bildirib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2016-cı ildə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını xatırladaraq, həmin vaxtdan bəri ölkə üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edildiyini, eyni zamanda, dövlət proqramları və strategiyalarının bu məqsədlərlə uzlaşdırılmasının həyata keçirildiyini söyləyib. Qeyd edib ki, ötən il Azərbaycanda “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə əlaqədar ilkin addımlar haqqında Könüllü Milli Hesabat hazırlanaraq Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilib. “Dayanıqlı inkişaf – gələcək nəsillərin imkanlarını təhlükə altına qoymadan indiki dövrün ehtiyaclarını təmin edən inkişafdır”, – deyən Muxtar Babayev bildirib ki, bu inkişafın ekoloji aspektləri okean və dəniz ehtiyatları, iqlim dəyişmələri, ətraf mühit, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik sahələrindəki məqsədləri əhatə edir. Buna nail olunması baxımından insan və təbiət arasında münasibətlərdə balansın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Burada dövlət və qeyri-hökumət təşkilatlarının, biznes qurumlarının, xüsusilə də gənclərin üzərinə böyük vəzifələr düşür. Ekologiya və təbii sərvətlər naziri bu məqsədlərin həyata keçirilməsində gənclərin rolunu vurğulayıb.

“Hər bir gənc potensial milli sərvətdir”, – deyən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin vəzifələrini icra edən Edvard Karvardin iqlim dəyişikliklərinin aradan qaldırılmasında gənclərin rolundan, ətraf mühitin qorunmasının təşviq edilməsinin vacibliyindən danışıb. Bu istiqamətdə Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, IDEA-nın gördüyü işlərin sırasına iyunun 9-da daha biri əlavə olunacaq. Belə ki, İctimai Birliyin təşəbbüsü ilə Bakı çimərliyində ənənəvi təmizlik aksiyası keçiriləcək. Ekosistemin gücləndirilməsində, “yaşıl təşəbbüs”lərin təşviqində, ətraf mühitin qorunmasında kollektiv və fərdi iştirakın dəstəklənməsi məsələlərinə toxunan Edvard Karvardin birgə səylər nəticəsində bir çox məsələlərin həllinin mümkünlüyünü söyləyib.

Sonra BMT baş katibinin Dünya Ətraf Mühit Günü münasibətilə videomüraciəti nümayiş olunub.

Panel iclaslarla davam edən forumda “İqlim dəyişikliyi: adaptasiya və təsirlərin azaldılmasında gənclərin rolu” mövzusu ətrafında müzakirələr aparılıb. FAO-nun iqlim və ətraf mühit bölməsinin təbii ehtiyatlar üzrə mütəxəssisi Alaşiya Qordes “Dayanıqlı inkişaf nəsli: dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyinin qorunması” mövzusu ilə bağlı fikirlərini bildirib. O, aclıqdan əziyyət çəkənlərin sayının artdığını təəssüflə qeyd edərək, bunun səbəblərini müharibə və iqlim dəyişikliyi ilə əlaqələndirib. Vurğulayıb ki, gənclər ərzaq təhlükəsizliyi məsələlərinin həllində daha fəal olmalıdırlar.

UNDP GEF Kür II Layihəsində baş texniki məsləhətçi və regional layihə koordinatoru Meri Mətyus “Su, iqlim dəyişikliyi və gələcəyimiz” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində bu Forum vasitəsilə gənclərə suallar ünvanlanır və məqsəd onları həmin suallara cavab tapmağa yönəltməkdir. Meri Mətyus içməli su qıtlığı, suya qənaət olunması ilə bağlı fikirlərini bölüşüb. O, su ehtiyatları ilə bağlı böyük çağırışlar olduğunu qeyd edərək, gəncləri bu problemlərdən çıxış yolu tapmağa çağırıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan gənclərinin iqlim dəyişikliyi ilə mübarizədə potensial rolundan danışıb. Gənclərin ölkəmizdə çoxluq təşkil etdiyini qeyd edən Fərid Cəfərov onların ətraf mühitin qorunması istiqamətində görə biləcəyi işlərə nəzər salıb, Gənclər Fondunun ekoloji layihələrin dəstəklənməsi ilə bağlı tədbirlərini diqqətə çatdırıb. Bildirib ki, fond bu sahədə iki istiqamət üzrə – gənclərin ekoloji maarifləndirilməsi və onların iştirakı ilə ekoloji problemlərin aradan qaldırılması istiqamətlərində fəaliyyət göstərir.

Forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, davamlı inkişaf bir-birinə bağlı üç təməl elementini – iqtisadiyyat, cəmiyyət və ətraf mühiti əhatə edir. 2030 Gündəliyi gənclərin gündəliyidir. Belə ki, dayanıqlı inkişaf anlayışı gələcək nəsillərin sərvətlərinə xələl gətirmədən hazırkı nəslin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, bu Gündəlik gəncləri inkişafın əsas aparıcı qüvvəsi kimi müəyyənləşdirib. Lakin bunun üçün onlara öz potensialını reallaşdırmaq imkanı yaradılmalıdır.

“Biomüxtəlifliyin qorunması: Azərbaycan üçün əhəmiyyəti nədir?” mövzusunda panel iclasın iştirakçıları flora və fauna növlərinin mühafizəsi üzrə səylərin vacibliyi və Azərbaycanda məhvolma təhlükəsi ilə qarşılaşan növlərlə bağlı vəziyyət haqqında danışıblar. Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov “Təbii dəyərlər. Azərbaycanda təbiəti mühafizənin tarixi və WWF-in töhfəsi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin biomüxtəliflik departamentinin baş məsləhətçisi Rəşad Allahverdiyev “Azərbaycanda xüsusi mühafizə edilən təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi üzrə səylər”, IDEA İctimai Birliyinin baş layihə koordinatoru Afaq Rizayeva “IDEA-nın Qafqaz regionunda biomüxtəlifliyin qorunması üzrə səyləri” mövzularında məruzələrlə çıxış ediblər.

“Davamlı enerji: insanları, iqtisadiyyatı və planeti transformasiya edərkən” mövzusunda panel iclasda Dünya Resurslar İnstitutunun (WRI) Dayanıqlı şəhərlər üzrə Türkiyə ofisinin səmərəli şəhər və iqlim bölməsinin rəhbəri Məltəm Bayraktarın “Enerji, cəmiyyət və davamlılıq”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasovun “Azərbaycanda bərpa olunan enerji mənbələri: nailiyyətlər və perspektivlər”, UNDP Azərbaycan, NAMA layihəsinin rəhbəri Nazim Məmmədovun “Binalarda enerji səmərəliliyi” mövzularında məruzələri dinlənilib.