Bakıda “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Dekabrın 10-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə (BMTM) “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla sülhün əldə edilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan 2020-ci ildən əvvəl də sülhün əldə edilməsi üçün çalışıb. “Bu problemin kökü 100 illər əvvələ dayanır. 2020-ci və 2023-cü illərdə Ermənistanın işğalı altında olan torpaqların azad edilməsindən sonra sülh üçün imkanlar yaranıb. Lakin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi ilə bağlı Ermənistanın mövqeyi qeyri-müəyyən olaraq qalır. Ermənistanın ali qanunu olan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizin Ermənistana sülh sazişi barədə təklif göndərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. O bildirib ki, Ermənistanla sülh sazişi barədə ABŞ-da, Rusiyada və Qazaxıstanda müzakirələr aparılıb.

Sülhün əldə edilməsindəki maneələrdən danışan E.Məmmədov qeyd edib ki, Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir. Digər bir problem isə müxalifətin mövqeyidir.

“Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib. Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Bu ölkə öz Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir. Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, – deyə nazir müavini vurğulayıb

ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov Ermənistanın delimitasiya prosesində iştirakının öz Konstitusiyasına zidd olduğunu qeyd edərək deyib: “Delimitasiya əsas vermir ki, sülh müqaviləsi imzalansa Ermənistan buna əməl edəcək. Ermənistan Konstitusiyasının preambulasında ərazi iddiaları çox güman ki, “fundamental qayda” kimi təsnif edilir. Sülh müqaviləsi isə öhdəliklərlə potensial ziddiyyətlər yaradır. Hazırda ərazi iddiaları çıxarılmayıb və Ermənistanın qanunvericiliyində mərkəz olaraq qalır”.

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə “Ermənistan Konstitusiyası və qanunlarında sülh müqaviləsinə maneələr” mövzusunda birinci paneldə Milli Məclisin deputatı Erkin Qədirli, ADA Universitetinin Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov və erməni ekspert Onnik Krikoryanın (“Zoom” vasitəsilə) çıxışları dinlənilib.

ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Sülh naminə konstitusiyaların dəyişdirilməsi – beynəlxalq təcrübələr” adlı ikinci paneldə isə Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp, Türkiyənin Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala, siyasi elmlər üzrə professor və Avropa Şurası tərəfindən dəstəklənən İctimai siyasət məktəbinin (Tereza Ana) direktoru Zidas Daskalovski Avropa təcrübələrini, xüsusilə İrlandiyanın və Şimali Makedoniyanın nümunəsindəki presedentləri nəzərdən keçiriblər.

AZƏRTAC