Bakıda Özbəkistanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

Vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 265 milyon dozadan çox vaksin vurulub
Vladimir Solovyov: Hiss edirdim ki, Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir
İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov rəsmi qəbulda iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Özbəkistanda həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açıb, bu islahatların ölkənin inkişafına xidmət etdiyini deyib.

Səfir vurğulayıb ki, Xəzəryanı ölkələrlə dostluq əlaqələrinin inkişaf etdirilməsi Özbəkistan üçün prioritetdir. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə önəm verdiyini qeyd edib. “Əməkdaşlığın inkişafında yeni mərhələnin şahidi oluruq. Sıx, etibarlı münasibətlərimiz dərin köklərə əsaslanır. Əminəm ki, əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirəcək. Münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq gələcəkdə daha da inkişaf edəcək”, – deyə səfir bildirib.

Rəsmi qəbulda çıxış edən Baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğulayıb. O bildirib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə zəmin yaradır.

Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının səmimi münasibətlərinin rolunu qeyd edən Novruz Məmmədov qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi sahədə əldə etdiyi uğurların, onun beynəlxalq aləmdə artan nüfuzunun bizi sevindirdiyini söyləyib. Baş nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu vurğulayıb.

Azərbaycanın öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən Baş nazir Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar, təhlükəsizlik, elm, təhsil, incəsənət gənclər və idman sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıyıq.

Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Novruz Məmmədov, bu baxımdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

Baş nazir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk.

Novruz Məmmədov ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.