Dekabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın Baş naziri Rusiyanı cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik edib, həmçinin 2025-ci ildə quruma sədrlikdə Tacikistana uğurlar arzulayıb.
Ə.Əsədov əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, nəqliyyat və humanitar sahələr, maliyyə və büdcə mövzuları üzrə 20-yə yaxın bəndin daxil olduğu iclasın gündəliyində duran məsələlərin əhəmiyyətinə diqqət çəkib.
Xüsusilə iclasın yekunu üzrə təsdiq olunacaq 2025-2026-cı illər üçün Humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının əhəmiyyəti qeyd edilib.
Vurğulanıb ki, 2025-ci ildə MDB çərçivəsində mühüm mədəniyyət və idman tədbirlərinin keçirilməsi planlaşdırılır və bunlara Azərbaycanda fəal hazırlıq gedir.
“Biz “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının bu il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Laçın şəhəri 2025-ci ildə Birliyin mədəniyyət paytaxtı elan edilib”, – deyə Ə.Əsədov bildirib.
Qeyd olunub ki, işğaldan azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. “Möhtəşəm təbiətə və çoxəsrlik tarixə malik şəhərdə həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş irimiqyaslı infrastruktur, sosial layihələr sürətlə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq iki mindən çox insan Laçın şəhərinə qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır”, – deyə Baş nazir əlavə edib.
Ə.Əsədov Birliyin idman paytaxtı elan edilmiş Gəncə şəhərində gələn il keçiriləcək III MDB Oyunları barədə məlumat verib.
İclas iştirakçılarının diqqəti, eyni zamanda, bu il Azərbaycanın siyasi həyatında baş verən mühüm hadisələrə yönəldilib.
“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib, bu isə tarixi hadisəyə çevrilib və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs vermələrinə imkan yaradıb”, – deyə Əli Əsədov bildirib.
Baş nazir bu yaxınlarda Bakıda başa çatmış COP29 iqlim konfransının nəticələrinə də toxunub. Diqqətə çatdırılıb ki, Konfransın yekunları üzrə mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsinin təqdim edilməsi, eləcə də İtki və Zərər Fondunun tətbiqi ilə bağlı qərarlar qəbul olunub.
Vurğulanıb ki, Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirib, bu da Azərbaycana qarşı genişmiqyaslı, əsassız kampaniyaya, hətta dünya ictimaiyyətinə belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq, Konfransın ən yüksək səviyyədə keçirilməsinə, mühüm nəticələrin əldə edilməsinə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olunmasına imkan verib.
Ə.Əsədov, həmçinin COP29 tədbirlərində fəal iştirak edən Rusiya Hökumətinin Sədri Mixail Mişustinə və MDB üzvü olan ölkələrin rəhbərliklərinə təşəkkür edib.
Sonda Ə.Əsədov MDB çərçivəsində konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçılarıtərəfindən bir sıra sənədlər imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva