Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Prezident İlham Əliyev BMT İnkişaf Proqramının rəhbərinin müavinini qəbul edib
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkındakı Uşaq festivalında olub
Prezident İlham Əliyev Bakı bulvarında yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 20-də italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Mario Raffaellinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki fəaliyyətini xatırladan Novruz Məmmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemin hələ də həllini tapmamasını təəssüflə qeyd edib. Baş nazir Novruz Məmmədov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb, məsələnin ədalətli həllinə beynəlxalq ictimaiyyətin diqqətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Mario Raffaelli “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olduğunu söyləyib. O, ölkəmizlə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu bildirib, 25 il sonra yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.