Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib

Şamaxıda qədim türklərə aid küplər tapıldı – İlk dəfə
Elxan Süleymanovdan seçicilərinə və uşaqlara Yeni il hədiyyəsi
Fazil Mustafanın yeni kitablarının təqdimat mərasimi keçirilib
Aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhər ərazisində ziyarət üçün qapalı olan abidələr üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi infotur təşkil edib.
AZƏRTAC xəbər verir ki, infotur Qoşa Qala meydanından başlayıb.
İnfotur zamanı idarənin elm və mədəni irsin tədqiqi və təşviqi sektorunun müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva İçərişəhərin qədim tarixi-mədənin abidələri haqqında məlumat verib. Gəzinti zamanı media nümayəndələri ziyarətçilərə qapalı olan Molla Əhməd məscidində olublar. Bildirilib ki, bir otaqdan ibarət olan məscid XIV əsrə aiddir. Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılıb.
Məhəmməd məscidi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, məscid Səlcuqlar dövründə tikilib. Azərbaycanda bu əsrə aid demək olar ki, məscid yoxdur. Məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən onun ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunduğunu göstərir.
Xalq etimologiyası dilində abidənin adı həm də “Sınıqqala” kimi hallanır. Bu qədim və möhtəşəm abidə I Pyotrun Bakıya kəşfiyyat üçün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün “Sınıqqala” adlanır.
İnfotur zamanı maraqlı tarixi abidələrdən olan Bakı Came məscidi haqqında danışan V.Quliyeva deyib: “Məscid 1899–cu ildə uçurulub və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilib. Məscid sovet dövründə xalça muzeyi olaraq fəaliyyət göstərib.
1990-cı illərdən məscid olaraq fəaliyyətini bərpa edən məscid 2008-ci ildə əsaslı təmir olunub”.
İçərişəhərdə yerləşən və XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid Qasımbəy hamamı barədə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova məlumat verib. Qeyd edib ki, yarımyeraltı tipli hamamlar qrupuna aiddir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də “Şirin hamam” adıyla tanınıb. Bu ad onunla əlaqəlidir ki, hamama gələn qonaqlara çayla yanaşı, müxtəlif şirniyyatlar da təklif edilirdi. 1970-ci ilin sоnlаrındа hamamda bərpa işləri аpаrılıb və bundan sonra abidə “Yаşıl aptek” kimi fəaliyyət göstərməyə başlayıb. Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilib. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılıb”, – deyə mərkəzin direktoru bildirib.

AZƏRTAC