Ekologiya və təbii sərvətlər naziri AmCham üzvlərini Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında ətraf mühitin vəziyyəti və görüləcək işlərlə tanış edib

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
“Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək
Azərbaycanda yeni medal təsis edilib

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvlərinin “Aylıq naharı” adlı görüşünün qonaq-spikeri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev olub.

AmCham Azərbaycandan AZƏRTAC-a bildirilib ki, palatanın icraçı direktoru Gülnarə Aslanbəyli Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində AmCham Azərbaycanın davamlı fəaliyyətini və bu istiqamətdə dövlət qurumları ilə qurulmuş səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Həmçinin Gülnara Aslanbəyli palataya qoşulmuş 12 yeni üzv şirkətlərini salamlayıb. Palatanın yeni üzvləri öz şirkətlərinin fəaliyyət istiqamətləri haqqında geniş təqdimatlarla çıxış ediblər.

“Aylıq naharın” qonağı olan nazir Muxtar Babayevi AmCham-ın bütün üzvlərini və qonaqlarını salamlayaraq, onlara öz təşəkkürünü bildirib. Muxtar Babayev “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında ətraf mühitin vəziyyəti və reabilitasiya planları” mövzusunda geniş təqdimatla çıxış edib. Nazir təqdimatında işğal nəticəsində regionun təbiətinə, biomüxtəlifliyinə və bütövlükdə ekosisteminə dəymiş ciddi ekoloji ziyanı, bu bölgənin ətraf mühitin deqradasiyası, ekoloji tarazlığın pozulması və təbii sərvətlərin amansız istismarı və daşınması kimi nəticələnmiş hallar barədə görüş iştirakçılarını məlumatlandırıb. Daha sonra nazir işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan (su, külək, günəş, termal) enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” / “Ağıllı kənd” konsepsiyasının yaradılması, “yaşıl kənd təsərrüfatı” konsepsiyasının tətbiqi, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması, meşə massivlərinin və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında ətraflı məlumat verib.

Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarının reabilitasiya planları çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Anlaşma Memorandumun imzalandığı da vurğulanıb. Bildirilib ki, Memorandum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ekosistemlərin və infrastrukturun, o cümlədən hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, ətraf mühitin monitorinqi məntəqələrinin yaradılması, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirlərin aparılması, su ehtiyatlarından səmərəli istifadə üçün su mənbələrinin qiymətləndirilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda nazir Muxtar Babayev iştirakçıların suallarını cavablandırıb.

Naharın sonunda AmCham Azərbaycanın icraçı direktoru Gülnarə Aslanbəyli nazirə və tədbirdə iştirak edən bütün iştirakçılara öz təşəkkürünü bildirib.

AmCham Azərbaycan üzvlərinin “Aylıq naharı” adlı görüşü hər ay palata tərəfindən təşkil olunur və yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri və AmCham üzv şirkətlərinin iştirakını özündə əks etdirir.

AZƏRTAC