Beynəlxalq Komissiyanın nümayəndələri itkin düşənlərin qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olublar

Azərbaycanda prezident seçkilərində təşviqat başa çatır və “sükut günü” elan olunur
Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb
Gürcüstanlı həmkarlarımız AZƏRTAC-ın kollektivini təbrik edirlər

Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru xanım Katrin Bomberger və ICMP-nin siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer aprelin 5-də Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə olublar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə məlumatlandırib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardakı qalıqların məhkəmə-tibbi maddi sübutlar şəklində “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin müvafiq şöbələrində qəbulu təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş qalıqların məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir.

Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası, qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilməsi vurğulanıb.

Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib.

Daha sonra ICMP-nin rəhbərliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus qalıqların məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olub, tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC