Bir nəslin xeyriyyəçilik missiyası

Vüsal Hüseynov: “Miqrasiya Məcəlləsinə böyük dəyişikliklər ediləcək”
“Baku Network” Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransında təmsil olunur
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Xeyirxah əməlləri ilə tanınıb dünyasını dəyişmiş insanlar daim xatirələrdə yaşayır, nəsillərə örnək olur və ehtiramla yad edilirlər. Belə el ağsaqqalı, işıqlı şəxsiyyət kimi xatırlananlardan biri də ömrünü xalqın yolunda şam kimi yandırmış Rəhim Məhəmməd oğlu Əfəndizadə olub.  

O,1862-ci ildə Göyçay qəzasının Qaraman kəndində, Şirvanın ziyalı şəxsiyyətlərindən sayılan Məhəmməd Əfəndinin ailəsində dünyaya gələndə adını Rəhim qoyublar ki, böyüyüb rəhimdil və xeyirxah olsun, insanlara əl tutsun. Elə bu ruhda tərbiyə alan Rəhim Əfəndizadə, sözün əsl mənasında, adını doğrulda bilib, tanınmış maarifçi, pedaqoq, ilahiyyatçı, din xadimi, xeyriyyəçi kimi dillərdə dastan olub.

Rəhimə qələm tutmağı, yazı yazmağı ərəb və fars dillərində mükəmməl mədrəsə təhsili almış Məhəmməd kişi özü öyrədib. Sonra ona məhəllə məktəbində Molla Cəbrayıl Əfəndi ciddi təlim keçib. Rəhim burada ərəb və fars dillərini öyrənərək Qurani-Kərimin müqəddəs ayələrinə yiyələnib. Mədrəsə təhsilini tamamlayıb və 1878-ci ildə Göyçayda ilk açılan yeni məktəbdə oxuyub. Burada isə müəllimi Hacı Əhməd Əfəndi ona rus, fars, ərəb dilləri, hesab və ana dili fənlərindən mükəmməl dərs keçib. 1883-cü ildə həmin məktəbin ilk məzunlarından olan gənc Rəhim təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasında oxumaq istəsə də, müəyyən səbəblər üzündən ora gedə bilməyib. Bundan sonra bir müddət öz kəndi Qaraman və Alpout kəndlərində müəllimlik edib, oxumağa həvəsli şagirdləri ətrafına toplayıb. Xeyriyyəçi kimi ilk işi də elə Alpoutda məktəb binasını inşa etdirməsi olub.

Sonra atasının xeyr-duası ilə türk tarixi və ədəbiyyatı ilə yaxından tanış olmaq, qabaqcıl din xadimləri ilə görüşmək üçün Türkiyəyə səfər edən Rəhim Əfəndi oradakı möhtəşəm məscidləri görür və geri qayıdarkən öz kəndində məscid tikdirmək qərarına gəlir. 1890-cı  ilin sonlarında Məkkə səfərinə yollanır. Peyğəmbərin müqəddəs şəhərini və məzarını ziyarət edir.

Hacı Rəhim Əfəndi 1891-ci ildə vətənə qayıdır. Elə bu vaxtdan da Qaramanda məscidin tikintisinə başlayır. Tezliklə gözəl ibadət evinin təntənəli açılışı olur.   Məscid tikməkdən bir məqsədi də orada kənd uşaqlarına ilahiyyatdan, əxlaqdan bilik vermək idi. O, həmçinin Qafqaz Təhsil İdarəsinin müsbət rəyi ilə Göyçayda müasir tipli ikisinifli məktəbin ilahiyyat müəllimi təyin edilir. Tanınmış pedaqoq, Qori seminariyasının məzunu Mahmud Mahmudbəyovla birlikdə bölgədə tədris prosesinin yenilənməsinə nail olur. Sonra pedaqoji fəaliyyəti genişlənən, nüfuzu artan Hacı Rəhim Əfəndi qəzanın Bığır kəndində “Rus–Azərbaycan” məktəbi yaradır, orada kitabxana təşkil edir, şagirdlərin sayını artırır. Yeri gəlmişkən, Bığırdakı məktəb binasında düz 101 il kənd uşaqları təhsil alıblar.    

Bəli, dövrünün maarifpərvər pedaqoqlarından olan Hacı Rəhim Əfəndi vətənpərvər xeyriyyəçi kimi Bığır, Alpout, Qaraman kəndlərində açdığı “Rus-Azərbaycan” məktəblərinə öz vəsaiti hesabına binalar tikdirmiş, ətraf kəndlərin uşaqlarını təhsilə cəlb etmişdir. 

Ünlü pedaqoq ana dili dərslərinin tədrisi, doğma dilində dərsliklər hazırlanması ilə də xüsusi məşğul olmuşdur. Hətta ana dilində tədris materialı əldə etmək üçün Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və digər əraziləri gəzərək xalqımızın etnoqrafiyasına, folkloruna aid çoxlu sayda material toplamış, bunlardan tədrisdə istifadə etmiş və ibtidai siniflər üçün dərslik hazırlamışdır. Bu dövrdə 2000 atalar sözünü toplayıb çap edən Göyçay müasir tipli ikisinifli məktəbin direktoru N.Kalaşov bu işdə ona yaxından kömək edən azərbaycanlı ziyalılar içərisində S.M.Qənizadə və M.Mahmudbəyovla yanaşı, Hacı Rəhim Əfəndinin də adını çəkmişdir.

1894-cü ildə Qafqaz Təhsil İdarəsi M.Mahmudbəyov və N.Kalaşovun müraciəti əsasında ali pedaqoji təhsili olmayan, ancaq təhsil sahəsində böyük xidmətlər göstərmiş Hacı Rəhim Əfəndiyə müstəsna hal kimi yüksəkrütbəli ibtidai sinif müəllimi hüququ verən rəsmi sənəd təqdim edib.

Onun binasını qoyduğu Bığır məktəbində fənlərin əksəriyyətini, o cümlədən rus dilini Hacı Rəhim Əfəndi özü tədris edirdi. Sonra doğma kəndi Qaramana qayıdaraq həm məscidin fəaliyyətini canlandırıb, həm də uşaqlara dünyəvi təhsil verib. Məsciddə təşkil olunan məktəbə gələnlərin sayı artdığına görə, sakinlərin köməyi ilə məktəb tikdirib. Eyni zamanda, qonşu kəndlərdən gələn uşaqların orada qalmasına da şərait yaradıb. Nəhayət,   rəsmi məktubla Bakı quberniyasına və Dağıstan məktəbləri direktorluğuna Qaramanda ayrıca ibtidai məktəb açılması ilə bağlı xahişinə müsbət cavab gəlib və beləliklə, Hacı Rəhim Əfəndinin təşəbbüsü ilə Göyçayda yeni tipli üçüncü məktəb fəaliyyətə başlayıb. Bu təhsil ocağı 2016-cı ildə nəvəsi Elxan Süleymanov tərəfindən yenidən inşa olunaraq Qaraman məktəblilərinə hədiyyə edilmişdir.

O, kənd əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə məktəbin ərazisinə daxil olan torpaq sahəsində şagirdlərin gücü ilə, əmək təlimi formasında baramaçılığı və arıçılığı inkişaf etdirib. Onun xeyirxah əməlləri təkcə Göyçayla məhdudlaşmayıb. Azərbaycan müəllimlərinin ilk 3 qurultayının təşkilatçılarından və iştirakçılarından olan Hacı Rəhim Əfəndi Maarif Komissiyasının tərkibində fəaliyyət göstərib, Təhsil Muzeyinin yaradılmasının təşəbbüskarı olub (Bütün bunlar barədə Göyçay ensiklopediyasında ətraflı məlumatlar var).   

Ömrünün çoxunu xalqın maariflənməsi yoluna sərf edən,“Nicat” cəmiyyətinin fəal üzvü kimi ümummilli tarixi hadisələrdən, xalqımızın müstəqillik mübarizəsindən də kənar qalmayan Hacı Rəhim Əfəndi rus-bolşevik-erməni daşnak birləşmələrinin Göyçay qəzasında vəhşiliklərinə qarşı xalqın səfərbər edilməsinə də çalışıb. Qafqaz İslam Ordusu əsgərlərinin Göyçay döyüşlərində üzləşdiyi problemlərinin həllində də fəal iştirak edib. Şamaxı və Ağsudan Göyçaya pənah gətirən köçkünlərdən qayğısını əsirgəməyib. 

Hacı Rəhim Əfəndi ömrünün 61-ci ilində haqqın dərgahına qovuşub. Övladlarından ­Abdulla, Əhməd, Ziya, Sirac Əfəndiyevlər müəllimlik sənətinə yiyələnərək, AXC dövründə və 20-30-cu illərdə savadsızlığın ləğvində, gənc nəslin təlim və tərbiyəsində mühüm rol oynayıblar. Böyük maarifpərvərin vaxtilə tikdirdiyi Qaraman kənd orta məktəbi hazırda onun adını daşıyır. Tikdirdiyi Qaraman məscidi nəvəsi Elxan Süleymanov tərəfindən yenidən bərpa edilərək fəaliyyət göstərir.

Bəli, mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçiliyin əsas motivi şəxsən özü üçün mənfəət güdmədən, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarətdir. Hacı Rəhim Əfəndi kimi.

***

Yuxarıda adını ehtiramla xatırladığımız Hacı Rəhim Əfəndinin xeyirxah əməllərini onun nəslinin bugünkü nümayəndələri layiqincə davam etdirirlər. Nəvəsi Elxan Süleymanov Qaraman kəndindəki Hacı Rəhim Əfəndi məscidini 1991-ci ildə yenidən əsaslı şəkildə bərpa etdirib. 1992–1998 illərdə Göyçay rayon məktəblərində təhsil alan 150-dən çox əlaçı şagirdi hər ay ödəmək şərti ilə təqaüdlə təmin etmişdir. Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis edərək onun prezidenti vəzifəsində fəaliyyətə başlamışdır. 20-yə yaxın QHT-ni, Heydər Əliyev İrsini Araşdırma Mərkəzini və mərkəzdə yaradılmış, 50 dildə fəaliyyət göstərən “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxanası birləşdirən bu assosiasiya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi, qondarma siyasi məhbus probleminin həlli və digər istiqamətlərdə bir çox beynəlxalq və respub. səviyyəli tədbirlər həyata keçirmiş və bu gün də uğurla fəaliyyət göstərməkdədir.

2010–2020-ci illərdə Şamaxının millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin, AŞPA-nın Monitorinq Komitəsinin, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin, Siyasi Məsələlər və Demokratiya Komitəsinin üzvü, 2010–15 illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Elxan Süleymanovun diplomatik-siyasi ­səyləri ­nəticəsində ölkəmizin mənafeyini əks etdirən bir çox sənədlər, o cümlədən  Sərsəng su anbarı ilə bağlı hazırladığı “Mülki insanları qəsdən sudan məhrumetmə” adlı sənəd əsasında AŞPA 2085 saylı qətnamə qəbul edib. Bu qətnamə ilə, bir tərəfdən beynəlxalq təşkilatın diqqəti baş verə biləcək böyük ekoloji fəlakətə yönəldilib, digər tərəfdən işğaldan sonrakı 25 il ərzində ilk dəfə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” müddəası nüfuzlu beynəlxalq təşkilatın rəsmi sənədində təsbitlənib.

Daim doğma el-obasının da qayğıları ilə yaşayır Elxan Süleymanov. Göyçay–Qaraman yolunun çəkilişi, əsası babası Hacı Rəhim Əfəndi tərəfindən qoyulmuş Qaraman kənd məktəbinin əsaslı bərpası, Hacı Rəhim Əfəndi məscidinin inşası, Göyçay şəhərində İsmət Qayıbovun, Əli Kərimin heykəllərinin ucaldılması, Şəhidlər xiyabanının salınması, orduya, şagird və tələbə gənclərə maddi yardım Elxan Süleymanovun xeyriyyəçilik fəaliyyətinin bir qismidir. Şamaxıda da məktəblərin maddi-texniki bazasının genişləndirilməsinə kömək göstərib, Azərbaycanın görkəmli şairi S.Ə.Şirvaninin qəbirüstü abidəsini əsaslı şəkildə yenidən qurdurub.   

Onun təşəbbüsü ilə 9 il “Sabir qiraət müsabiqəsi” keçirilmiş və 100-dən artıq qalib şagirdə aylıq təqaüd verilmişdir. Bundan başqa, 600-dən artıq bal toplamış 60-dan artıq tələbəni ali məktəbi bitirənə qədər hər ay təqaüdlə təmin etmişdir. 2015-ci ildə Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə “Şamaxı ensiklopediyası” nəşr edilib. Son dövrdə Göyçayın tarixinə və mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə aid “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri  (iyun–iyul 1918); “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”, “Göyçay tarixi” kitabları, “Göyçay ensiklopediyası” çap olunaraq ictimaiyyətə təqdim edilib.

Fəal ictimai xadim kimi Elxan Süleymanovun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, o, “Şöhrət” ordeni və Prezidentin Fəxri Diplomu ilə təltif edilib.

***

İyunun 21-də Göyçayın Qaraman kəndində Elxan Süleymanovun təşəbbüsü ilə, Göyçaydakı 57 məktəbin hər birindən bir əlaçı şagirdə 500 manat məbləğində Hacı Rəhim Əfəndi təqaüdlərinin verilməsi mərasimi keçirilib. Tədbiri filologiya elmləri doktoru, professor Asif Hacılı açaraq tanınmış nəslin xeyriyəçilik ənənələrinin layiqincə davam etdirildiyini bildirib. Elxan Süleymanov çıxışında təhsilə qayğı ənənəsinin yaşadılmasının vacibliyini önə çəkib və Ulu öndərin bu sahədə böyük nümunəsindən, Prezident İlham Əliyevin mədəniyyət, elm və təhsilə qayğısından konkret faktlarla söz açıb, Heydər Əliyev Fondunun mühüm layihələrini diqqətə çatdırıb. Babası Hacı Rəhim Əfəndinin xeyriyyəçilik fəaliyyətindən misallar çəkib.

Təhsildə fərqlənən Göyçay məktəblilərinə təqaüdlər və kitablar təqdim olunub. Sonra rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Türkiyədən gəlmiş qonaq Aydın Çavuşoğlu, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, “Göyçay” qəzetinin baş redaktoru Adil Məmmədov, təhsil sektorunun müdiri Rauf Məmmədov, əvvəllər Hacı Rəhim Əfəndi təqaüdünə layiq görülmüş həkim Fərqanə Qafarova və jurnalist Elşad Məmmədli çıxış edərək vətənpərvərlik təşəbbüsünü yüksək dəyərləndiriblər. 

Mərasimdə xüsusi qeyd olunub ki, gələn il bu tədbir Hacı Rəhim Əfəndinin vaxtilə ­tikdirdiyi Bığır kənd məktəbində ­keçiriləcəkdir.

İlqar HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Göyçay