Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib
İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib
Fransa radio və televiziyasında Qara Qarayevin əsərləri səsləndirilib

İyulun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

AZƏRTAC xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd etdi.

Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə – ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğuladı. Bildirdi ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, – deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğuladı, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırdı. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğuladı.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku salamlayaraq onu bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Ümidvar olduğunu bildirdi ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstəkləyəcək.

Azərbaycanın Birinci vitse-prezidenti deyib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.

Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini dedi və Şuranın işinə uğurlar arzuladı.

Rusiyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının sədri Vladimir Kolokoltsev Şuranın budəfəki iclasında bir çox vacib məsələlərin müzakirə olunacağını və mühüm qərarların qəbul ediləcəyini bildirdi. Vladimir Kolokoltsev birgə səylərin əhəmiyyətini vurğulayaraq qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırdı.