Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Goranboy rayonunda XI-XII əsrə aid feodal qəsrinin divarları və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.

Birinci vitse-prezidentə məlumat verildi ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.

Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.