“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib

Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür
Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
Türkiyə daxili polad magistrallarını Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirəcək

IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət aprelin 14-də sakinlərin istifadəsinə verilib. Yenilənmış növbəti həyət Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə, həmçinin heyvanların gəzdirilməsi üçün xüsusi meydança salınıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 500-ə yaxın ağac və kol əkilib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Lökbatan qəsəbəsində sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.