Azərbaycanda keçirilmiş prezident seçkiləri dünya mətbuatında

Ermənilər Xocavənddəki kilsələri saxtalaşdıraraq erməni kilsəsinin simvollarını, elementlərini əlavə ediblər
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
Koronavirus: Bütün dünyanın bağlı olması iqlim böhranına necə təsir göstərəcək? Yardım yoxsa maneə?

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri dünyanın müxtəlif ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “TRT World”, “A Haber”, “Ülke”, “Kanal 24”, “TV Net”, “Haber Türk” və digər televiziya kanalları seçkilərə hazırlıq işləri ilə bağlı silsilə reportajlar yayıb, səsvermə günü seçki məntəqələrindən canlı yayım ediblər. “FOX” televiziyası seçki məntəqələrində təkrar səsvermənin qarşısını almaq üçün seçicinin barmağının mürəkkəblə işarələnməsini nümunə kimi dəyərləndirib, Türkiyədə keçirilən seçkilərdə də bu metoddan istifadə olunmasının önəmini qeyd edib.

Bundan başqa, Türkiyənin Anadolu Agentliyi və digər xəbər portalları, bir sıra qəzetləri, o cümlədən “Axşam”, “Vətən”, “Milliyət”, “Sabah”, “Yeni Şəfəq” qəzetləri də seçkilərlə bağlı məqalələr dərc edib, prezidentlik postu uğrunda mübarizə aparan namizədlər, xüsusilə də İlham Əliyevin inamlı qələbəsi barədə məlumat veriblər. Məqalələrdə prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin Azərbaycan xalqına müraciətindən fikirlərə də yer verilib.

Yayılan reportajlarda və məqalələrdə seçkilərin yüksək səviyyədə təşkil olunduğu, səsvermənin azad və demokratik şəkildə, dinc, seçicilərin fəallığı şəraitində keçdiyi diqqətə çatdırılıb.

Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanın “Daily Times” və “Pakistan Observer”, Omanın “Oman Daily” qəzetlərinin, İranın İRNA, Bəhreynin “Bahrain News Agency” (BNA) informasiya agentliklərinin, İordaniyanın Dövlət Televiziyasının, “Petra”, “Ammun” agentliklərinin, “Əd-Dustur”, “Əl-Ray”, “Əl-Ğadd”, “Ammannyus” qəzetlərinin, Səudiyyə Ərəbistanının “Saudi Press Agency” (SPA) agentliyinin, “Əl-Cəzirə”, “Okaz”, “Əl-Mədinə”, “Əl-Yaum”, İsrailin “The Jerusalem Post”, Misirin “Əl-Əhram” qəzetlərinin, Əlcəzairin “Nahar TV” kanalının da diqqət mərkəzində olub.

Yayılan məqalələrdə və reportajlarda seçkilərlə bağlı ətraflı məlumat verilib. Səsvermənin gedişi, seçicilərin yüksək fəallığı, seçkilərin yerli və beynəlxalq təşkilatların, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izlənildiyi, Azərbaycan xalqının iradəsini əks etdirdiyi, demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyi diqqətə çatdırılıb. Ekspert rəylərinə də geniş yer verilmiş məqalələrdə seçki məntəqələrində veb-kameraların quraşdırıldığı, bunun da səsvermənin şəffaflığının təmininə böyük təsir göstərdiyi diqqətə çatdırılıb. Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərə əsaslandığı, seçki praktikasının təkmilləşdirildiyi qeyd edilib. Həmçinin səsvermənin ilkin nəticələri diqqətə çatdırılıb, xalqın bu nəticələri bayram etdiyi vurğulanıb. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində dərc olunmuş məqalədə azərbaycanlıların seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına ümumxalq səsverməsi kimi baxdıqları, buna görə də ona səs verdikləri qeyd olunub.

İtaliyanın “Agenzia Nova”, “ANSA”, “Agenzia Stampa Italia”, “Agenparl”, “L’Opinione”, “Il Messaggero”, “Report Difesa”, “Notizie Geopolitiche”, “Scenari-internazionali”, “Secolo-Trentino” və digər kütləvi informasiya vasitələrinin məlumatlarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin, jurnalistin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin inamlı qələbəsi dövlət başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasətə Azərbaycan xalqının verdiyi yüksək qiymətdir.

Rusiyanın TASS, “Ria Novosti” informasiya agentlikləri, Birinci televiziya kanalı, “Rossiya 24”, “NTV”, “Beşinci kanal”, “Mir” telekanalları, “Nezavisimaya qazeta” qəzeti, Qazaxıstanın “Egemen Qazaxıstan” dövlət qəzeti, “Inform.kz” beynəlxalq informasiya agentliyi, “Bnews.kz”, “Total.kz” portalları, Bolqarıstanın “Fokus” xəbər agentliyi, “Standart” qəzeti, Bolqarıstan Teleqraf Agentliyi, Özbəkistanın kun.uz, nargis.uz və galampir.uz portalları, Belarusun BELTA agentliyi, “Sovetskaya Belorussiya” qəzeti, Ukraynanın Ukrinform, UNİAN informasiya agentlikləri də prezident seçkilərini geniş işıqlandırıb. Məqalələrdə və reportajlarda yüksək seçici fəallığı ilə keçən seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbə qazandığı qeyd olunub. Bildirilib ki, insanlar seçki məntəqələrinə böyük ruh yüksəkliyi ilə gedərək sərbəst şəkildə iradələrini ifadə ediblər. Səsvermənin ilkin nəticələri elan olunan kimi insanların küçə və meydanlara axışdığı, ölkənin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, çoxlu sayda regional və beynəlxalq təşkilatın və KİV-lərin nümayəndələrinin seçkiləri sərbəst izlədiyi vurğulanıb.

Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük diqqət göstərib. Dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb təqdim ediblər. CCTV-nin reportajında vurğulanıb ki, İlham Əliyev bütün beynəlxalq diplomatik cəbhələrdə sözünü deyə bilən çox güclü və uzaqgörən liderdir.

Yaponiyanın Kyodo News, JİJİ PRESS və digər agentlikləri, “Sankey” və “Nikkey” qəzetləri seçkilərlə bağlı məlumatlarda İlham Əliyevin növbəti dəfə qələbə qazandığı oxucuların diqqətinə çatdırılıb.

Britaniyanın “Daily Mail” qəzetində dərc olunmuş məqalədə Azərbaycan vətəndaşlarının əksəriyyətinin prezident seçkilərində İlham Əliyevi dəstəklədiyi bildirilib.

“Euronews” kanalının yaydığı reportajda isə Azərbaycandakı seçkilərin həm ölkə, həm də region üçün əhəmiyyətindən bəhs olunub.