BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı türklərinin yaylaq və qışlaq gələnəyi”

Bitərəf deputatların MSK üzvlüyünə namizədlərinin siyahısı Milli Məclisə təqdim olunub
Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyası başa çatıb

“BORÇALI SÖHBƏTLƏRİ: AZƏRBAYCAN-GÜRCÜSTAN DOSTLUĞU”

Layihəmizin növbəti qonağıBorçalışünas alim, AMEA-nın aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, demoqraf-coğrafiyaşünas, Borçalı tarixinə, coğrafiyasına, mədəniyyətinə, Cənubi Qafqazda ermənilərin türklərə qarşı terror və qətliamlarına dair bir çox monoqrafik tədqiqatların, elmi məqalələrin, beşcildlik tarixi-coğrafi ensiklopedik  tədqiqatın müəllifi, Borçalı əsilli ziyalı Məmməd Sarvanlıdır (Sadıqov). Məmməd müəllimlə söhbətimizin mövzusu Borçalının qarapapaq-tərəkəmə elatının etnik mədəniyyətində, həyat tərzində mühüm yer tutan və qardaş Gürcüstanda bu vaxta qədər qorunub saxlanmış yaylaq və qışlaq gələnəyi, bunun tarixi, coğrafi arealı, təsərrüfat və mədəniyyət aspektləridir. Məmməd müəllimlə “Borçalı türklərinin yaylaq və qışlaq  gələnəyi” mövzusunda söhbəti təqdim edirik. 

“Borçalı türklərinin yaylaq və qışlaq  gələnəyi”  

Asif Hacılı. Hörmətli Məmməd müəllim, Borçalı söhbətlərini bu ərazinin coğrafi şəraitindən gələn və əhalinin mədəniyyətində, məişətində, güzəranında, təsərrüfatında mühüm rol oynayan, Sizin xüsusi tədqiq edib öyrəndiyiniz yaylaq-qışlaq gələnəyi ilə davam etdirmək istərdim. Ondan başlayım ki, tərəkəmə həyat tərzinin mühüm amillərindən olan bu anlayışın tarixi kökləri çox qədimdir və təxminən pratürk dövründən gəlir. Köçəbə təsərrüfatı və həyat tərzinin coğrafi arealı da çox genişdir və Altaylardan başlayaraq, fərqli formalarda Doğu Türküstan, Orta Asiya, Şimali Qafqaz, Ural-Volqaboyu, hətta Şərqi Sibir və Saxanı da əhatə edir. Əksər türk xalqlarında yayılmış bu gələnək Azərbaycan türklərində və xalqımızın ayrılmaz tərkib hissəsi olan  Borçalı türklərinin həyatında da mühüm yer tutur. Müxtəlif areallarda, o cümlədən Borçalıda bu gələnəyin geniş yayılması tarixi amillərlə yanaşı, ilk növbədə tarixi coğrafiya, təbii mühitlə müəyyənləşir. Hər bir etno-mədəni mühit kimi, Borçalı əhalisinin həyat tərzi və xarakteri də etnik mənşə və tarixlə yanaşı,  həm də bu mahalın özünəməxsus coğrafiyasından, füsunkar təbiətindən, rəngarəng ətraf mühitindən gəlir. Babakər, Ləlvər, Qaradağ, Yağlıca dağlarını, Barmaqsız, Ağbulaq, Başkeçid, Dağ Borçalı yaylalarını, Güllübağ, Ağqula, Ağkörpü, Mollaoğlu, Xocerin, Sadaxlı meşələrini, bol sulu Kür, Anaxatır, Əlgət çaylarını, Pərvanə, Gümüş, Armudlu kimi dumduru gölləri, gur bulaqları, gen düzənləri, dərin yarğanları, şiş təpələri əhatə edən bu bölgənin coğrafi rəngarəngliyi əhalinin həyat tərzinin, etnoqrafiyasının müxtəlifliyinə, çoxşaxəli təsərrüfatın formalaşmasına səbəb olub. Təbii şəraitə uyğun olaraq, qışlaq – yaylaq arasında tərəkəmə heyvandarlığı və selləmə suvarmaya əsaslanan əkinçilik əsas təsərrüfat növləri kim inkişaf edib. Bu bölgənin görkəmli tədqiqatçısı, peşəkar coğrafiyaşünas kimi söhbətimizə bu məsələnin ümumi cəhətlərindən başlamağınızı xahiş edərdim.

Məmməd Sarvanlı. Dəvətə və Borçalıya ayırdığınız diqqətə görə təşəkkür edirəm. Bəli, Asif müəllim, Borçalı türkləri, təbii ki, Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir, xalqımızın etnik tərkibində özünəməxsus yer tutan qarapapaq toplumudur. Bu toplumun yerli etnik-mədəni, etnoqrafik özəllikləri isə, ilk növbədə tarixi proseslərdən və həm də coğrafi şəraitdən gəlir. Bu bütün dövrlərdə və regionlarda belə olub. İnsan sivilizasiyasının erkən vaxtlarından, Mesopotamiya, Tibet, Qafqaz kimi regionlarda Fərat və Dəclə, Kür-Araz çaylarının ətraf ərazilərində heyvandarlıq, əkinçilik öz missiyasını dünyanın xəritəsinə həkk etmiş və təsərrüfatın bu istiqamətləri durmadan öz areallarını genişləndirməkdə davam eləmişdir. Bu baxımdan şübhə yoxdur ki, doğma Qafqaz diyarının bir sıra bölgələri də, o cümlədən Borçalı mahalı daxil olmaqla bu problemlərdən kənarda qalmamışdır. Tarixdən məlumdur ki, insanların yaşayıb yaratmasında ərzaq məhsullarının, o cümlədən heyvandarlıq məhsullarının rolu danılmazdır. Onun üçün heyvandarlığın inkişafı bu baxımdan əvəzsizdir. Borçalı mahalının ərazisi üç tərəfdən dağlar və təpələr, bir tərəfdən isə düzən və Ana Kür çayı ilə həmsərhəddir. Borçalı qışlaq və yaylaqları bu istiqamətdə çox mənzərəli olması ilə yanaşı həm də örüş, otlaq və biçənək baxımından da çox bərəkətli və keyfiyyətlidir. Bütün bu kompleks təbii ehtiyatların olması – Yaylaq və Qışlaqların tarixən inkişaf  etməsinə səbəb olmuşdur.

Asif Hacılı. Bu gələnəyin təkamülündə Borçalı ərazisinin təsərrüfat əhəmiyyətli fövqəl zənginliyi, bərəkəti, həm də bu mahalın yollar üstündə olması öz rolunu oynamış,  burada heyvandarlığın və əkinçiliyin inkişafını stimullaşdırmışdır.

Məmməd Sarvanlı. Bəli, təbii şərait və relyef baxımından füsunkar gözəlliyə malik olan Borçalının təkrarolunmaz təbiəti, qışlaq və yaylaqları, çəmən və çölləri, çay və gölləri, şəffaf bulaqları tarix boyu insanları özünə cəlb etmişdir. Bir-birinin davamı olan sıra dağların qoynunda neçə-neçə bulaqları, çayları, gölləri və yurd yerləri vardır ulu Borçalı türklərinin bu yerlərdə. Bir yanı Cəlaloğlu, bir yanı Homoret (Qomoret) – Başkeçid, arxasınca Zəlyə-Barmaqsız yaylası, Təvədöy, Nehrəm (Xram) çayının, «Qaranlıq dərəsi»nin davamı Sarvan dağlıq arası yaylası, Toxabir-Pərvanə dağətəyi düzənliyi və oradan da «Nayvəli» keçid qurşağının arxasında gizlənmiş Qızılhacılı, Qaraçalar yaylaqlarında salınmış yurdları misal göstərmək olar.

Asif Hacılı. Xalqımızın həyat tərzində və etnik mədəniyyətində mühüm yer tutan dağ anlayışı, yaylaq-qışlaq gələnəyi o qədər köklü məfhumdur ki, etnik yaddaş və psixologiyada, folklorda, etnopoetik dünya mənzərəsində və həm də təsərrüfat tərzində dərin iz buraxmışdır. Digər tərəfdən, yaylaq-qışlaqgələnəyi özü birmənalı olmamış, təbii mühitdən asılı olaraq diferensiallaşmış, müxtəlif məzmun, forma, funksionallıq qazanmış və coğrafi istiqamətlərə-marşrutlara görə şaxələnmişdir.

Məmməd Sarvanlı. Tamamilə doğrudur. Hələ Orta əsrlərin ortalarında Borçalı mahalının əhalisinin yay mövsümündə dağ köçü (yaylağa çıxmaq) mərasiminin üç forması yaranmış və dağlıq ərazilərə bu üç istiqamətdə çıxmışlar. Əhalinin bir hissəsi və ya bir qrup kəndlərin əhalisi Gümrü (Kirovakan) – Cəlaloğlu istiqamətdə yaylağa getmişlər: bu yerlərə əsasən Qarayazı bölgəsindən, Borçalı nahiyəsinin Qaçağan, Ağməmmədli, Sadaxlı, Gorarxı, Quşçu, Qaçımlı, Qaraçöp, Yor-Muğanlı nahiyəsinin və Çoruk Qəmərli  (Bolnis) nahiyəsinin Arıxlı, Kolayır, İmirhəsən, Saraclı, Kəpənəkçi və s. məntəqələrin əhalisi çıxardılar. Zəlyə-Barmaqsız-Ahılkələk yaylaqlarına isə bir qayda olaraq  Sığnax-Laqodex-Saqareconun bəzi kəndlərindən və Qarayazı bölgəsindən gələrdilər. Borçalı nahiyəsinin Sarvan, Qızılhacılı və  Ağbulaq nahiyəsinin Kosalar məntəqələrinin camaatı isə Sarvan-Toxabir-Pərvanə-Nayvəli yaylaqlarındakı binələrə qalxardılar.

Birinci qrup yaylaqlara əsasən Sarp dərəsi ilə Şamdüyə dağlıq massivi arasında olan yaylaqları, zümzüməli və diş  göynədən «Süddü bulağı», «Qırx göz», «Gül bulağı», «Sarı», «Qırmızı», Gödək  dağın ətəyində şirin və dadlı suyu olan «Nənəxatun» və «Pilləkənli» kompleks bulaqları qeyd etmək olar. Onların davamı olan Sənək uçan-Əyri qar bölgələrində olan bulaqları, Sarvan-Nayvəli-Qızılhacılı yaylaqlarında «Qırx bulağı», «Qızlar bulağı» «Nayvəli», «Qoşa bulağı», «Qotur bulağı», «Əlləz», «Məşdən», «Miki İsə» və Qızılhacılı, Qaracalar massivindəki bulaqları göstərmək olar ki, bu bulaqlar qədimdən çağlayıb – coşaraq bir qolda birləşib Nehrəm (Xram) çayının mənbəyini təşkil edirlər. Bu adları çəkilən yaylaqlar, bulaqlar və örüş-otlaq yerləri ta qədimdən indiki Sarvan, Qızılhacılı, Gorarxı, Qaçağan, Sadaxlı, Muğanlı, Qaraçöp, Qaracalar, Ağ Təhlə, Qara Təhlə, Kolagir,  Saraclı, Kəpənəkçi, Keşəli, Kosalı, Kosalar və sair kəndlərdən çıxmış xan, bəy, ağa və şeyxlərə məxsus olmuşdur.

Asif Hacılı. Çox maraqlı və mənə məhrəm olan bir məsələyə toxundunuz, Məmməd müəllim, Siz Sarvan şəhərini xüsusi araşdırmışsınız və bu barədə Sizə nə isə yeni bir söz söyləməz çətindir. Mən yalnız xatırlatmaq istərdim. Bütün Borçalıda olduğu kimi, artıq şəhər olan Sarvan əhalisi də tərəkəmə həyatının haqqında danışdığımız mühüm atributunu – təsərrüfat və istirahət əhəmiyyətli yaylaqları və köç gələnəyini qoruyub saxlamışlar. Borçalıda müəyyən kəndlərin öz yaylaq sahələri olduğu kimi, Sarvan əhalisi də ənənəvi yaylaq yerlərinə, Barmaqsız (Zalqa) mahalında, dediyiniz kimi, Sarvan-Toxabir-Pərvanə-Nayvəli yaylaqlarına, Dəlidağ çevrəsinə çıxmışdır. Bu ərazilər gur otlaqları, buz bulaqları ilə tanınır. Bərəkətli çəmənlik və şəfalı bulaqlarla, o cümlədən bizim Nayvəlilər (Hacıyevlər) nəslinin əcdadı, mənim  ulu babam Nayvəlinin adıyla bağlı bol sulu Nayvəli bulağı ilə tanınan və Sizin də dediyiniz kimi, Nyvəli yaylaları adlanan həmin ərazi bu gün də sarvanlıların sevimli yaylaq, istirahət və məclis yeridir. Nayvəli kişi dövrünün tanınmış adamı olub, məşhur yazıçı Abdulla Şaiqin atası, Talıblılar nəslindən Axund Mustafa ilə dostluq etmişdir. Sənədlərdən məlum olduğu kimi, rus və ərəb dillərini bilən Nayvəli çar hökumətinin vergi sistemində işləmiş, bu bulağın və ətrafındakı sahənin sahibi olmuşdur. Həmin ərazi öz səfası ilə həmişə borçalıları cəlb etmiş və bu gün də qonaq-qaralı yer kimi tanınır. Qeyd edək ki, Sarvan öz qonaqpərvərliyi, dadlı-duzlu, sazlı-sözlü məclisləri, müxtəlif xalqların mətbəxinin sintezi olan çeşidli və ləzzətli süfrəsi ilə məşhurdur. Ancaq yaylaqların süfrəsi bir qədər fərqlidir, şəhər həyatında müasir mətbəxdəki yeniliklərə və rəngarəngliyə baxmayaraq, əsl sarvanlılar üçün yaylaqdakı süfrənin şahı klassik tərəkəmə yeməkləri olan qurutlu xəngəl, sadə bozartma ilə qovurma və çoban kababı olaraq qalır. Təşəkkür edirəm ki, məni xəyalən ulu əcdadımın məskəninə və yurd xatirələrinə qaytardınız.

Məmməd Sarvanlı. Sağ olun, Asif müəllim, Nayvəli Sarvan əhlinin tanınan şəxslərindən olub və şadam ki, Siz də onun adını əziz tutursunuz. Yaylaq yurdlarının hamısında məşhur adamların, ağaların adını daşıyan və yaşadan onlarca binə, örüş, bulaq, yaylaq və qəbiristanlıqlar vardır. Belə yurd yerlərindən: Nayvəli ilə yanaşı, Ağalıq, Qaracallar, Sınqıl, Sarıməmmədli, Gülməmmədli, Məmmədxanlı, Məhəmmədlər, Məşədiavdı, Hasanuşağı, Xaccauşağı, Darğallı və başqalarını göstərmək olar. Təxminən 300-350 il bundan əvvəl bu yaylağa çıxan camaat 80-90 günlüyə gələrmiş. Ona görə də çox tez-tez yay mövsümündə yaylaqda qız və oğlan toyları keçirilərdi. Şübhəsiz ki, qəfildən dünyasını dəyişənlər və xəstələnənlər də olurdu. Odur ki,  belə olduqda cənazə heç vaxtı dağdan arana gətirilməzdi. Buna iqlim şəraiti də yol vermirdi. Elə dağçıların-yaylaqçıların iştirakı ilə yaylaq qəbiristanlıqlarında dəfn  edirlərmiş. Bu tip qəbiristanlıqlara hər bir yaylaq düşərgəsində ən azı 2-3 müxtəlif ərazilərdə rast gəlinir. Şübhəsiz, bu qəbiristanlığın çoxluğu yaylaqların qədimliyini  və uzunömürlülüyünü təsdiqləmiş olur.

Asif Hacılı. Belə qəbiristanlığın biri də Sarvan yaylaqlarındadır. Təəssüf ki, bu məzarlıqlar baxımsız və diqqətsiz qalıb. Tarixi yüz illərə gedib çıxan bu məzarlıqlardakı məzarüstü yazıların, burada yaşanmış tarixin öyrənilməsi milli tariximiz, Gürcüstan-Azərbaycan əlaqələri baxımından çox vacib və dəyərlidir.  Məmməd müəllim, lakin bu milli-tarixi dəyəri ilə yanaşı, yaylaqlar qədim  dövrdə və elə indi də ilk növbədə təsərrüfat əhəmiyyəti daşıyıb, xüsusən, Cənubi Qafqazın, o cümlədən Borçalının iqlim şəraitində heyvandarlığın əsas şərti olub.

Məmməd Sarvanlı. Çox maraqlıdır ki, hələ o dövrlərdə bu yerlərin ab-havası nəinki insan, hətta heyvanat aləmi üçün də çox sərfəli və effektli olmuşdur. Bunları hiss edən bir qrup Almaniya, İsveçrə və Avstriya fermerləri XVIII əsrin axırları – XIX əsrin əvvəllərindən başlayaraq Başkeçid yaylaqlarına pənah gətiriblərmiş. Bu fermerlər Çatax adlanan bir sahədə (Arıxlı camaatına məxsus) Azərbaycan türkləri ilə birlikdə yağ-pendir zavodları tikdirərək uzun müddət təsərrüfatın bu sahəsi ilə məşğul olub, böyük şöhrət qazanmışlar. Ümumiyyətlə, bu istehsalın bünövrəsini qoyan milliyyətcə alman olan «Fedir» (Fridrix) ləqəbli bir nəfər olmuşdur. Bu zavod keçən əsrin 50-ci illərinə kimi fəaliyyət göstərmişdir. Hal-hazırda onun dağılmış qalıqları hələ də ərazidə qalmaqdadır. Fedirin bu yağ-pendir zavodu «Süd» dağı adlanan bir çəmənlik ərazidə tikilmişdir. Çox güman ki, bu adı da Arıxlı qarapapaqları qoymuşlar. Bu yaylaqlarda bitən təbii yem bitkilərinin tərkibində çoxlu yağlı və şirəli maddə birləşmələri vardır. Burada yemlənən mal-qaradan gündə 2 dəfə  süd əldə edilirdi. Belə fermerlərdən biri də yenə milliyyətcə alman olan Kuçenbaxdır. O, Fridrixdən fərqli olaraq heyvandarlıqla yox, sənaye ilə məşğul olmuş, yeni tikinti materialı istehsal edən şüşə zavodu tikdirmişdir. O, bu zavodu Başkeçiddən bir az kənarda xammal ehtiyatı bol olan bir ərazidə tikdirdi. Bolnis bölgəsinin tərkibində olan Kəpənəkçi, Faxralı; Borçalı (Sarvan çevrəsi) bölgəsinin Dəmyə Gorarxı, Qaçağan, Sadaxlı; Qarayazı və onun sair məntəqələrinin camaatı bir qayda olaraq, Qaraxaçın-Dəli dağ zonasındakı yaylaqlara köç edərdilər.  Bu yerlərdə öz keyfiyyətinə görə fərqlənən «Sandıq», «Sayı», «Gur» bulaqları, o dövrdə  Qoşadağ massivinin bir sıra dərələri əhalinin diqqətini cəlb etmişdir. Hələ orta əsrlərdən şöhrət qazanmış «Qaranlıq dərə», «Çatax» və «Ağcalı» dərələri  füsunkar qaməti ilə əhalini özünə cəlb etmişdir. Çox maraqlıdır ki, yayın ən isti günlərində «Orta qılıc» dağ massivinin əyri formalı qalın qar layı  diqqəti daha çox cəlb edirdi. Uzun  illər bu qar layından camaat içməli su mənbəyi kimi də istifadə edərdilər

 Asif Hacılı. Məmməd müəllim, təsərrüfatın böyük rolunu qeyd etsək də, yaylaqların mənəvi dəyəri çox mühümdür. Bayaq toxunduğunuz kimi, Borçalı yaylaqlarında qədim qəbiristanlıqlar var, qədim yazılar var məzar daşlarında, qədim daş kitabələri, sanduqələr, daşdan yonulmuş fiqurlar var. Bunlar çox dərin keçmişlərə gedib çıxır. Eləcə də insanların xatirələri var, folklorumuz var, hərb tariximizlə, qaçaqlarımızla bağlı rəvayətlər var. Mən nənələrimin, anamın uşaqlığının ən şirin xatirələri kimi danışdığı yaylaq xatirələrini eşitmişəm. Bunlar bir elin elin-obanın mənəvi keçmişidir, canlı insani tarixidir.  Tiflisin Sənan dağı ilə bağlı dastanlarımızda, ədəbiyyatınızda nə qədər ülvi sətirlər var!? Tariximizə gəldikdə, Borçalıdan Ahıskaya doğru dağlar qoynunda Koroğlu adına nə qədər qalalarımız var!? “Koroğlu”da dağ nə qədər ülvi bir obrazdır, təkcə hərb məsələsi deyil, insan ideallarını, həyat eşqini, ülviyyəti, azadlığı bildirən rəmzdir. Xatırlatmaq istərdim “Koroğlu”dan bir bəndi:

Qarşı yatan qarlı dağlar,

Dağlar səndə qarım qaldı.

Əlim çatmaz, ünüm yetməz,

Dal-budaqda narım qaldı.

    Bütün bunlar, Məmməd müəllim, dağ məfhumu və yaylaq gələnəyinin türk etnik şüurunda və mədəniyyətində müstəsna əhəmiyyətini göstərir. Ancaq, təəssüf ki, nə tarixi, nə mədəni, nə sosial, nə mifoloji, nə filoloji baxımdan ya heç araşdırılmayıb, ya da yetərli öyrənilməyib. Haqqında danışdığımız tarixi qəbiristanlıqlar isə, mən bildiyim qədər indiyə kimi ümumiyyətlə öyrənilməyib, heç qeydə alınıb təsvir də edilməyib.

Məmməd Sarvanlı. Bəli, razıyam, belə tədqiqatlar yox səviyyəsindədir, həmin qəbiristanlıqlar, o cümlədən Sarvan yaylaqlarındakı böyük məzarlıq isə  çox qədim və tarixi baxımdan əhəmiyyətlidir. Dəlidağ yaylasının qədim qəbiristanlığında, Kəpənəkçi  kəndinin ağsaqqalı Mehdi ağa Hacallının söylədiyinə görə,  kəndin 25-26 yaşında rəhmətə getmiş gənc şairi, xüsusi fitri istedada malik olan şair Məmməd Namazov bu dağlar, dərələr və bulaqlar haqqında belə yazmışdır:

Çulğalayıb  dumanların,

Veribsən baş-başa dağlar.

Dəli dağın arxasından

Görünür o Qoşa dağlar.

Sandıq bulaq,  bir də Sayı

Dövran sürur bahar-yayı.

Gur bulağın yoxdur tayı,

Axır coşa-coşa dağlar.

Orta qılınc, bir də Çatax

Dümağ qardan salıb zolaq.

Günü keçər xoşa dağlar,

Görünür o Qoşa dağlar

Borçalı dağları, yaylaqları və ümumən Borçalı təbiəti, şübhəsiz ki, bu yuxarıda qeyd olunanlarla bitmir və bunlarla kifayətlənmək də olmaz! Bu mahalın minilliklərdən bizə miras qalan yüzlərlə, minlərlə bulaqları, yurd, binə, örüş, biçənək və qəbiristanlıqları vardır. Bunlara hər il cığır açan, yurd yerində ocaq qalayıb tüstü çıxaran, şəffaf bulaqlarından istifadə edənləri yenə də borçalılardır və borçalılar da olacaqdır…

Asif Hacılı. Məmməd müəllim, bu məqamda mən bizim Sarvan kökənli böyük ədibimiz Abdulla Şaiq yada salmaq istərdim.   Qarapapaq-tərəkəmə ruhunda yaylaq anlayışının məhrəm duyğu və detallarını Abdulla Şaiq “Köç” hekayəsində uşaq dili ilə gözəl təsvir edib. Sarvanın köklü sakinləri olan Abdulla Şaiqi və onun nəslini sarvanlılar bu gün də dərin hörmətlə anır. Görkəmli ədib Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziya Mustafa oğlu Talıbzadə – görkəmli dövlət xadimi, hərbçi, diplomat olmuş, Tiflis, Xorasan və Bağdadda yüksək dini savad almış, Naxçıvanın ilk hərbi komissarı işləmişdir. Bolşeviklərin məqsəd və məramını qəbul etməyən Yusif Ziya bu vəzifədən istefa verərək Orta Asiyaya gedib sovetlərə qarşı basmaçı hərəkatına qoşulmuş, bu hərəkatın komandanı Ənvər Paşanın müavini görəvində Qırmızı ordu ilə döyüşlərdə şəhid olmuşdur. Yusif Ziya Talıbzadənin adı sovet dövründə yasaqlanmış və son vaxtlara qədər ictimaiyyətə məlum olmamışdır. Bu nəslin əcdadı – Abdulla Şaiqin və Yusif Ziyanın atası, görkəmli alim akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadənin babası, Sarvanın Talıblılar nəslindən Axund Mustafa Axund Süleyman oğlu Zaqafqaziya Şeyxülislamının müavini, Qafqaz diyarının Qazisi və Şiə Ruhani idarəsinin üzvü olmuşdur. Əvvəldə qeyd etdiyim kimi, geniş torpaq sahələri və yaylaq yerləri, Sarvan dağlarında adına məşhur yaylaqlar və bulaq olan, dini savadlı, ərəb və rus dillərini yaxşı bilən, çar hökumətinin vergi sistemində işləmiş ulu babam Nayvəli Axund Mustafa ilə yaxın münasibətdə olmuşdur. Ata tərəfdən nənəm Mileyla Söyün qızının anası Yetər Cümbül qızı da Mustafalılar nəslindəndir, Abdulla Şaiqin qohumudur. Mileyla Söyün qızının ata tərəfdən nənəsi Molla Qızlarbəyim isə Sarvanın seyid nəslindən savadlı və bilikli xanım olub. Abdulla Şaiqin adını çəkdiyim “Köç” hekayəsindən maraqlı məqam aydınlaşır: yaylaq ona görə yaylaqdır ki, onun qışlağı var. Tərəkəmə həyatı da mahiyyətcə bu iki məkan arasında dövrandan ibarətdir. Ancaq qışlaqda qaldığı müddətdə də tərəkəmə-qarapapaq türkü dağlar, yaylaq həsrəti ilə yaşayır. Bu qışlaq anlayışı haqqında Sizin peşəkar fikrinizi bilmək maraqlı olardı.

Məmməd Sarvanlı. Ümumiyyətlə, yaylaqların bünövrəsi qışlaqlardan bəhrələnmişdir. Məlumdur ki, borçalıların arançıları yaylağa qalxmazdan əvvəl öz qışlaqlarında hazırlıq işləri görərlərmiş. Təxminən aprel ayının 15-20-sində səfərə- yaylağa çıxma mərasimini təntənəli surətdə həyata keçirərdilər. Bu vaxt hər təsərrüfat sahibi, indiki terminlə, fermer, öz təsərrüfatında olan mal-qaranı, ilxını, qoyun-keçini xəstəliklərə qarşı müayinə edib, onların yununu qırxarlarmış

Bu əməliyyatlar həyata keçdikdən sonra yaylağa köç edərlərmiş. Təxminən 3-5 gün yol qət etdikdən sonra yaylağa – mənzil başına çatarlarmış. Yaylaqda, yurd yerlərində və binələrdə təmir, bərpa işləri, dəyələrin qurulması, kürə, fırın və ocaq yerlərinin hazırlanması, təmizlik üçün yuyunma yeri, qəbiristanlığın ətrafında səliqə-sahmanın aparılması  və s. kimi mədəni-məişət və iaşə sahələrinin bərpası ilə məşğul olardılar. Qeyd edilməlidir ki, bu mərasimlərin fəsli olaraq qeyd edilməsi, borçalıların ən qədim dövrdən nəyə qadir olduğunu bir daha sübuta yetirmiş olur. Elə bunun nəticəsidir ki, bu Borçalı yurd yerlərindən qəhrəman atlılar dəstəsi meydana gəlmiş və bir tərəfi Ərəbistan, digər tərəfi Mərkəzi Asiya ölkələrinə  Borçalıya ad-san qazandırmışlar.

Asif Hacılı. Bəli, bu baxımdan Mehralı Bəyi, Emin ağa Acalovu, Halay Bəyi, İsmayıl Bəyi, Yadigarovlar, Mursaqulovlar sülalələrini xatırlamaq olar.  Qayıdaq mövzumuza, belə çıxır ki, qışlaq özü də xüsusi bir həlqədir və həm təsərrüfat, həm mədəniyyət, həm də məişət baxımından eyni dərəcədə əhəmiyyətli yeri var. Yaylaq-qışlaq gələnəyi Ahıska türklərində də var və qış mövsümündə uzun və yeknəsəq qış axşamlarını «yığnax», «sıra türküsü», «sıra oyunu», «sıra masalı», «fincan-yüzük», «süpürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecələri süsləmişlər. Ahıskada ən gözəl el adətlərindən biri də «yığnax» olmuşdur. – Yazda, hava isinəndə yaxın kəndlərin sakinləri toplaşıb bir aylıq dağa «tamaşaya çıxardılar», çalğı çalınar, cəng tutular, el-oba şənlənərdi, qışın süstlüyünü dəf edərdi. Da­ğa mayın 7-dən, Comuşqıran fırtınası deyilən sürədən sonra çıxar, bir aya qədər qa­lıb, biçin vaxtı kəndlərə enərdilər. Ən səfalı «yığnax» yerləri Persat, Xoroz, Abastuman yaylaqları imiş. Şadam ki, bizim günlərdə Borçalı əhalisi yeni bir adətin, mərasimin əsasını qoyub, hər kənd yayda elliklə yaylaqlara qalxır, el şənliyi keçirir, qəribsəmiş yaylaqları şenləndirir. Sevindirici haldır ki, hətta Bakıdan, Tiflisdən, Rusiyadan, Türkiyədən də eloğlular və qonaqlar gəlib bu şənliyə qatılır. Bu şənliklər həmin yaşayış məntəqəsinin yurd bayramı kimi keçirilir. Deyək ki, Sarvan əhalisinin hər yay avqustun birində keçirilən bu şöləni rəsmən “Sarvanoba” adlanır. Ancaq bununla bərabər, deməliyik ki, elat həyatında  ilin çox hissəsi aranda, qışlaqda keçir və qışlaq həyatı el-obanın həyatında mühüm rol oynayır.

Məmməd Sarvanlı. Elədir və buna görə də, istər bütöv Borçalı və istərsə də Sarvan camaatının yaylaq yerləri ilə yanaşı qışlaqları da diqqət mərkəzində olmuşdur. Sarvanın qışlaqları rayon mərkəzindən 3-5 km kənarda «Yağlıca» adlanan massivin indiki Rustavi ilə Marneuli şəhərlərinin ərazisində yerləşmişdir. 1990-cı ildən bu təsərrüfat sahələri birdəfəlik dağıdılmış, yerində isə 5-6 inzibati rayonun əhalisini un ərzaq məhsulu ilə təmin edən respublika tabeli «elevator» (un üyüdən mexanikləşdirilmiş dəyirman) quraşdırılmışdır. Bu da Elata olan hörmət… Bu hadisə buranın nəinki ənənəvi mədəni-mənəvi dəyərini, həm də təsərrüfat əhəmiyyətinin anlamamağın nəticəsi idi. Adlarını qeyd etdiyimiz yaşayış məntəqələrinin əksəriyyətinin «Yağlıca» massivində «Qızıl daş» ərazisində və «Qırmızı körpü» Kür çayı ətrafında qışlaqları var idi. Hazırda  Kür çayının Azərbaycana aid sahillərində bu tipli qışlaqlar fəaliyyət göstərir. Misal üçün Kür çayının sol sahilində Tovuzun Xatınlı kəndinə məxsus olan qışlaq, binə və yataq ərazilərini qeyd etmək olar. Bu tipli qışlaq-yataq yerlərinə Tovuz, Ağstafa və Qazax rayonlarının ərazilərində rast gəlmək mümkündür. Məhz yaylaqlara da hərəkət istiqaməti yalnız və yalnız adları çəkilən qışlaqlardan başlayır.

Asif Hacılı. Məmməd müəllim, vacib bir məsələyə toxundunuz. Sovet dövlətində, o cümlədən Gürcüstanda bu məsələ sovet idarəçiliyinin fəsadı idi və müxtəlif formalarda bütün sovetlər birliyində, o cümlədən Rusiyada ənənəvi təsərrüfat növlərinə, yaşayış yerlərinə çox vaxt etinasız baxılır, böyük sahələr su anbarlarının altında qalır, məhv olurdu. Bu məsələ hətta bir çox rus yazıçılarının əsərlərində ürək ağrısı ilə milli fəlakət kimi təsvir olunub.  Ancaq Borçalı ilə bağlı ən faciəli məqam, məncə, sovet hakimiyyətini ilk ilində mənfur erməni millətçilərinin, bolşevik cildinə girmiş erməni şövinis-terrorçu qüvvələrinin məkrli oyunları nəticəsində Dağ Borçalının Gürcüstandan alınıb Ermənistana verilməsi olub. 1921-ci ildə boışeviklər tərəfindən Borçalının iki hissəyə parçalanması və Dağ Borçalı adlanan cənub hissəsinin Ermənistana verilməsi borçalıların tarixi taleyinə, güzaranına və təsərrüfatına, eləcə də Gürcüstanın dövlətçiliyinə və iqtisadiyyatına  ağır zərbə vurub. Qaraxaç (indiki Cavaxet) və Ağlağan (indiki Bazum) dağ silsilələri boyu yerləşən Loru-Pəmbək, Cəlaloğlu, Ağbaba (Amasya), Allahverdi, Kalinino, Abaran (indiki Noyamberyan) kimi yeraltı və yerüstü sərvətləri ilə zəngin mahallardan ibarət Dağ Borçalının tarixi ərazilərinin bolşeviklər tərəfindən ermənilərə verilməsi ilə, xalqımıza qarşı müdhiş cinayət törədilib. Borçalının dağlıq hissəsinin Azərbaycan torpaqlarında yaradılmış  qondarma Ermənistan dövlətinə verilməsi milli-mənəvi, tarixi-siyasi faciə oldu, xalqın ənənəvi həyat tərzinə, insani əlaqələrə, iqtisadiyyata, demoqrafiyaya, xalqın bütöv orqanizm kimi yaşamına sağalmaz zərbə vurdu. Dağ Borçalı Ermənistana verildikdən sonra qarapapaq türklərinin xeyli hissəsi Osmanlıya köçdü. Dağ Borçalının ermənilərə verilməsi ilə qırılan, məhv edilən Aran və Yaylaq arasında tarixi əlaqələr isə çox dərin və həyati dərəcədə əhəmiyyətli idi. Bəzi kəndlər hətta iki hissəyə ayrılaraq biri yaylaqda, digəri qışlaqda yerləşmişdi. Məsələn, hazırda Marneuli rayonunun inzibati mərkəzi olan Marneuli şəhəri, keçmiş Sarvan kəndi də belə cüt quruluşa malikdir. Abdulla Şaiqin vəsf etdiyi köç yollarında, sarvanlıların yaylaq yeri olan Barmaqsızda, Sarvan kəndinin əkizi olan Dağ Sarvanı yerləşir. Yəni aran-dağ həyat tərzinə uyğun olaraq, Sarvan cüt kəndlər quruluşu ilə formalaşıb – Aran Sarvanı (Marneuli şəhəri) və Barmaqsız (Zalqa) rayonunda Ərcivan Sarvanı (Dağ Sarvanı) mövcuddur. Eyni adlı sakrebulonun inzibati mərkəzi olan Ərcivan Sarvanının 300 il əvvəl Aran Sarvandan yaylağa gedənlər tərəfindən salındığı deyilir. Aran və Dağ Borçalısı arasında tarixən izlənən sıx mənəvi-insani və təsərrüfat bağlılığı olub, dağlıq və aran kəndləri arasında dərin insani əlaqələr izlənib. Lakin Dağ Borçalının ermənilərə verilməsi bu əlaqələri qırmış, xalqın mənəvi-maddi birliyini sarsıtmışdır.

Məmməd Sarvanlı. Asif müəllim, Dağ Borçalı Qərbi Azərbaycanın ən böyük bölgələrindəndir və böyük təbii sərvətə, təsərrüfata sahib olub. Bu ərazini ermənilər yalnız intriqalar vasitəsilə, əvvəl çar hakimiyyəti, sonra isə bolşeviklərlə apardıqları siyasi oyunlar sayəsində ələ keçiriblər. Bu gün bu torpaqları unutmamalıyıq, gənclərə, uşaqlara Qərbi Azərbaycanla bağlı vətən sevgisini aşılamalıyıq. Həmin yerlər bizim bir çox nəsillərin formalaşdığı, insanlarımızın yaşadığı və vətən deyə bu gün də həsrətini çəkdiyi tarixi məskənlərimizdir.   

Asif Hacılı. Məmməd müəllim, tarixi yurdlarımıza bağlı bu insani bağlılıq çox mühümdür və yeni nəsillərə də bu hiss ötürülməlidir. Mən bu iki bölgə, Dağ və Aran Borçalı arasında insani əlaqələr barədə öz ailəmizlə bağlı bir nümunə çəkmək istərdim. Atamın söhbətlərindən yaxşı xatırlayıram və bilirəm ki, həmişə Sarvanda yaşamış babam Məhəmməd Hacı oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, görkəmli dilçi alim, publisist, Qərbi Azərbaycanın Amasya rayonunun Ellərkənd kəndində anadan olmuş Buludxan Xəlilovun babası ilə yaxın dost olublar və aralarında ailəliklə gediş-gəliş olub. Bu ailələrin nümayəndələri Bakıya köçdükdən sonra da səmimi dostluq duyğuları qalmışdır. Lakin iki bölgə əhalisinin bu kimi insani əlaqələri və təsərrüfat əməkdaşlığı uzun çəkməyib. Bolşeviklər torpaqlarımızın əlimizdən alınması ilə kifayətlənməyərək, türklərə qarşı 1944-cü ildə növbəti cinayətin törədilməsinə nail oldular – Krım, qaraçay, balkar, Ahıska türkləri ilə bərabər 1944-cü ildə Dağ və Aran Borçalının türk əhalisinin, eləcə də Azərbaycan Sovet Respublikası vətəndaşlarının da xeyli hissəsi Orta Asiyaya sürgün edilir. XX yüzilliyin sonlarında isə Dağ Borçalıda, bütövlükdə Qərbi Azərbaycandakı mahallarımızda qalmış soydaşlarımız hamılıqla yurdlarından çıxarılır. Bu cinayətə hələ də beynəlxalq aləm hüquqi qiymət verməyib. Qeyd edim ki, bu yaxınlarda Tovuz sınırlarında ölkəmizə qarşı silahlı təcavüz törədilən, qondarma Tavuş adı verilmiş, Dilican yörəsindəki ərazi də erməni əsarətində olan tarixi yurdumuz Dağ Borçalının bir hissəsidir. Bu məqamla bağlı istedadlı alim, tərcüməçi, şair, rəhmətlik Arif Abdullazadənin fəhmlə söylədiyi sətirlər yadıma düşür:

Torpağımız həmsərhəddi torpağımızla,

Torpağımız həm də səddi torpağımıza,

Torpağımız həm də dərddi torpağımıza,

Qoca dünya özbaşına fırlanır hələ… 

Erməni təxribatı Gürcüstanda bu gün də davam etməkdədir. Samsxe-Cavaxetdə separatçılıq yayılıb, hətta Borçalının yaylaq yerləri olan Barmaqsız (Zalqa) ərazisində də ermənilər demoqrafik üstünlüyə can atır, torpaqları, evləri ələ keçirməyə çalışır, xalqlararası münasibətlərdə gərginlik yaradırlar. 1990-cı illərin əvvəllərində ermənilər Abxaziyada terrorçu Baqramyan batalyonu yaradaraq gürcülərə qarşı əsl soyqırımı törətmişlər. Ermənilərdən fərqli olaraq, Borçalı türkləri Gürcüstanda yaşayan bütün xalqlarla dostluq və əməkdaşlıq şəraitində yaşayır, Gürcüstanın ərazi bütövlüyü uğrunda dövlətin ordusunda döyüşür və qəhrəmanlıqlar göstərir, bu gün də vətənləri hesab etdikləri bu ölkənin inkişafına öz töhfələrini verirlər.  Bizim yaylaqlar da yalnız təbiət baxımından deyil, etnik-mədəni məkan kimi də zəngin mənəvi aləm, Azərbaycan və gürcü xalqlarının dostluq məkanıdır.  Barmaqsız (Zalqa) rayonu müxtəlif xalqların yaşadığı dağlıq ərazi olduğundan burada bir çox etnik, etnoqrafik, mədəni, dil özəlliklər qorunub saxlanıb. Burada gürcülər, Azərbaycan türkləri, ayrım, aysor, molokan, alman, berzenlər tarixən sülh və anlaşma şəraitində yaşamışlar və bu gün yaşamaqda davam edirlər. Türkcə danışan, əksərən özünü yunan hesab edən xristian (ortodoks) toplumu olan berzenlərin (urumlar) əksər hissəsi 1990-cı illərdəki ağır iqtisadi vəziyyət zamanı Yunanıstana köçüb və onların mülklərinin çox hissəsini beynəlxalq erməni mafiyasının və kilsəsinin maliyyələşdirdiyi ermənilər kələkbazlıqla və insafsızcasına çox ucuz qiymətə alıblar.  

Məmməd Sarvanlı. Mən də bu məsələni eşitmişəm, ancaq bu ərazilərin ermənilərə heç vaxt heç bir aidliyi olmayıb, onlar bura sonradan gəlib yerləşiblər və indi də iddia edirlər. Bu onların tarixi xislətidir və yəqin ki, Ordumuzun şanlı Qarabağ zəfərindən sonra Gürcüstandakı erməni separatçıları da öz yerlərini biləcək və Gürcüstanda da erməni separatçılığı təhlükəsi səngiyəcək.  

Asif Hacılı. Bəli, Azərbaycanla Gürcüstanın əməkdaşlığı, dostluğu hər iki ölkənin inkişafına, güclənməsinə və dövlətçiliyə qarşı təhlükələri dəf etmələrinə şərait yaradı. Ancaq təəssüflə bildirməliyik ki, ermənilik xisləti, bu ölkədəki xaotik vəziyyət müəyyən mənada bütövlükdə Qafqaz üçün təhlükə olaraq qalmaqdadır. Ancaq onların Azərbaycana qarşı son təxribatı, silahlı hücumu Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə layiqincə alındı, erməni ordusu darmadağın edildi. Ermənistan təslim sənədini imzaladı və otuz il işğal altında qalmış əzəli torpaqlarımız azad edildi. Borçalılar bu Vətən savaşında Azərbaycan Ordusunun sıralarında ləyaqətlə döyüşdü. Gürcü xalqı və rəsmiləri isə bizi dəstəklədi. Bu dostluğumuzun əbədi olacağına əminəm. Qəhrəman Azərbaycan Ordusunun bu möhtəşəm qələbəsinin Gürcüstanın da mənfur erməni separatizmindən qurtulmasında, bu ölkədə yaşayan soydaşlarımızın öz ata-baba yurdlarında bundan sonra da firavan yaşamasında müsbət rol oynayacağı şübhəsizdir. Bunun üçün eloğlularımız adından Azərbaycan Ordusuna, Ali Baş Komandanımıza təşəkkürümüzü bildirməyi özümüzə borc bilirəm. Yaşasın Azərbaycan və gürcü xalqları, yaşasın Azərbaycan və Gürcüstan dostluğu!