Borçalıda təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər

Oktyabrın 2-si Beynəlxalq Qeyri-Zorakılıq Günüdür
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı yeni layihəsinin icrası davam edir. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin əsas məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.
AVCİYA-nın vitse-prezidenti, Borçalı əsilli tədqiqatçı, professor Asif Hacılı tərəfindən icra olunan Layihə çərçivəsində növbəti qonağımız iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD), Gürcüstanın tanınmış ictimaiyyətçisi, “SOCAR Energy Georgia” şirkətinin əməkdaşı  Aygül İsayevadır. Professor Asif Hacılının Aygül xanımla söhbəti Borçalıda milli təhsilə həsr edilib.  Söhbətə keçməzdən əvvəl Aygül xanımın tərcümeyi halını təqdim edirik.
 
Aygül İsayeva 17 oktyabr 1985-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Kosalı kənd orta məktəbini əla qiymətlərlə bitirərək, məktəbin ilk “Fəxri şagirdi” olmuşdur. 2002-2006-cı illərdə Bakıda – Xəzər Universitetində bakalavr təhsili alan A.İsayeva Beynəlxalq İqtisadi Əlaqələr üzrə 4 illik proqramı vaxtından əvvəl, 3 il yarıma Fərqlənmə diplomu ilə bitirmişdir. Bir sıra nüfuzlu jurnallarda məqalələrlə çıxış edən A.İsayeva hələ bakalavr pilləsində təhsil aldığı müddətdə Xəzər Universitetində Peşə və İnkişaf Mərkəzində koordinator vəzifəsində çalışmışdır. Bakalavr dərəcəsinə yiyələndikdən sonra Norveçin Xarici İşlər Nazirliyi tərəfindən təqaüd proqramını qazanmışdır. Norveç hökumətinin xüsusi Qafqaz proqramı üzrə seçim turlarında qalib gələn 2 nəfər namizəddən biri olmuş və 2006-2008-ci illərdə Oslo şəhərində yerləşən Norveç Biznes İnstitutunda Biznes və İqtisadiyyat proqramı üzrə magistr təhsili almışdır. Norveçdən Azərbaycana qayıtdıqdan sonra Xəzər Universitetində rektorun Beynəlxalq Əlaqələr və Layihələr üzrə müavini işləmiş, eləcə də pedaqoji fəaliyyət göstərmiş, İqtisadiyyat və Menecment fakültəsində bir sıra fənləri tədris etmişdir. 2010-cu ildə Bakıda Azərbaycan Marketinq Cəmiyyətində İcraçı Direktor vəzifəsində, 2011-ci ildən bu günə kimi isə Tbilisidə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyində çalışır. 2011-ci ildə Tbilisidə yerləşən Beynəlxalq Qara Dəniz Universitetində Biznes və Menecment fakültəsində bir sıra fənlərdən dərs demək üçün dəvət almışdır və həmçinin magistr tələbələrin elmi rəhbəri olmuşdur. Doktoranturanı başa vurduqdan sonra isə doktorant (PhD) tələbələrin dissertasiya işləri ilə bağlı daxili ekspert qismində çalışmışdır. 2011-2013-cü illərdə Beynəlxalq Qara Dəniz Universitetində Marketinq ixtisası üzrə doktoranturanı bitirən İLK tələbədir. 2013-cü ildə marketinq sahəsində elmi işini uğurla müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülmüşdür. 1995-ci ildən Gürcüstanda fəaliyyət göstərən Beynəlxalq Qara Dəniz Universitetinin tarixində marketinq üzrə dissertasiya işini ingilis dilində müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru adına layiq görülən ilk azərbaycanlıdır.  Marketinq Peşəkarlarının Beynəlxalq İnstitutunun üzvüdür. ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yunanıstan, Macarıstan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdə bir sıra beynəlxalq konfrans, seminar, təlim və biznes forumların iştirakçısı olmuş, Kembric, Roma, Buxarest və s. kimi universitetlərdə elmi məqalələrlə çıxışlar etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. 2015-2020-ci illərdə Assosiativ professor olaraq Beynəlxalq Qafqaz Universitetində iqtisadiyyat fakültəsində dərs demişdir, Almaniya və Gürcüstanda kitabları çap edilmişdir, nüfuzlu nəşrlərdə çap edilmiş bir sıra elmi məqalələrin müəllifidir. 2019-2020-ci illərdə “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Halhazırda “SOCAR Energy Georgia” şirkətində çalışır. Aygül İsayeva, həm də həvəskar idmançıdır. Onun idman yarışlarına qatılmasında əsas məqsədi insanlara sağlam həyat tərzini aşılamaq, siqaret və içkidən uzaq durub idmanla məşğul olmağa həvəsləndirməkdir. Aygül İsayeva 2014-cü ildən etibarən hər il Gürcüstanda keçirilən “Həyat üçün Qanadlar – Dünya Qaçışı” adlı marafonda iştirak edir və iki il dalbadal bu yarışda birinci yeri qazanıb (SOCAR – Gürcüstanın bütün işçiləri arasında). A. İsayeva peşəkar marafonçu olmasa da 2018-ci il iyunun 17-də Kvarelidə keçirilən və peşəkarların qatıldığı yarım marafonda 21,1 km məsafəni 1 saat 56 dəqiqəyə qət edərək xanımlar arasında 3-cü yerə çıxıb. Qarşısına böyük məqsədlər qoyan A.İsayeva Gürcüstanın Kazbeqi dağlarında keçirilən tam marafonu (42 km) da uğurla sona çatdırıb. Onu da qeyd edək ki, Aygül İsayeva 2008-cı ildə Fransanın paytaxtı Parisdə Kung Fu üzrə beynəlxalq yarışda da 1-ci yeri qazanıb. 2013-cü ildə “Borçalı” İctimai Birlik tərəfindən elmdə nailiyyətlərinə görə “Şərəf” medalı, 2020-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfində icmada xidmətlərinə görə Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayının iştirakçısıdır. 
 
 
Asif Hacılı. Aygül xanım, AVCİYA-nın “Borçalı söhbətləri” adlı layihəsi çərçivəsində tanınmış ziyalılarla yurdumuza dair müxtəlif mövzulu söhbətlər aparırıq. Növbəti söhbəti təhsil məsələlərinə həsr etməyi planlaşdırmışıq və bu məqsədlə, fəal ictimaiyyətçi, dəyərli alim, tanınmış təhsil eksperti və vətənpərvər ziyalı olaraq Sizinlə Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri haqqında söhbətləşmək istərdik. Bu aktual mövzuya dair mükaliməyə razılıq verdiyinizə görə Sizə təşəkkür edir və suallara keçirəm. İlk sualım soydaşlarımızın milli, yəni ana dilində təhsilinin ümumi statistik vəziyyəti haqqındadır. Hazırda Azərbaycan məktəblərinin sayı nə qədərdir? Bu say hansı tendensiyanı əks etdirir: bildiyimizə görə, Azərbaycan məktəblərinin sayı azalır! Bunun səbəbi nədir? Soydaşlarımız Gürcüstanın sayca ikinci xalqıdır. Bəs məktəblərin sayının azalması nədən qaynaqlanır. Bu obyektiv, ya subyektiv amillərlə bağlıdır?
Aygül İsayeva. İlk növbədə, Sizə soydaşların təhsil sahəsində üzləşdikləri problemlərlə maraqlandığınız və belə bir aktual mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Təəssüflər olsun ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərinin sayı həm ilbəil azalır, həm də ki, müxtəlif səpkidə olan problemləri artır. Milli məktəblərimiz kütləvi surətdə bağlanaraq sayı 183-dən (1989-cu il) 116-ya (2022-ci il) qədər azalıbdır. 116 məktəbdən 79-u Azərbaycan, yerdə qalanları isə sektor, qarışıq məktəblərdir (Azərbaycan-gürcü; Azərbaycan-rus və s.). Halbuki Sovetlər dövründə Azərbaycan məktəblərinin sayı 200-dən çox idi. Məktəblərin bağlanmasına bir sıra amillər təsir edir. Təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməyi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, valideynlərin övladlarını gürcüdilli məktəblərə qoyması və sairə azərbaycandilli məktəblərdə vəziyyəti çətinləşdirsə də, məktəblərin bağlanmasının ən başlıca səbəbi keyfiyyətli kadr çatışmazlığı olaraq qalır. Problemlər zəncirvari bir-biri ilə bağlıdır. Məktəblərdə yaşanan problemlər gələcəkdə ali təhsilin digər pillələrində də özünü büruzə verir.
Asif Hacılı. Bəlkə də belə müqayisələr korrekt deyil, ancaq maraqlıdır, ermənilərin kompakt yaşadığı ərazilərdə vəziyyət necədir? Ara-sıra rast gəldiyim statistik məlumatlara görə, erməni məktəblərinin sayı nəinki azalır, əksinə artır. Bu məktəblərə Yerevandan müəllimlər göndərilir, Tiflisdə ali təhsilli müəllim kadrları hazırlanır. Bu fərqin səbəbi nədir, Sizcə?
Aygül İsayeva. Ermənilərin sayı azərbaycanlılardan az olsa da, ermənidilli məktəblərin sayı bizim milli məktəblərimizin sayından çoxdur. Halhazırda, Gürcüstanda təxminən 130-a yaxın erməni məktəbi fəaliyyət göstərir. Azərbaycan məktəblərində kadr çatışmazlığı bütün fənlər üzrə olsa da, ən çox Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərə ehtiyac duyulur. 1935-ci ildə Pedaqoji Texnikum kimi təsis olunan, 1946-ildən institut statusu alan A.S.Puşkin Tbilisi Dövlət Pedaqoji İnsitutu vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Sonralar Sulxan-Saba Orbeliani, halhazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılan ali məktəbdə 2010-cü ilə qədər bu ixtisas üzrə kadrlar hazırlanırdı. Təəssüflər olsun ki, Gürcüstanda artıq 10 ildən çoxdur Azərbaycan dili və ədəbiyyat müəllimləri yetişdirilmir. Nəticədə, elə məktəblərimiz var ki, Azərbaycan dili və ədəbiyyat fənnini qeyri-ixtisas müəllimlər tədris edir. Erməni məktəblərində bu qədər acınacaqlı hallar yaşanmır. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində tələbələr “Ermənişünaslıq” ixtisası üzrə təhsil alırlar, qədim və müasir erməni dilini, Ermənistanın tarixini, mədəniyyətini öyrənirlər. Düzdür, bu ixtisas sırf pedaqogikanın əsaslarını öyrətməsə də, bu proqramı bitirənlər məktəblərdə Erməni dili və ədəbiyyat müəllimi olaraq çalışırlar. Etnik azlığın kompakt yaşadığı regionda universitetin fəaliyyət göstərməsi də regionun inkişafına müsbət təsir edir. 1990-cı ildə ermənilərin sıx yaşadığı Samsxe Cavaxeti regonunda İvane Cavaxaşvili Tbilisi Dövlət Universitetinin Axalkalaki filialı yaradıldı, 2014-cü ildən isə filial Samtsxe Cavaxeti Dövlət Universiteti kimi rəsmi qeydiyyata alındı.
Asif Hacılı.  Bu universitetlə müəyyən əlaqələrim olub. Keçmiş rektor Merab Beridze ilə bu universitetdə Ahıska türklərinin məsələlərini, o cümlədən təhsili məsələsini müzakirə etmişdik.  Bir məlumatı da almaq istərdim, Tiflisdə vəziyyət necədir? Azərbaycan təhsilinin vəziyyəti? 
Aygül İsayeva. Tiflisdə cəmi 3 Azərbaycan məktəbi fəaliyyət göstərir. Ali məktəblərə gəldikdə isə, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Qafqazşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr “Azərbaycan modulu” çərçivəsində Azərbaycan dilini öyrənirlər. Ancaq, təəssüflər olsun ki, Tbilisi Dövlət Universitetində ayrıca “Ermənişünaslıq”, “İranşünaslıq”, “Türkşünaslıq”, “Amerikaşünaslıq”, “Alman dili filologiyası”, “Rus dili filologiyası”, “İtalyan dili filologiyası” və s. ixtisaslar olduğu halda, bu universitetdə nə “Azərbaycanşünaslıq”, nə də “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası yoxdur. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi bir sıra dövlət universitetləri ilə danışıqlar aparsa da, hələlik heç bir real nəticə əldə edilməyibdir. 
Asif Hacılı.  Azərbaycanşünaslığın açılması soydaşlarımızla yanaşı, Gürcüstan üçün də önəmli məsələdir. Eləcə də Bakıda gürcüşünaslıq ixtisası üzrə kadr hazırlığı. Aygül xanım, digər bir vacib məsələ Azərbaycan dilində təhsilin məzmunu ilə bağlıdır. Müasir qloballaşan dünyada, miqrasiyaların artdığı dövrdə azsaylı xalqların anadilli təhsili, təbii ki, dövlətin konstitusiyasına, dövlətçilik və vətəndaş həmrəyliyi meyarlarına uyğun olmalıdır. Bu, Azərbaycanda da belədir, başqa ölkələrdə də. Təhsilin dilindən asılı olmayaraq, tədris hər bir dövlətin milli təhsil standartları və vətəndaşlıq meyarları ilə qurulur. Lakin bu təhsil prosesi həm də etnik qruplardan olan şagird və tələbələrin milli kimlik şüurunu, etnik, dini dəyərlərini də nəzərə almalıdır. Mən bu məsələ ilə müəyyən qədər məşğul olmuşam, ilk növbədə Azərbaycanda olan rusdilli təhsillə. Rusdilli təhsil üzrə ədəbiyyat fənnindən təhsil proqramını və 5-11-ci siniflər üçün dərslik hazırlayan qrupun rəhbəri kimi fəaliyyət göstərmişəm, bu problemləri dəfələrlə Bakıda və Rusiyada müzakirəyə çıxarmışam. Bunu deməkdə məqsədim problemin dərinliyinə bələd olduğumu vurğulamaqdır. Hər bir multikultural ölkədə dövlət və qeyri-dövlət dilində təhsil, ilk növbədə humanitar fənlər üzrə tədris və dərsliklər müəyyən təhsildən kənar ictimai amilləri nəzərə almalıdır. Bunlar hansılardır – xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və inteqrasiya; qeyri-dövlət dilində təhsilin hüquqi baxımdan həmin ölkənin təhsil sisteminin tərkib hissəsi olması; çoxmillətli və çoxdilli ölkədə tədris və dərsliklərin milli mədəniyyətlərə və dəyərlərə, xalqların etnik, dini, psixoloji xüsusiyyətlərinə uyğunluğu; tədris və dərsliklərdə dövlətin mənafeyinə və müxtəlif xalqların milli tarix, tarixi şəxsiyyətlər haqqında təsəvvürlərə və milli kimlik şüuruna zidd elementlərin istisnası və sairə. Bu sadalananlar həm dövlət dilində, həm də ölkədə işlənən digər dillərdə təhsildə nəzərə alınmalıdır. Bu baxımdan Gürcüstanda vəziyyət necədir, ölkənin təhsil proqramları qeyri-gürcü xalqlarının, konkret olaraq azərbaycanlıların milli kimlik şüuru və dəyərlərini nəzərə alırmı? Söhbət həm Azərbaycan, həm də gürcü dilində təhsildən gedir. Yəni təhsil sistemində vətəndaş kimliyi ilə milli kimlik arasında optimal ahəng varmı? Xüsusən, tarix, ədəbiyyat, coğrafiya dərslərində.  Gürcüstandakı Azərbaycan məktəblərinin adekvat dərsliklərlə təminatı necədir? Bu dərsliklərin hazırlanmasında yerli azərbaycanlı mütəxəssislər, alimlər, müəllimlər, ekspertlər iştirak edirmi? Azərbaycan Respublikasından mütəxəssis cəlb olunurmu? Həmin dərsliklərdə milli mentalitetimiz nə qədər nəzərə alınır? Tolerantlıq hansı səviyyədədir?
Aygül İsayeva. “Azərbaycan dili və ədəbiyyat” dərsliklərindən başqa yerdə qalan bütün dərsliklər Gürcüstanda hazırlanır. Təəssüflər olsun ki, Gürcüstanda yaşayan müxtəlif xalqların nümayəndələrinin tarixi keçmişi, mədəniyyəti, milli dəyərləri ilə bağlı Gürcüstan tarixi, coğrafiya və s. dərsliklərdə ətraflı məlumatlara yer ayrılmır. Hətta bəzi ciddi səhvlərə də yol verilmişdi, hansı ki, təhsil və elm nazirliyinə edilən müraciətdən sonra düzəliş edildi. “Azərbaycan dili və ədəbiyyat” yeganə dərslikdir ki, bizə milli kimlik, milli-mənəvi dəyərlərimizlə bağlı fikirlər aşılayır. Təəssüflər olsun ki, son zamanlar “Azərbaycan dili və ədəbiyyat” dərsliklərinin Azərbaycandan gəlməsinə qarşı fikirləri elə bizim öz “aktiv gənclərimiz” səsləndirir. Bu dərsliklərin Gürcüstanda hazırlanmasını istəyirlər. Azərbaycan məktəbləri üçün dərsliklərin hazırlanmasında yerli mütəxəssislər, azərbaycanlılar iştirak edir, ancaq təəssüflər olsun ki, dərsliklərin tərcüməsində ciddi qüsurlar mövcuddur. Digər dərsliklərin tərcüməsində heç bir uğur əldə etmədiyimiz halda “Azərbaycan dili və ədəbiyyat” dərsliklərinin Gürcüstanda hazırlanmasına imkan vermək ciddi riskə getmək deməkdir. “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə dərsliklər ancaq o halda Gürcüstanda hazırlana bilər ki, Azərbaycandan mütəxəssislər cəlb edilsin. Düşünürəm ki, Gürcüstanda hazırlanan digər dərsliklərin də redaktə edilməsində Azərbaycandan mütəxəssislər cəlb edilməlidir, bununla bağlı Gürcüstanın və Azərbaycanın təhsil və elm nazirliyinə müraciətlər etmişik.
Asif Hacılı. Aygül xanım, çox vacib məsələyə toxundunuz. Mən əlavə edərdim ki, bu məsələdə Azərbaycandan olan və yerli mütəxəssislərlə yanaşı, gürcü alimlərinin də, xüsusən azərbaycanşünas, ən azı şərqşünasların iştirak etməsi də səmərəli olar. Azərbaycanda rus dilli təhsil üçün ədəbiyyat dərsliklərinin hazırlayarkən, biz özümüz üçün müəyyən prinsipləri müəyyənləşdirdik. Bunlardan əsaslarını qeyd etmək istərdim: materialın şərhində müqayisəli metoddan istifadə; ölkəşünaslıq və mədəniyyətşünaslıq meyarları; ədəbi əlaqələrə, Gürcüstanda Azərbaycan-gürcü əlaqələrinə dair materialların daxil edilməsi; etnik və dini psixologiyanın mətnlərin seçilməsi və şərhində mümkün qədər nəzərə alınması; Azərbaycan və gürcü ədəbiyyatında oxşar və ortaq xüsusiyyət və mərhələlərin tutuşdurulması; Azərbaycan və gürcü ədiblərinin əsərlərində universal mənaların və bəşəri ideyaların, xalqlar arasında dostluq əlaqələrinin, qarşılıqlı olaraq milli obrazların bədii təsvirinin vurğulanması və sairə. Bu meyarlar Azərbaycan milli mentalitetinin və eyni zamanda Gürcüstan dövlətinin milli maraqlarının nəzərə alındığı, Azərbaycan dili və ədəbiyyatının səciyyəsinə və yerli şəraitə uyğun, milli təhsil sisteminin tərkib hissəsi olacaq dərsliklərin yaradılmasına təkan verə bilər.
Keçim gerçəkliyə – son vaxtlar ana dilinin tədrisi ilə bağlı verilmiş məlum qərar geniş müzakirələrə səbəb olmuşdur. Milli təhsilin təməli dil və ədəbiyyatdır. Təbii ki, hər bir ölkənin dövlət dilinin öyrənilməsi də mütləq şərtlərdəndir. Lakin ana dili saatlarının bu şəkildə azaldılması milli təhsilin mahiyyətinə zərbə vurur. Qeyd etməliyəm ki, bu məsələ Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin nəzarətindədir. Cənab Prezident bu yaxınlarda çıxışlarından birində xüsusi vurğuladı ki, “Dövlətimizdən ayrı düşmüş azərbaycanlıların dilini qoruyub saxlamaları üçün əlimizdən gələni edəcəyik”.
 Aygül İsayeva.  Bəli, cənab Prezidentin bu bəyanatı tarixi əhəmiyyətə malikdir və biz, Gürcüstan azərbaycanlıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Əminik ki, Azərbaycanın diqqət və qayğısı sayəsində, ölkələrimizin strateji əməkdaşlığı nəticəsində bir çox məsələlər öz həllini tapacaq. O cümlədən, dərs yükləri məsələsi! Təəssüflər olsun ki, bu ildən başlayaraq Gürcüstanda fəaliyyət göstərən əksər Azərbaycan məktəblərində “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə dərs saatları həftədə 5 saatdan 3 saata kimi azaldılıbdır. Milli Tədris Planına dəyişiklik edilməsi ilə bağlı Gürcüstanın Təhsil və Elm nazirliyinin 2018-ci ilin 3 may tarixində N63/n nömrəli qərarında qeyd edilir: “Ana dilinə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, ana dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.” Bu qərar 2018-ci ildə qəbul edilsə də icrası bütün məktəblərdə birdən-birə baş tutmadı. Gürcüstanın Təhsil və Elm naziri “Milli Tədris Planı”na dəyişiklik etməklə bağlı hər il, yeni tədris ilinin başlanğıcında yeni sərəncam imzalayır. Məsələn, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkelinin keçən il 2021-ci il 3 avqust tarixində imzaladığı N59/n nömrəli sərəncamda ümumi dərs saatları bu il ilə müqayisədə çox idi, üstəlik ana dili üzrə dərs saatlarına həftədə 5 saat ayrılmışdı, ikinci xarici dilin tədrisində də heç bir problem yaşanmırdı. Təəsüflər olsun ki, cənab nazirin cari ilin (2022-ci il) 19 avqust tarixində imzaladığı N93/n nömrəli sərəncamında ana dili üzrə dərs saatları yenidən ikinci xarici dil hesabına azaldılmışdır.
Asif Hacılı. Təbii ki, bu qərar həm milli dilin tədrisinə mənfi təsir edəcək, həm də müəllim kadrlarına da zərbə vuracaq. Hazırda məktəblərdə Azərbaycan dili müəllimləri çatışmır və belə bir vəziyyətdə dərs saatlarının azaldılması real işləyənlərin də ixtisarlara və müəllim təminatının daha acınacaqlı vəziyyətə düşməsinə səbəb olacaq. 
Aygül İsayeva. Bəli, elədir. Milli Tədris Planına istənilən fənnin əlavə edilməsi və ya istənilən fənn üzrə dərs saatlarının artırılması heç bir halda ana dili üzrə dərs saatlarının azalması hesabına baş verməli deyil. İkinci xarici dil üzrə saatların artırılmasının ana dili üzrə saatların azaldılması hesabına baş verməsi qətiyyən yolverilməzdir. İllərdir ikinci xarici dili tədris edən müəllimləri işdən çıxarmaq qeyri-etik hərəkət olduğu üçün məktəb direktorları ana dili üzrə dərs saatlarını azaltmaq məcburiyyətində qalırlar. Üstəlik, ikinci xarici dili tədris edən müəllimlərin əksəriyyəti baş müəllim statusunu alıblar, ancaq Azərbaycan dili və ədəbiyyat müəllimləri 10 ilə yaxın müddət ərzində baş müəllim statusunu almaq üçün sertifikatlaşdırma imtahanlarında iştirak edə bilmirdilər. Gürcüstanın təhsil və elm nazirliyinin verdiyi qərara əsasən saatlar ilk növbədə baş müəllim statusu olan müəllimlər arasında bölünür. Yalnız bu ildən Azərbaycan dili və ədəbiyyat müəllimləri Azərbaycan dövlətinin dəstəyi ilə sertifikatlaşdırma imtahanlarına qatıla bildilər, ancaq təəssüflər olsun ki, imtahandan keçsələr belə, yeni qəbul edilən qərarlar əsasında, daha dəqiq desək süni maneələr nəticəsində bir çox müəllimlər yenə də baş müəllim statusunu ala bilmədilər. 239 müəllimdən 177 müəllim fənn imtahanından uğurla keçsə də, cəmi 9 nəfərə baş müəllim statusu verildi. Halbuki, 177 nəfər baş müəllim statusunu ala bilərdi, ancaq təəssüflər olsun ki, bizim müəllimlər sertifikatlaşdırma imtahanlarının sonrakı mərhələlərində süni maneələrlə üzləşirlər.
Asif Hacılı. Olduqca xoşagəlməz vəziyyətdir, uğurla imtahandan keçmiş müəllimə layiq olduğu statusun verilməməyi anlaşılmazdır, bildiyimə görə, buna artıq reaksiya vermisiniz.
Aygül İsayeva. Milli Tədris Planına ana dili üçün müəyyən şərtlər daxilində nəzərdə tutulan həftəlik 3-5 saatın ləğv edilməsi ilə bağlı Gürcüstanın bir sıra dövlət strukturlarına müraciətlər ünvanlamışıq, düşünürük ki, ana dili üzrə dərs saatları heç bir şərt olmadan birbaşa 5 saat olmalıdır.
Asif Hacılı. Bu qərarın reallaşması həm dil, həm də milli mədəniyyətin mühüm hissəsi olan ədəbiyyatın tədrisinə, yəni uşaqlarımızın ana dili və doğma ədəbiyyatı mənimsəməsinə və bununla da milli kimliyinin qorunmasına da ciddi əngəl ola bilər.
Aygül İsayeva. “Milli Tədris Planı”nda “ana dili” və ya “etnik azlığın dili” yazılır, əslində isə tədris olunan fənn “Azərbaycan dili və ədəbiyyat”dır.  Birinci xarici dil kimi ingilis dili tədris edilir, ikinci xarici dil istənilən dil ola bilər, bununla belə adətən rus və ya alman dilləri keçirilir. Dərs saatlarının həftədə 3 saata kimi endirilməsi o deməkdir ki, müəllim həftədə 2 saat ana dilinə, 1 saat isə ədəbiyyata vaxt ayırmalıdır. Bu isə o deməkdir ki, şagirdlər bizim yazıçılarımızın, ədiblərimizin həyat və yaradıcılığını da dərindən öyrənə bilməyəcəklər. Yəni ana dili üzrə dərs saatlarının azaldılması təkcə ana dilinin tədrisinə təsir etmir, həm də ədəbiyyat fənninin tədrisinə də mənfi təsir edir. Proqramı çatdırmaq heç cürə mümkün olmur.
Asif Hacılı. Gürcüstanın dövlət dili olan gürcü dilinin tədrisi, əlbəttə, soydaşlarımızın cəmiyyətə inteqrasiyasında, gələcək fəaliyyətlərində həlledici amildir. Lakin ana dili də hər bir vətəndaşın milli kimliyi baxımından həlledici amil və həm də konstitusion hüququdur. Bu baxımdan tənasüb necədir?
Aygül İsayeva. Halhazırda əksər Azərbaycan məktəblərində gürcü dili üzrə dərs saatları Azərbaycan dilindən çoxdur. Azərbaycan məktəblərində gürcü dili həftədə 5 saat keçirilir. Dövlət dili və ana dilinə ayrılan saatlar arasında fərq olmalı deyil. Təcrübə onu göstərir ki, insan öz ana dilini yaxşı bilməsə digər dilləri öyrənməkdə çətinlik çəkir. Təəssüflər olsun ki, azərbaycanlı şagirdlər orta məktəbi, 12 illik təhsillərini başa vurduqdan sonra Azərbaycan dilində kobud qrammatik səhvlərə yol verirlər. Dərs saatlarını azaltmaqla problem bir qədər də dərinləşmiş olur. Üstəlik Gürcüstanda attesstat imtahanları ləğv edildiyi üçün məktəbi bitirən şagirdlər Azərbaycan dili və ədəbiyyatdan imtahan vermirlər (əvvəllər verirdilər), nəticədə Azərbaycan dili və ədəbiyyat fənni ən az maraq göstərilən fənn olaraq qalır. Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatlarının azaldılması dilə, ədəbiyyata sərf edilən vaxtı, zamanı bir qədər də azaltmış olur. Nəticədə, şagird ana dilində nə səlis danışa, nə də qrammatik düzgün yaza bilmir. Ana dilini yaxşı bilmədiyi üçün dövlət dilini yaxşı öyrənə bilmir. Təəssüflər olsun ki, azərbaycanlıların yaşadığı Tbilisi, Kaspi, Msxetada Azərbaycan dili artıq məişət dili səviyyəsinə enibdir. Eyni aqibət Borçalının müxtəlif regionlarında yaşayan azərbaycanlılarımızı gözləyir.
 
Asif Hacılı. Aygül xanım, Gürcüstanı hüquqi, demokratik, dost dövlət kimi tanıyırıq. Bəs qanunvericilikdə bu məsələ necə qoyulub?
 
Aygül İsayeva. Bizim ana dilində təhsil almaq hüququmuz Gürcüstan konstitusiyası ilə qorunur. Gürcüstan həmçinin bizim milli, mənəvi dəyərlərimizin, mədəniyyətimizin, ana dilimizin qorunub saxlanılması ilə bağlı beynəlxalq konvensiyaları imzalayıb. Vaxtilə ana dili üzrə həftəlik dərs saatları 8 saat idi, bu ildən isə əksər Azərbaycan məktəblərində artıq 3 saata kimi endirilibdir. Təəssüflər olsun ki, tendensiya ana dili üzrə dərs saatlarının, eləcə də məktəblərimizin sayının ilbəil azalmasını göstərir.
Asif Hacılı. Ana dili olmadıqda, millətin də varlığı təhlükədə olur. Milləti millət edən onun dilidir.
Aygül İsayeva. Ana dili bizim öz tarixi torpaqlarımızda var olmağımızın qarantiyasıdır. Ana dili bizim milli varlığımız, milli kimliyimizdir. Bu gün Borçalıda milli varlığımız təhlükə altındadır. Azərbaycan məktəblərinin  sayı 206-dan 116-ya kimi azaldılıbdır, məktəblərdə  Azərbaycan dili və ədəbiyyat fənni üzrə kadrlar çatışmır, ana dili üzrə dərs saatları 8 saatdan 3 saata endirilib. Bu gün Gürcüstan azərbaycanlılarının ciddi dəstəyə ehtiyacı var.
Asif Hacılı. Son dövrlərdə övladlarını gürcü məktəblərinə yönəldənlərin də sayı xeyli artıb! Obyektiv desək, bu proses başqa ölkələrdə də izlənir. Ancaq bu ölkələrdə dövlət dilində oxuyan başqa xalqların nümayəndələri üçün aşağı siniflərdə ana dili dərslərini də öz istəkləri ilə keçmək üçün imkan yaradılır. Soydaşlarımızın gürcü dilində təhsili haqqında nə deyə bilərsiniz. Bunun mənfi və müsbət tərəfləri, perspektivi? Deyək ki, işlə təmin olunmaqda rolu nə dərəcədədir? Digər tərəfdən, bu prosesin genişlənəcəyi təqdirdə Azərbaycan məktəblərinin aqibəti necə olacaq? Dilimizin taleyi necə olacaq? Ən azı bilinqval təhsil tətbiq oluna bilərmi?
Aygül İsayeva. Tədqiqatlar onu göstərir ki, insan öz ana dilini mükəmməl biləndə digər dilləri öyrənməyi də asan olur. Bunu Azərbaycan məktəbində gürcü dilini tədris edən müəllimlər də təsdiqləyir. Valideynlər Azərbaycan məktəblərində gürcü dilini tədris edən müəllimlərə qarşı tələbkar olmalıdırlar. Ancaq çox vaxt valideyn Azərbaycan məktəbində gürcü dilini tədris edən müəllimdən nə isə tələb etmək əvəzinə, çıxış yolu olaraq övladını gürcü məktəbinə və ya Azərbaycan məktəbinin nəzdində açılmış gürcü sektoruna qoyur, nəticədə Azərbaycan məktəblərinin sayının azalmasına təkan vermiş olur. Düşünürlər ki, bu yolla övladı gürcü dilini daha yaxşı öyrənəcək. Araşdırmalarımız onu göstərir ki, şagird gürcü məktəbində nə elm öyrənir, nə də gürcü dilini (çox az sayda istisnalar ola bilər). Valideyn özü gürcü dilində bilmədiyi üçün evdə övladı ilə əlavə olaraq məşğul ola bilmir və övladının suallarını cavablandıra bilmir. Bir çox valideynlər sonda peşman olub övladlarını yenidən Azərbaycan məktəblərinə qoyurlar. Məktəb direktorları, müəllimlərlə tez-tez bu problemləri müzakirə edirəm. Onlar etiraf edirlər ki, Azərbaycan məktəbində təhsil alan şagirdlərin gürcü dili səviyyəsi gürcü dili məktəblərində təhsil alanlardan daha güclüdür. Hətta, gürcülərin belə qatıldığı gürcü dili üzrə olimpiadalarda, müsabiqələrdə Azərbaycan məktəbində təhsil alan şagirdlər dəfələrlə qalib olub. Ümumiyyətlə, düşünürəm ki, gürcü dilini Azərbaycan məktəblərində ibtidai siniflərdə gürcü dilini yaxşı bilən azərbaycanlı tədris etməlidir. Ancaq bir çox Azərbaycan məktəblərində ibtidai, eləcə də yuxarı siniflərdə gürcü dilini etnik gürcü tədris edir. Etnik gürcü Azərbaycan dilini bilmədiyi üçün şagirdi başa sala bilmir. Bizim artıq xeyli sayda gürcü filologiyası üzrə ixtisasa malik olan, gürcü dilini gürcüdən də yaxşı bilən azərbaycanlı kadrlarımız var. Azərbaycan məktəblərində ibtidai siniflərdə gürcü dilini bu kadrlar tədris eləsə şagird dili daha sürətlə öyrənər deyə düşünürəm.
Asif Hacılı. Bəs gürcü məktəblərində oxuyan azərbaycanlı, ümumən digər xalqların nümayəndələrinin ana dili tədrisi ilə bağlı hüquqlarının təminatı ilə bağlı vəziyyət necədir? 
Aygül İsayeva. Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə əgər milli azlıq nümayəndələri gürcüdilli və ya sektor məktəblərində təhsil alırlarsa, məktəb onlara ana dili üzrə fənnin tədris edilməsi təklifini irəli sürmək hüququna malikdir. Belə olan halda bir qrupda şagirdlərin sayı minimum 10 nəfər olmalıdır. Məsələn tutaq ki, “A” ictimai məktəbi əvvəllər ancaq azərbaycandilli məktəb idisə, sonradan bu məktəbdə əlavə olaraq gürcü sektoru açmaqla Azərbaycan-gürcü sektoru yaratdılar. Məktəbin tam səlahiyyəti var ki, gürcü sektorunda təhsil alan azərbaycanlı şagirdlər üçün Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini təşkil etsin. Ancaq məktəbin kifayət qədər büdcəsi olmadığından bu qanun kağız üzərində qalmaqdadır. Qanunvericilikdə boşluq bununla bitmir. Azərbaycan məktəblərinin nəzdində gürcü sektoru açmaq üçün qrupda 1 nəfərin olması da kifayətdir, ancaq gürcü sektorunda Azərbaycan dili və ədəbiyyat fənnini keçmək üçün minimum 10 nəfər olmalıdır.
Asif Hacılı. Bayaq da səsləndirdiyimiz kimi, çıxış yollarından biri də bilinqval təhsildir. Düzdür, bilinqvallıq özü ilə həm də bikulturluq, yəni ikimədəniyyətlilik gətirir. Bunun tərəfdarları və əleyhdarları var. Ancaq hər halda, reallıqda vəziyyətdən çıxış variantlarından biri kimi bunu düşünmək olar. Bununla bağlı müzakirələr gedirmi?
Aygül İsayeva. Gürcüstan dövləti qeyri-gürcü dilli məktəblərdə ikidilli (bilinqual) təhsilə keçməyi planlaşdırır. Bununla belə, heç bir universitetdə ikidilli kadrlar hazırlanmır, bunun üçün heç bir cəhd edilmir. Dövlət baba düşünür ki, əgər şagird orta məktəbi Azərbaycan dilində, universiteti isə gürcü dilində bitiribsə ikidilli kadr artıq hazırdır. Reallıq isə bunun tam əksini göstərir. Məktəblərdə attestat imtahanları yığışdırıldığı üçün, Azərbaycan dili və ədəbiyyat fənninə maraq azalıbdır. Üstəlik ana dili üzrə dərs saatları azaldığı üçün dil və ədəbiyyatın öyrənilməsinə çox az vaxt sərf edilir. Nəticədə ikidilli kadrların yetişdirilməsi sual altında qalır. İkidilli (bilinqual) təhsil sisteminə keçid üçün lazımı addımlar atılmır. Ümumiyyətlə, milli kurrikulumda ana dili üzrə dərs saatlarının azaldılmasına dolayı yolla imkan yaratmaqla bu məqsədə, ikidilli təhsil sisteminə keçidə necə nail olmaq olar? Əvvəllər Pedaqoji institutlar var idi, məqsəd, məram bəlli idi. İndi belə pedaqoji institut olmadığı üçün hansı fakültəni bitirməyindən asılı olmayaraq kim istəsə müəllim olmaq imkanı yaradılır. Nəticədə müəllimlikdən anlayışı olmayanların məktəblərə cəlb edilməsi riski artır.
Asif Hacılı. Yeri gəlmişkən, son dövrdə nəinki Gürcüstanda, Azərbaycanda da soydaşlarımız övladlarını rus məktəblərinə göndərir. Gürcüstan tarixi perspektivini Avro-atlantika məkanında görür. Bu baxımdan, rus məktəblərinə meyl nə ilə bağlıdır və hansı miqyasdadır?
Aygül İsayeva. Düşünürəm ki, Gürcüstanda vəziyyət bir qədər fərqlidir. Halhazırda Gürcüstanda 58 rusdilli məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 11-i rusdilli məktəbdir, yerdə qalanları sektor, qarışıq (gürcü/rus, Azərbaycan/rus və s.) məktəblərdir. Halbuki, 2008-ci ildə 151 rusdilli məktəb fəaliyyət göstərirdi. Bizdə rus məktəblərinə deyil, daha çox gürcü məktəblərinə meyl var. Azərbaycanlı və ermənilərdən sonra Gürcüstanda ən böyük etnik azlıq ruslar hesab edilir. Gürcüstanın təhsil qanunvericiliyinə görə etnik azlığın ana dilində təhsil almaq hüququ var. Rusdilli məktəblərin sayı azalsa da ölkədə yaşayan rusdilli etnik azlıqları nəzərə alaraq müəyyən sayda məktəblər fəaliyyət göstərməkdədir.  
Asif Hacılı. Aygül xanım, orta məktəblərdən danışırıqsa, müəllim hazırlığını unuda bilmərik. Siz bu məsələyə bayaq toxundunuz, ancaq vacibliyini nəzərə alıb, bir qədər də vəziyyəti açıqlamanızı xahiş edirəm. Vaxtilə Tiflis Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsi var idi. Hazırda bu yoxdur. Gənclərin Azərbaycanda təhsil alması da çətinləşib. Çünki Azərbaycanda ali məktəblərə qəbul üçün nəzərdə tutulan bəzi fənlər Gürcüstanda başqa proqramlar əsasında tədris olunur və ya heç tədris edilmir. Gürcüstanlı soydaşlarımıza əcnəbi vətəndaşlar olan müsahibə ilə qəbul hüququ da şamil edimir. Gələcəkdə bizi nə gözləyir? Müəllim hazırlığı necə olacaq və ya ola bilər? Hansısa universitetdə Azərbaycan dili və ədəbiyyatı bölməsi açıla bilərmi?
Aygül İsayeva. Vaxtilə A.S.Puşkin Tbilisi Dövlət Pedaqoji İnsitutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Bu insititut sonralar Sulxan-Saba Orbeliani adı altında fəaliyyət göstərdi, halhazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılır. 2010-cü ilə qədər bu universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər hazırlanırdı. Təəssülər olsun ki, artıq 10 ildən çoxdur yeni kadrlar hazırlanmır. Bir çox məktəblərimizdə Azərbaycan dili və ədəbiyyat fənnini yaşlı müəllimlər tədris edir. Halhazırda elə məktəblərimiz var ki, yaşlı müəllimləri əvəz edəcək bir kimsə yoxdur. Həmin məktbəblər uçurumun bir addımlığındadır. Yaşlı müəllimlər müəyyən səbəblər ucbaından məktəbi tərk edəsi olsalar, milli məktəblərimiz ya bağlanacaq, ya da gürcüləşəcək. Məktəb ilk növbədə ona görə Azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyat fənni keçirilir. Bu problemi həll etmək üçün 2019-cu ildə Azərbaycan dövləti tərəfindən yeni bir layihə işlənib hazırlandı. Layihədə il ərzində 40 nəfər üçün kvota ayrılması, tələbələrin bütün xərclərinin qarşılanması nəzərdə tutulurdu. Ancaq 2020-ci ildə COVİD-19-la əlaqədar olaraq layihənin icrası təxirə salındı. Bu layihə Gürcüstanın təhsil və elm nazirliyi tərəfindən dəstəklənmədi. Milli məktəblərimizdə kadr çatışmazlığı təkcə Azərbaycan dili və ədəbiyyat üzrə deyil, digər sahələr üzrə də çatışmır. Problemi həll etmək üçün ən optimal variant Tbilisidə Azərbaycan və Gürcüstan dövlətinin birgə səyi ilə universitetin yaradılmasıdır. İtaliya-Azərbaycan, Azərbaycan-Fransa universitetləri olduğu halda, Gürcüstan-Azərbaycan Universiteti nə üçün olmasın? Universitet daha böyük imkanlar deməkdir. Universitetin təsis edilməsi iki ölkə arasında elmi araşdırmaların, təqqiqatların aparılması, elm, mədəniyyət sahəsində əməkdaşlıq üçün də böyük imkanlar yaratmış olardı. Uzunmüddətli perspektivdə müştərək universitetin yaradılması daha məqsədəuyğun olsa da, qısamüddətli perspektivdə hansısa universitet nəzdində kafedra və ya departamentin açılması problemi qismən həll etmiş olar. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi dövlət universitetlərində görüşlər keçirir, danışıqlar aparır.
Asif Hacılı. Çox vacib məsələyə toxundunuz, bildiyim qədər, Azərbaycan dövləti Gürcüstan universitetlərində təhsil alan soydaşlarımıza yardım edir, təhsil haqqını ödəyir.
Aygül İsayeva. Sovet dövründə, eləcə də “keçid” dövründə təhsil almaq üçün Azərbaycana gedənlərin sayı çox idi. 2008-2009-cu illərdən etibarən SOCAR-ın Gürcüstan nümayəndəliyi Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil haqqını ödəməyə başladıqdan sonra Azərbaycana axının qarşısı dayandı. Bu dəstək nəticəsində Tiflisdə təhsil alan, Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya edən, gürcü dilində sərbəst danışan gənclərin sayı minlərlə oldu. O ki, qaldı Azərbaycanda ali məktəbdə qəbul prosesi zamanı müəyyən çətinliklərə, düşünürəm ki, nə qədər fərq olsa da əlavə hazırlaşmaqla universitetə qəbul olmaq mümkündür. Mən bakalavrı Azərbaycanda bitirmişəm, Azərbaycan vətəndaşı necə ki, qəbul zamanı 4 fəndən imtahan verirdi, eləcə də mən 4 fəndən xüsusi bir hazırlığım olmadan imtahan verib universitetə qəbul olmuşam. İstək olan yerdə, müəyyən fərqlər olsa belə istənilən çətinliyi aşmaq mümkündür. Təki tənbəllik edib, asan yola qaçmayaq.  
Asif Hacılı. Təbii ki, müstəqil Gürcüstanın vətəndaşları olan azərbaycanlı soydaşlarımız bu ölkənin dövlət dilini mükəmməl bilməlidir. Bu, ilk növbədə onun əmək fəaliyyəti, karyera inkişafı və cəmiyyətə inteqrasiyası üçün lazımdır. Gürcü dilinin soydaşlarımıza tədrisi səviyyəsini necə qiymətləndirərdiniz? Dil həm də xalqlar arasında dostluq körpüsüdür. Gürcü dilinin tədrisində bu nəzərə alınırmı, azərbaycanlıların tarix boyu Gürcüstana sədaqətlə xidmət etməsi, gürcü qardaşları ilə çiyin-çiyinə işğalçılara qarşı ümumi vətəni qoruması diqqətə çatdırılırmı? Mən vaxtilə soydaşlarımız üçün gürcü dili tədrisinin yeni metodikasını və elektron dərsliyini hazırlamış gürcü həmkarlarımla bu barədə söhbət etmişdim. Onların da bu məsələyə səmimi marağını görmüşdüm. Hazırda nə yenilik var?
Aygül İsayeva. Gürcü dilini, dövlət dilini bilmək çox önəmlidir, vacibdir. Xüsusilə bunun nə qədər vacib olması Gürcüstan müstəqillik əldə edəndən sonra hiss edildi. Sovetlər dövründə rus dili əsas işlək dil idi, əksəriyyətin üstünlük verdiyi dil idi. Bir vətən olduğu üçün rus dilini mükəmməl bilməklə Gürcüstandan kənarda da işlə təmin olunmaq imkanları geniş idi. Sovetlər dövründə orta məktəbi Gürcüstanda bitirib təhsil almaq üçün Azərbaycana üz tutanların sayı çox idi. Sovetlər dağıldıqdan sonra Gürcüstanda sosial, iqtisadi, siyasi böhran yaşandı. Ölkədə hiperinflyasiya hökm sürürdü. “Keçid dövrü” demək olar ki, 10-15 il çəkdi. İnsanları təhsildən çox sosial qayğıları narahat edirdi. Sovetlər dövründə, eləcə də “keçid dövrü”ndə orta məktəblərdə gürcü dilinin tədrisi çox zəif aparılırdı. Ancaq “keçid dövrü”nü aşandan sonra ölkədə təhsil sahəsində ciddi islahatlar aparılmağa başladı. Əgər əvvəllər gürcü dili həftədə 2-3 saat tədris olunurdusa, artıq islahatlar nəticəsində 12 il ərzində hər gün – şagird məktəbə ayaq basan gündən məktəbi bitirənə qədər tədris olunmağa başladı. Həmçinin, təhsil nazirliyi tərəfindən xüsusi treninq keçmiş gürcü dili müəllimləri layihə çərçivəsində əlavə olaraq gürcü dilini tədris etməyə başladılar. Bütün bu görülən işlərin gənclər arasında əlbəttə ki, gürcü dilinin inkişaf etdirilməsinə müsbət təsiri oldu. Bununla belə sistemdə boşluqlar, çatışmazlıqlar var. Çox vaxt Azərbaycan məktəblərində ibtidai sinifdə gürcü dilini etnik gürcü tədris edir. Bu isə gürcü dilinin sürətlə, dərindən, keyfiyyətli öyrənilməsində çətinlik törədir. Bizim gürcü dilini gözəl bilən, gürcü dili üzrə müəllimlik ixtisasına yiyələnən azərbaycanlı kadrlarımız var. Düşünürəm ki, ibtidai siniflərdə gürcü dilini məhz bizim öz milli kadrlarımız keçməlidir. Belə olan halda şagirdlər keçirilən dərsi daha rahat mənimsəyərlər. Etnik gürcü Azərbaycan dilini bilmədiyi üçün dərsi başa salarkən sözün izahını anlatmaqda çətinlik çəkir. Düşünürəm ki, artıq yuxarı siniflərdə bizim şagirdlər müəyyən söz bazasına malik olduqdan sonra etnik gürcülər gürcü dilinin tədris edilməsi prosesinə cəlb edilə bilər.
Asif Hacılı. Bu məsələ Gürcüstanla strateji əməkdaşlıq edən Azərbaycan dövlətinin də maraqlarına uyğundur. Soydaşlarımızın Gürcüstanın ictimai, iqtisadi, siyasi, mədəni həyatında fəal iştirakı gürcü dilini mənimsəməkdən asılıdır. Təbii ki, öz ana dilini unutmamaq şərti ilə.
Aygül İsayeva. Bu gün Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarının Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya olunmasına ciddi dəstək göstərir. 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil haqqı ödənilməyə başladı. “Keçid dövrü” elə bir dövr idi ki, bir çox insanlar bir tikə çörək dalınca, ailələrini saxlamaq üçün xaricə üz tuturdular. Sovetlər dağıldıqdan sonra ölkədə birdən-birə kütləvi işsizlik yarandı. Korrupsiya, rüşvətxorluğun baş alıb getdiyi sektorlardan biri də təhsil sektoru idi. Diplomların satın alınması, akkreditasiyadan keçməmiş universitetlərin açılması adi bir hala çevrilmişdi. “Keçid dövrü”ndə də gənclər gürcü dilini yaxşı bilmədiyi üçün təhsil almaq üçün Azərbaycan gedirdilər. Borçalını böyüklər də, gənclər də tərk edirdilər. Gələcəyini Gürcüstanla bağlamaq ümidi sönürdü, doğma yurdumuz yavaş-yavaş boşalırdı. Çox çətin bir vaxtda milli-mənəvi vətənimiz Azərbaycan uçan evimizə dayaq oldu. Azərbaycan dövləti təhsil sahəsinə böyük investisiya etdi. Gürcüstan vətəndaşı olan tələbələrin təhsil haqqı qarşılandı, tələbələrə təqaüdlər verildi. Əvvəllər Tbilisidə ildə barmaqla sayılacaq dərəcədə çox az sayda tələbələr təhsil alırdısa, hazırda Gürcüstanın universitetlərində təhsil alan azərbaycanlıların sayı minlərlədir. Sevindirici haldır ki, artıq Gürcüstanda təhsil almaq istəyən, Gürcüstanda qalıb vətənimizdə müsbət dəyişiklik, inqilab etmək istəyən gənclərimiz yetişibdir. Şübhəsiz ki, bu müsbət dəyişiklikdə Azərbaycanın da rolu danılmazdır.
Asif Hacılı. Aygül xanım, hər hansı ölkənin yüksək potensiallı vətəndaşı olmaq üçün yalnız dili deyil, mədəniyyəti, tarixi, mentaliteti də dərindən mənimsəmək vacibdir. Ümumi ölkəşünaslıq, gürcüşünaslıq təsəvvürləri hər bir vətəndaş üçün vacibdir. Təbii ki, milli kimliyi, ana dilini, etnik mədəniyyətini qorumaq şərti ilə! Təhsilin bu məsələdə rolu barədə nə deyərdiniz?
Aygül İsayeva. Məktəblərdə gürcü dilinin tədrisində gürcü dili ancaq dil olaraq tədris edilir. Hətta, Gürcüstan ədəbiyyatı belə tədris edilmir. 2019-ci ildə mənim təşəbbüsümlə iki dövlət arasında Gürcüstan-Azərbaycan müştərək universitetinin təsis edilməsi ilə bağlı imzatoplama aksiyasına başlayanda əsas tələblərimizdən biri də qeyri-gürcü dilli məktəblərdə gürcü dili ilə yanaşı “Gürcüstan ədəbiyyatı”nın tədrisinin nəzərə alınması ilə bağlı idi. Düşünürəm ki, bizim gənclər ancaq dil öyrənməli deyillər, onlar həm də gürcü yazıçılarının, şairlərinin həyat və yaradıcılığını, mədəniyyətini də dərindən öyrənməlidirlər. Bununla bağlı Gürcüstanın baş nazirinə, eləcə də təhsil və elm nazirliyinə müraciətlərimiz olubdur. Müraciətimiz müsbət qarşılanıbdır və yaxın gələcəkdə qeyri-gürcü məktəblərində “Gürcüstan ədəbiyyatı” dərsliyinin istifadəyə verilməsinin şahidi olacağıq. Digər bir təklifimiz dərslikdə Gürcüstanda anadan olan azərbaycanlı yazıçılarımızın da əsərlərinə yer ayrılması ilə bağlıdır. Əsərləri gürcü dilinə tərcümə edilən Gürcüstanda anadan olan yazıçıların həyat və yaradıcılığı da dərslikdə yer tapa bilər. 2020-ci ildə mənim təşəbbüsümlə Nəriman Nərimanovun əsərləri ilk dəfə gürcü dilinə tərcümə edilmişdi. Nərimanov ilk milli roman və ilk tarixi faciənin əsasını qoyubdur. Düşünürəm ki, Nərimanov kimi yazıçılar Azərbaycan və gürcü xalqları arasında “mənəvi körpü” rolunu oynayır. Belə yazıçıların əsərləri “Gürcüstan ədəbiyyatı”nda yer almalı, həm azərbaycanlılar, həm də gürcülər tərəfindən öyrənilməlidir.
Asif Hacılı.  Gürcüstan da çoxmillətli, bir çox xalqların yaşadığı multikultural ölkədir. Bəzən eyni bir məktəbdə müxtəlif xalqların nümayəndələri təhsil alır. Müasir təhsil prosesində, həm tədrisdə, həm də dərsdənkənar fəaliyyətdə bu cəhət nəzərə alınmalı, təhsil prosesi tolerant, birləşdirici məqamları önə çəkməlidir. Haqlı olaraq qeyd etdiniz ki, ölkə ədəbiyyatı fənni bu baxımdan əsas amillərdən ola bilər. Həm gürcü, həm Azərbaycan ədiblərinin xalqlarımızın tarixi dostluğunu, qardaşlığını, Gürcüstanın azadlığı uğrunda birgə mübarizəsini, qarşılıqlı hörmət və sevgini əks etdirən gözəl əsərləri var. Ancaq mükəmməl dərsliklərlə yanaşı, polikultur mühitdə müəllimin məsuliyyəti və rolu da xeyli artır. Bu mühitdə işləyən müəllim hər iki xalqın mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını, mental xüsusiyyətlərini yaxşı bilməli, tutuşdura, müqayisə edə və ortaq məxrəcə gələ bilməlidir. Artıq məktəblər üçün müəllim hazırlığı məsələsinə toxunduq, Sizin təşəbbüsə qoşularaq, mən də hesab edirəm ki, ən optimal yol, dediyiniz kimi, Azərbaycan-Gürcüstan universitetinin açılması, ilk mərhələdə isə müvafiq Tiflis universitetində Azərbaycan şöbəsinin bərpasıdır. Eşitdiyimə görə Tiflis universitetində erməni şöbəsi fəaliyyət göstərməkdədir. Sizin təşəbbüs göstərərək başladığınız Gürcüstan-Azərbaycan müştərək universitetinin təsis edilməsi ilə bağlı imzatoplama aksiyasını hər bir soydaşımız dəstəkləməlidir. Bu proses necə getdi, imzatoplama kampaniyası?
Aygül İsayeva. 2019-cu ildə Gürcüstan-Azərbaycan müştərək universitetinin təsis edilməsi ilə bağlı imzatoplama aksiyasına başlamışdıq. İctimaiyyət tərəfindən böyük dəstək var idi. Müəllimlər, şagirdlər, valideynlər, gənclər, adi insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hətta başqa ölkələrin vətəndaşları belə böyük məmnuniyyətlə imzatoplama aksiyasına qatılmışdılar. Universitet Borçalının gələcəyi deməkdir. Universitet daha böyük imkanlar deməkdir. Gürcüstanın təhsil nazirliyi qeyri-gürcü dilli məktəblərdə ikidilli təhsil sisteminin (bilinqual) tətbiqini planlaşdırır. Düzdür, Gürcüstanda heç bir universitetdə ikidilli kadrlar yetişdirilmir. Müştərək universitet təsis edildiyi təqdirdə Azərbaycandan və Gürcüstandan ən yaxşı mütəxəssislərin cəlb edilməsi gözlənilirdi. Azərbaycandan mütəxəssislər müvəqqəti bizim doktoranturanı bitirən, PhD səviyyəsində mütəxəssislərimiz, müəllimlərimiz yetişənə qədər cəlb edilməli idi.
Asif Hacılı. Bu prosesə gürcü müəllimlərin də qoşulması əhəmiyyətli olardı.
Aygül İsayeva. Layihədə gürcülərin də cəlb edilməsi nəzərdə tutulurdu. Məqsəd Azərbaycan və gürcü dilini yüksək səviyyədə bilən  ikidilli kadrların hazırlanmasıdır. Nəticədə, tarix, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyat, Gürcü dili və ədəbiyyat, kimya və s. fənləri tədris edən müəllimlərimiz Azərbaycan və gürcü dillərini yüksək səviyyədə biləcəklər, bu müəllimlər üçün təkcə Azərbaycan məktəblərində deyil, həm də gürcü məktəblərində də dərs demələri üçün də əlavə iş imkanları yaranacaqdı. Universitet təkcə orta məktəblərdə müxtəlif fənlər üzrə kadr çatışmazlığını həll etməyəcəkdi. Təəssüflər olsun ki, bu gün teatr, jurnalistika sahəsində də ikidilli kadrlarımız çatışmır. Teatrşünaslıq üzrə fakültə təsis edilərsə, Azərbaycandan cəlb edilən mütəxəssislər azərbaycanlı yazıçıların əsərlərini, gürcü mütəxəssislər isə gürcü yazıçıların, dramaturqların əsərlərinin Azərbaycan və gürcü dillərində səhnəyə qoyulmasına dəstək ola bilərlər. Bizim yerli jurnalistlər kadr çatışmazlığı ucbatından Azərbaycan dilində xəbərlər paylaşarkən ciddi səhvlərə yol verirlər. Bu sahədə də ikidilli kadr çatışmazlığı hiss olunur. Universitet təsis edildiyi təqdirdə qeyd etdiyim sahələrin inkişafı üçün münbit şərait yaranacaq. Universitet həm də iki ölkə arasında, Azərbaycanla Gürcüstan arasında elm, təhsil sahəsində əməkdaşlıq, ciddi araşdırmalar aparılması, birgə elmi konfransların keçirilməsi, birgə tədqiqatların aparılması, birgə kitabların yazılması, mübahisəli məsələlin birgə həll edilməsi üçün də gözəl imkanlar yaratmış olacaq. Ən əsası da bu universitet milli məktəblərimizin xilası deməkdir. Universitet həmçinin Gürcüstan azərbaycanlılarının inkişafında mühüm rol oynayacaq və bu imkandan bəhrələnən gənclər gələcəkdə iki ölkə arasında əsl “Dostluq körpü”sü rolunu oynayacaqlar. Gürcüstan dövləti bu məsələyə dostcasına yanaşmalıdır. Çünki, ölkədə yaşayan müxtəlif millətlərin xoş güzəranı, elmli, savadlı olması, ana dilinin, mədəniyyətinin inkişafı, bütövlükdə rəngarənglik, həm də güclü Gürcüstan deməkdir.
Asif Hacılı.  Bu kimi məsələlər artıq Azərbaycan dövləti səviyyəsində müzakirə olunur, cənab Prezident İlham Əliyevin Gürcüstana son səfəri ölkələrimiz arasında təhsil əlaqələrini də yüksək səviyyədə gündəmə gətirdi və artıq Elm və Təhsil Nazirlikləri səviyyəsində görüş və müzakirələrin şahidi olduq. Türkdilli dövlətlərin tədbirində də bu məsələ gündəmə gətirildi.  Bütün bunlar Gürcüstanda müştərək universitetin yaradılmasına olan ümidləri artırır.Lakin mən indiki mərhələ üçün və xarici ölkələrdə 40 milyondan çox soydaşımızın yaşadığını nəzərə alsaq, həm də gələcək üçün əhəmiyyətli ola biləcək digər bir ideyanı – müəllim hazırlığı aparan Azərbaycan universitetlərindən birində və ya bütün universitetlərimizdə Azərbaycan dili və ədəbiyyatı üzrə gürcüstanlı və başqa ölkələrdə yaşayam soydaşlarımız üçün distant təhsilin təşkilinin mümkünlüyünü səsləndirmək istərdim. Eyni zamanda, zəngin məlumat və öyrədici materialları olan elektron resursların hazırlanması da çox vacibdir. Bu məsələlər barədə, tanınmış təhsil eksperti olaraq Sizin fikrinizi bilmək istərdik.
Aygül İsayeva. Distant təhsillə bağlı Azərbaycanın və Gürcüstanın təhsil nazirliklərinə yazılı müraciətlər etmişik. Müəllim hazırlığı, eləcə də teatr, jurnalistika və s. digər sahələrdə yaşanan kadr çatışmazlığını qısa müddətdə həll etməyin yollarından biri də ikili diplom verən proqramların, “double degree”, “dual degree” proqramların işlənib hazırlanmasıdır. Bu proqramlar həm də ikidilli kadrların yetişməsində böyük rol oynaya bilər. Məsələn, tələbə Gürcüstanın ali təhsil ocağında gürcü dilində əyani formada fizika üzrə müəllimlik oxuyur, eyni zamanda Azərbaycanın hansısa bir universitetində eyni ixtisas üzrə Azərbaycan dilində təhsil alır. Azərbaycandakı təhsilinin böyük bir hissəsini onlayn davam etdirir. Əslində təhsil daha çox hibrid formada olur, çünki imtahan və bəzi sessiyalar vaxtı fiziki olaraq, əyani iştirak labüddür.
Asif Hacılı. Çox optimal və səmərəli bir təklif olub, xüsusən bakalavr səviyyəsində belə ikili təhsilin böyük perspektivləri ola bilər. Bu halda, Sizcə, baza, yəni əsas əyani təhsili harada almaq məqbuldur?
Aygül İsayeva. Düşünürəm ki, tələbələrin bakalavr pilləsində Gürcüstanda təhsil alması önəmlidir. 4-5 il Gürcüstandan kənarda təhsil aldıqda tələbələrin gürcü dilini nəinki inkişaf etdirmək imkanları olmur, hətta orta məktəbdə öyrəndiklərini də unudurlar. Təhsilərini bitirib, Gürcüstana qayıtdıqdan sonra isə gürcü dilini yaxşı bilmədikləri üçün yenidən ciddi problemlərlə qarşılaşmaq riski böyükdür. Necə ki, halhazırda Sovet dövründə universiteti Azərbaycanda bitirən müəllimlər sertifikatlaşdırma imtahanlarında çətinliklərlə üzləşirlər, baş müəllim statsusunu almaq üçün min bir əzab-əziyyət çəkirlər, buna bənzər problemlərlə bizim gənclərimizin də qarşılaşması qaçılmazdır.
Asif Hacılı. Aygül xanım, yuxarıdakı sualın davamı olaraq, soruşmaq istərdim – bildiyimiz kimi Azərbaycan dövləti Gürcüstanla strateji əməkdaşlıq münasibətlərindədir və burada yaşayan soydaşlarımızın da müxtəlif məsələlərini daim diqqətdə saxlayır. Gürcüstan ali təhsil müəssisələrində təhsil alan minlərlə gəncimizin təhsil haqqının Azərbaycan tərəfindən tam ödənilməsi, yeni iş yerlərinin açılması və sairə buna dəlalət edən faktlardandır. Bəs Azərbaycanın təhsil müəssisələri, təhsil ictimaiyyəti, ziyalılar, alimlər, ədəbiyyat və sənət xadimlərininin diqqətini hiss edirsinizmi? Tiflisdə, Borçalıda ziyalılarımızın şagirdlərlə görüşləri, treninqlər keçirilirmi? Ümumən Azərbaycandan gözləntiləriniz nədir?  Ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri dərin və səmimidir. Bu günlərdə gürcü müəllimlərin də ana dili məsələsində bizi dəstəklədiyindən xəbər tutduq. Bunlar bizə ümid verir ki, movcud priblemlər həll olunacaq! Sizin kimi mükəmməl mütəxəssislərin, alim və ictimaiyyətçinin fəaliyyəti də ümidimizi artırır. Bu baxımdan, azərbaycanlı-gürcü, Azərbaycan-Gürcüstan münasibətləri baxımından fikrinizi, proqnozlarınızı bilmək istərdik.
Aygül İsayeva. Ara-sıra Azərbaycanın elm adamları, mədəniyyət xadimləri Gürcüstana gəlirlər, gənclərlə görüşləri təşkil edilir. Mən özüm də bir neçə belə görüşlərin təşkilatçısı olmuşam. Ancaq düşünürəm ki, belə hallar tez-tez olmalıdır. Azərbaycanın elm, mədəniyyət xadimləri Gürcüstana tez-tez gəlsələr, tez-tez müxtəlif mövzularda görüşlər keçirsələr müsbət təsirləri də çox olar. Bizim bu formada “mənəvi qida”ya çox ehtiyacımız var.
Asif Hacılı. Bəs gürcü ziyalıları, elm, sənət xadimləri, pedaqoqları ilə Azərbaycan ziyalılarının görüşlərini necə qiymətləndirərdiniz. Bakıda belə görüşlər ara-sıra, konfransdan-konfransa olur və elmi əlaqələrimizdə müəyyən müsbət rol oynayır.
Aygül İsayeva. Belə görüşlər burada da olur.Gürcüstanın ali təhsil ocaqlarının təşkil etdiyi beynəlxalq konfranslara Azərbaycandan olan elm adamları da dəvət alır. Təbii ki, belə görüşlər xalqlar arasında səmimi bir bağlılıq yaradır. Ancaq belə konfrans, görüşlər ildə 1-2 dəfə deyil, tez-tez olmalıdır ki, ciddi nəticələr də əldə edilsin. Azərbaycanlılarla gürcülər dost xalqlardır. Düzdür, xeyli  problemlərlə də qarşılaşırıq, düşünürəm ki, düzgün ünsiyyət vasitəsilə bu problemləri də həll etmək mümkündür. Bizim müəllimlərimizə qarşı ədalətsiz yanaşmada, imzatoplama aksiyasına etnik gürcülər də qoşulmuşdu. Onlar azərbaycanlı kolleqalarına, əməkdaşlarına qarşı olan haqsızlığa səssiz qalmamağa qərar vermişdilər. Bu çox sevindirici bir hal idi. Demək ki, düzgün ünsiyyət, düzgün yanaşma olanda fərq etmir hansı millətin nümayəndəsisən, hansı dinə qulluq edirsən, ədalətsizliyə qarşı birgə mübarizə aparmaq mümkündür.
Asif Hacılı. Azərbaycandan gözləntiləriniz nədir? 
Aygül İsayeva. Yaxşı sualdır. Gözləntidən qabaq, Azərbaycana böyük bir minnətdarlıq və sevgi hissim var. 90-ci illərin ən çətin vaxtlarında, Gürcüstan azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salınanda, Azərbaycan dövləti öz torpaqlarının 20 faizinin işğal olmasına baxmayaraq, müharibə şəraitində olmasına baxmayaraq Gürcüstandakı soydaşlara böyük dəstək göstərdi, kömək etdi. Həmin illərdə Borçalı sürətlə boşalırdı, özünü müstəqil Gürcüstanın bərabərhüquqlu vətəndaşı kimi hiss edən insanlar yox dərəcəsində idi. Azərbaycan dövləti dəstəyini dayandırmadı, davam etdirdi, uşaq bağçalarının, məktəblərin, idman komplekslərin tikintisi, kompleks təmiri, yolların çəkilməsi, informasiya blokadasının qarşısını almaq üçün azərbaycandilli media orqanlarına dəstək, təhsil mərkəzlərinin açılması və s. investisiyalar azərbaycanlıların yaşadığı bölgələrə yönəldildi. Ən böyük dəstək isə təhsilə edilən investisiya idi. İnteqrasiya təhsildən başlayır. Azərbaycan dövləti təhsilə investisiya etməklə öz hüquqlarını bilən, öz hüquqları uğrunda vuruşan, gürcü dilini mükəmməl bilən, özlərini Gürcüstanın bərabərhüquqlu vətəndaşı hiss edən gənclərin yetişdirilməsinə səbəb oldu. Bütün bunları unutmaq və qiymətləndirməmək nankorluq olardı. Yazıqlar olsun ki, müəyyən məqsədlərlə bunu unudub qiymətləndirməyənlər də var. Tarix bunu heç vaxt bağışlamaz.
Asif Hacılı. Aygül xanım, sonda daha hansı məsələyə toxunmaq istərdiniz və yaxın gələcək üçün nə kimi planlarınız var?
Aygül İsayeva. Çox yaxın gələcəkdə təhsillə bağlı böyük bir tədbirin keçirilməsini planlaşdırırıq. Indiki məqamda bunu açıqlaya bilməsəm də bu tədbirin həyata keçirilməsinin təhsil sahəsində bir çox problemlərin həll edilməsinə təkan verəcəyini düşünürəm.
Asif Hacılı. Hörmətli Aygül xanım, xalqımız, millətimiz, təhsilimiz, mədəniyyətimiz, Azərbaycan və Gürcüstan dostluğu, azərbaycanlı-gürcü qardaşlığı naminə olan dərin məzmunlu, əhatəli və effektiv fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Hər iki ölkəyə və xalqlarımıza əmin-amanlıq, sülh və tərəqqi diləyirəm. Bu maraqlı müsahibəyə, çox dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüzə görə Sizə bir daha təşəkkür edirəm.