CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

Dağlıq Qarabağla bağlı petisiya layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş olub
Elxan Süleymanov: “Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqqında eşitmək belə istəmirlər”
Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”

Tarix üzrə elmlər doktoru Vaqif Abışov və tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri ilə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar barədə danışdıq.

Fuad Babayev: Ermənilərin Azərbaycan Respublikası ərazisində və adətən Qərbi Azərbaycan adlandırılan indiki Ermənistan ərazisində soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər haqqında kifayət qədər məlumatlıyıq. Quba hadisələri, Şamaxı hadisələri, 1905-ci il hadisələri, Bakıda baş verən hadisələr barədə orta statistik informasiya istehlakçısının müəyyən məlumatı var. Amma Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımları barədə məlumatımız müqayisəyəgəlməz dərəcədə azdır. Bu o anlama gəlmir ki, ordakı soyqırımı aktlarının miqyası kiçik olub. Mən istərdim, əvvəlcə Cənubi Azərbaycanda törədilən soyqırımların coğrafiyası, tarixi, qətlə yetirilən insanların sayı barədə məlumat verəsiniz.

Vaqif Abışov: Şimali Azərbaycanda baş vermiş soyqırımlarla Cənubi Azərbaycanda-İran ərazisində azərbaycanlılara qarşı törədilmiş soyqırımları bir-birindən ayırmaq çox çətindir. Coğrafi nöqteyi-nəzərdən bu hadisələr həm Quzey Azərbaycanda, həm Güney Azərbaycanda, həm də Şərqi Anadoluda eyni bir vaxtda, silsilə formada törədilib. Tarixi izləsək, doğrudan da 1914-1918-ci illərdə, xüsusilə 1918-ci ildə Şimali Azərbaycanda baş verən hadisələr Cənubi Azərbaycanda da baş verib. Hətta bir qədər daha tez. Bu hadisələr Urmiyada, Xoyda, Salmasda,Makuda, iri şəhərlərlə yanaşı əksəriyyətini Azərbaycan türkləri təşkil edən kəndlərdə də törədilib. Mən sizinlə razıyam ki, biz Şimali Azərbaycana geniş yer ayırırıq. Saysız-hesabsız kitablar buraxılıb, konfranslar keçirilib. Amma necə ki, Şimali Azərbaycanda 70 il soyqırımı gizlədilib, o cümlədən Güney Azərbaycanda da, istər Qacarlar, istər Pəhləvilər hakimiyyəti dövründə bu problem ağardılmayıb. Yəni fars və sovet rejimi erməniləri dəstəkləməklə hər iki taydakı Azərbaycan türklərinin başına gətirilən müsibətlərin dünya səviyyəsinə, hətta xalq səviyyəsinə çıxmasına mane olub. Əgər 1915-ci il dırnaqarası erməni “soyqırımı” ilə bağlı Tehranda, İsfahanda abidə qoyulursa, niyə Xocalı soyqırımı ilə bağlı İranda bir dənə də abidə qoyulmasın. Hələ Qars, Ərdəhan, Ərzurumdakı, yəni Şərqi Anadoludakı hadisələrdən heç danışmıram. Coğrafi məkan çox böyükdür. Xəritəyə diqqət eləsək onların bu soyqırımları törətməkdəki məqsədləri aydın olur.

Fuad Babayev: Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımları deyəsən o qədər də yaxşı öyrənə bilməmişik. Bəs bu mövzu İran tarixşünaslarının diqqətini çəkibmi?

Həsən Səfəri: Vaqif müəllimin də dediyi kimi soyqırımı hadisələri orda uzun müddət gizlədilib. Əslində bu çox geniş coğrafiyada baş verib. Cənubi Azərbaycanın Sulduz şəhərindən, yəni Urmiya gölünün cənublarından Türkiyə sərhədlərinə qədər, şimalda isə Araz qırağına qədər. Rəsmi statistikaya görə 200.000 azərbaycanlı soyqırımının qurbanı olub. Bunun öyrənilməsi məsələsi sırf yerli əhalinin təşəbbüsü ilə bağlıdır, onlar bu məsələni araşdırıb. Çoxlu insanlar var ki, həmin dövrdə bu hadisələrə öz gözləri ilə şahid olublar. Onların qeydləri də qalır. Eyni zamanda bu hadisələrlə bağlı missioner təşkilatlara məxsus xüsusi qeydlər də var.

Fuad Babayev: Missioner təşkilatlar dedikdə nəyi nəzərdə tutursunuz?

Həsən Səfəri: O dövrdə erməniləri, aysorları azərbaycanlılara qarşı təşkilatlandırıb, soyqırımı törədilməsində himaye edən çoxlu xarici təşkilatlar var idi. Rusiyanın, İngiltərənin, Amerikanın, Almaniyanın, Fransanın və.s.

Fuad Babayev: Və onlar bu cinayəti gizlətməkdə maraqlı olduqları halda qeydlər də ediblər?

Həsən Səfəri: Bəziləri öz qeydlərində, xatirələrində müəyyən qədər yer verib. Əslində isə özləri bu hadisələrdə böyük rol oynayıblar. Məsələn, o dövrdə Çar Rusiyasının Urmiyada konsulu olan Nikitinin ermənilərlə aysorlardan ibarət xristian qoşun yaradılmasında böyük rolu olub. Onları təşkilatlandırıb, qayıdan rus əsgərlərinin silahlarını onlara verib.

Fuad Babayev: Hamımız çox yaxşı bilirik ki, Quba hadisələrini törədən Amazaspdır. Mənim üçün çox maraqlıdır, koordinasiya necə həyata keçirilirdi? Amazaspa, onun Urmiyada fəaliyyət göstərən yaramaz həmkarlarına komandanı verən kim idi?

Vaqif Abışov: Necə ki, Şimali Azərbaycanda hərbi sursatı, maliyyə vəsaitini Rusiya verirdi, Cənubi Azərbaycanda bu rolu Amerika missioneri Şed, Rusiya konsulu Nikitin, Fransanın Urmiyadakı konsulu Kojel həyata keçirirdi. Yəni bu missionerlər aysorları, kürdləri, o cümlədən erməniləri nəinki qoruyurdular, həm də silahlandırırdılar. Çünki Rusiya ordusu ordan çəkiləndə müəyyən boşluq yaranmışdı. Osmanlı və İngiltərə isə müharibə aparırdı. İngiltərə və Fransa böyük ordu yeritmək imkanı yox idi. Ona görə qərara aldılar ki, qaçaq quldurlardan ordu təşkil edib silahlandırsınlar və özləri də maliyyə və silahla onlara kömək etsinlər. Həm Osmanlı dövlətinin hərbi qüvvəsinin qarşısını alsın, həm də yerli türkləri sıxışdırıb xristian dövlətin qurulmasında bufer rolu oynasın.

Fuad Babayev: Yəni faktiki olaraq Cənubi Azərbaycan ərazisində.

Vaqif Abışov: Bəli, söhbət Cənubi Azərbaycandan gedir. Və şimalda olduğu kimi cənubda da silahsız, köməksiz, hazırlıqsız azərbaycanlılar idi. Mərkəzi hökumət, yəni Qacarlar onlara kömək etmirdi. Baxmayaraq ki, bir dövlət kimi müəyyən hərbi qüvvəsi də var idi. Belə olan halda orda Amerikanın, İngiltərənin, Fransanın mənafeyini müdafiə edən, dediyi ilə oturub-duran Amazasp, Andranik, Şaumyan, Njde kimi insanlar meydana çıxdı. Kürdlərin nümayəndəsi Simitqonun, aysorlardan Marşimon, Ağa Petrosun da adını çəkə bilərik.

Fuad Babayev: Ağa Petros isə ermənidir.

Vaqif Abışov: Əslində o, Nikitinin Urmiyadakı konsulluğunda attaşe rolu oynayırdı. Kitablarda onun həmişə hərbi geyimdə olduğu da yazılır.

Demək istədiyim odur ki, erməniləri, aysorları heç bir fərq qoymadan bir dairənin içində saxlayan qərb dövlətlərinin məqsədi, planı Cənubi Azərbaycanda bufer dövlət yaratmaq və gələcəkdə ona istinad edərək irəli getmək idi.

Fuad Babayev: Amma bu alınmadı.

Vaqif Abışov: Bəli, alınmadı. Niyə? Bilirsiniz ki, Andranik 1918-ci il iyun ayında Cənubi Azərbaycana hücum etdi. Xüsusilə Xoydakı döyüşləri qeyd etmək lazımdır.

Fuad Babayev: Yəni Zəngəzur tərəfdən.

Vaqif Abışov: Bəli, Zəngəzur, Naxçıvan tərəfdən. Böyük qüvvə, top-tüfənglə hücum etdi. Əgər Osmanlı qoşunları vaxtında gəlib çıxmasaydı Xoy da Urmiya kimi yerlə-yeksan olacaq, orda azərbaycanlılardan əsər-əlamət qalmayacaqdı.

Fuad Babayev: Bu Qafqaz İslam Ordusu deyildi.

Vaqif Abışov: Xeyr,deyildi. Bu qoşun Osmanlı dövlətinin öz ərazisindən gələn ordu idi. Nuru Paşa ilə Mürsəl Paşa Bakını azad etməli idi, digər Osmanlı ordusu isə Cənubi Azərbaycan ərazisinə yönəldilmişdi. Çünki cəbhə xətti ordan keçirdi. Andranik oranı boşaltdıqdan sonra ingilislər Osmanlı dövlətinin ərazisinə girə bilərdi. Osmanlı dövləti də nə xristian bufer dövlət yaranmasını istəmirdi, nə də ingilislərin, fransızların mövqeyinin möhkəmlənməsini. Ona görə də Osmanlı dövlətinin gəlməsi böyük əhəmiyyətə malik oldu. 200.000-dən çox insan orda vəhşicəsinə öldürülmüşdü, ancaq bəlkə də daha 200.000-i də öldürülə bilərdi.

Fuad Babayev: Həsən müəllim, Siz “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” kitabının müəllifisiniz. Həsən müəllim, kitab barədə, tədqiqatlarınız barədə nə demək istərdiniz? Bu sizin dissertasiya işinizdir, elə deyilmi?

Həsən Səfəri: Bəli, dissertasiya işimdir. Kitab əsasən Cənubi Azərbaycanda olan mənbələr, tədqiqat işləri əsasında ərsəyə gəldi.

Fuad Babayev: Hansı illərdə onun üzərində çalışdınız?

Həsən Səfəri: Təxminən 3-4 il çalışdım. Soyqırımı məsələsinin tarixi kökləri hətta orta əsrlərə gedib çıxır. Birdən-birə törədilməyib, uzunmüddətli prosesin son nəticəsidir. Osmanlının güclənməsi qərb dünyasını qorxuya salırdı, xüsusilə Konstantinopolun fəthi. Avropada belə təsəvvür var idi ki, Osmanlının qarşısını sırf şərqdə almaq lazımdır. Osmanlının şərqi isə Azərbaycana təsadüf edir. Məhz elə həmin dövrdən onlar öz nümayəndələrini Azərbaycanın Şərqinə göndərməyə başladılar.

Fuad Babayev: Nəticəsi də Çaldıran döyüşü oldu.

Həsən Səfəri: Bəli, tamamilə doğrudur. Çalışırdılar ki, Osmanlı ilə Səfəvilərin arasını vursunlar. Amma ikisinə də özlərini dost kimi təqdim edirdilər. Uzunmüddətli plan üzərində işlədilər, hətta regiona missioner təşkilatlarını da göndərdilər. Çalışırdılar ki, əhalini xristianlaşdırsınlar, gördülər ki, alınmır, dağınıq şəkildə, az əhəmiyyətli kəndlərin üzərində çalışmağa başladılar. Onları təşkilatlandırdılar. Hətta soyqırımından əvvəl dağınıq yerlərdən xüsusi yerlərə köçüb qüvvələrini birləşdirdilər. Məsələn, soyqırımından qabaq Salmasın erməniləşdirilməsi prosesi var idi. 19-cu əsrin axırları, 20-ci əsrin əvvəllərində harda erməni görürdülərsə Salmasa cəlb edirdilər ki, o zonanı erməniləşdirsinlər. Dövlət yaratmaq üçün şərait olsun.

Fuad Babayev: Salmas şəhəri harda yerləşir?

Həsən Səfəri: Urmiya və Xoyun arasında.

Vaqif Abışov: Ümumiyyətlə, ermənilərin müəyyənləşdirdiyi hədəflərin tarixi çox uzaqdır. Bizdə isə çox təəssüf ki, cəmi 2 metrdir. Vaxtilə bütöv Azərbaycan deyəndə insanlar qəbul etmirdi, amma indi bu məsələ dövlət səviyyəsindədir. Məsələn, Bakıda Dünya Azərbaycanlılarının Konqresi də keçirildi.

Bu gün özümlə bir kitab da gətirmişəm. Məhbub Dadaşpurun Kazım Xan Quşçu kitabı. Bu kitabın tərcümə olunması üçün mənə müraciət etmişdilər. 1918-ci il hadisələri barədə farsca bir kitab idi. Mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Kitabın adı fars dilində necə idisə elə də tərcümə etdik. “Müqavimət Salnaməsi”. Kazım xan Quşçu Urmiyadan Salmasa qədər gedən döyüşlərdə azərbaycanlıları aktiv şəkildə müdafiə edən bir qəhrəmandır. Amma Azərbaycan bu şəxsiyyəti tanımır. Kitabda çox qiymətli faktlar var. Xüsusilə Simitqo, Marşimon, Ağa Petrosla bağlı. Hətta kitabda Marşimonun, Simitqonun şəkli də verilib. Bu kitabda həm hadisələrdə iştirak edən şəxslərin nəql etdiklərindən, həm İranda olan mənbələrdən faktlar var. Kazım Xan dəfələrlə hücumlar zamanı Quşçu kəndinin və ətraf kəndlərin əhalisini qalada qoruyub. Quşçu kəndində onun adına abidə də qoyulub.

Biz müstəqillik qazanandan sonra, İranda da 1979-cu ildə şah rejiminin devrilməsi ilə kitablar çıxmağa başladı. Məsələn, Səməd Sərdarniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabı, Tohidi Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” kitabı. O kitabda da çox dəyərli faktlar var. 1914-1919-cu illərdə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımından bəhs olunur. Tohidinin digər bir əsəri “Azərbaycan Birinci Dünya müharibəsində” adlı kitabdır.

Fuad Babayev: Yəni burda problem kitabların olmamağı yox, geniş yayılmamasıdır.

Vaqif Abışov: Sizinlə razıyam. Burda Tarix İnstitunun da üzərinə müəyyən qədər iş düşür. Çünki Cənubi Azərbaycanla bağlı bu sahədə geniş təbliğat yoxdur. Yadımdadır ki, mən hələ müdafiə etməmişdim, Akademiyanın Rəyasət Heyətinin yığıncağı idi və Türkiyədən də qonaqlar gəlmişdi. Söhbət 2005-2006-cı ildən gedir. Mən orda belə bir fikir səsləndirdim ki, bugünə kimi keçirilən konfranslarda bir dənə də olsun Cənubi Azərbaycandan mütəxəssis, tarixçi iştirak etməyib. Axı onlar da soyqırıma məruz qalıb və nə qədər istəsən mənbə, fakt var. Bu fikrimə o qədər də diqqət yetirmədilər. Amasyada 1918-1920-ci il Atatürk dövrü ilə bağlı böyük bir beynəlxalq konfrans keçirilirdi, yenə də Cənubi Azərbaycandan bir mütəxəssis yox idi.

Aytac Hüseynova: 1905-1911-ci illərdə Məşrutə inqilabı dövründə baş verən hadisələr barədə nə deyə bilərsiniz? O dövrdə soyqırımının işartıları olubmu?

Həsən Səfəri: İşartıları olub deyə bilərik. Amma kütləvi hadisələr törədilməyib. 1905-1911-i illərdə ermənilər rus qoşunu ilə əməkdaşlıq edərək yerli əhaliyə əziyyət edirdi, onların əmlakını talayırdı.

Aytac Hüseynova: Yəni, rusların gücündən istifadə edərək.

Həsən Səfəri: Bəli, bu da müəyyən toqquşmalara səbəb olurdu. Kütləvi soyqırımı forması almamışdı. Ancaq 1-ci dünya müharibəsi davam edərkən bu münasibətlər daha da kəskinləşir. Ermənilərin çoxu rus qoşununun tərkibinə keçir və himayədarlarına arxalanıb vəhşiliklər nümayiş etdirirdilər. 1917-ci ilin sonlarından, rus qoşunlarının geri çəkilmə məcburiyyətində qaldığı vaxtdan Rusiya konsulu, Amerikanın, Fransanın, İngiltərənin hərbçiləri qərara gəldilər ki, uzun müddət üzərində işləyib təşkilatlandırdıqları erməniləri, aysorları ciddi şəkildə qoşun formasına gətirsinlər. Və 1918-ci il fevral ayından əhalini qırmağa başlayırlar. 3 günə Urmiyada 15000-ə yaxın insan qətlə yetirilir. Əhali təslim olsa da buna məhəl qoymurlar.

Fuad Babayev: Bəs özünümüdafiə cəhdləri olubmu? Yəni Kazım xan Quşçu kimi insanların adını çəkə bilərikmi?

Həsən Səfəri: Bəli, olub. Ancaq Urmiyada ermənilərlə aysorlar çox ciddi təşkilatlanmışdılar. Əvvəlcə əhali müqavimət göstərdi. Amma qoşunun qarşısını almaq mümkün deyildi. Ciddi silahlanmadan söhbət gedirdi. Kazım Xan Quşçu Urmiyadan şimalda, Salmasa yaxın ərazidə idi. O, erməniləri həmin əraziyə buraxmadı. Missionerlər sonradan kürdləri də ermənilərlə birləşdirmək istəyib. Kürdlərin Osmanlı sərhədində yaşayan Şəqqaq tayfası var idi. Həmin tayfa başçısı ilə görüş də təşkil olunur. Ancaq kürd başa düşür ki, bunların məqsədi ondan istifadə edib sonra öldürməkdir. Erməni-aysor silahlı dəstələrinin həm dini, həm də hərbi başçısı var idi. Görüşü təşkil edən dini başçı idi. Marşimonun ölümündən sonra ermənilər onun qətlə yetirildiyi Azərbaycan şəhərini də viran qoydular. Bu da əslində azərbaycanlılara qarşı hesablanmış bir plan idi.

Fuad Babayev: Qacarlar bu hadisələrə müqavimət göstərməkdə həvəssiz idilər, yoxsa ordu cəhətdən zəif idilər?

Həsən Səfəri: Əslində zəif idilər. Qoşun o qədər də güclü deyildi.

Vaqif Abışov: Kitablarda da qeyd olunur ki, dəfələrlə müraciət etsələr də hakimiyyətdən kömək gəlmir. Arxa yox, silah yox, hərbi təcrübə yox. Və nəticədə əhali qırıldı. Qaçanların da bir hissəsi Salmasa, Kazım xan Quşçunun himayəsinə qaçırdı. O, Urmiyadan Salmasa kimi yolu öz nəzarətinə almışdı.

Həsən Səfəri: Sonrakı dövrdə, Pişəvəri hökumətinin sovetlə münasibətləri yaxşı olduğuna görə bu məsələnin ağardılmasına meyilli deyildi. Soyqırımı olan ərəfədə Urmiyada mərkəzi hakimiyyətin kargüzarı var idi. O hər gün Tehrana Urmiyada, Qərbi Azərbaycanda baş verən hadisələr barədə raport verirdi. Ona Tehrandan göstəriş verilir ki, komissiya yaradılsın və qətliama məruz qalan insanlar, maddi itkilər hesablansın. O dövrdə soyqırım yerinə qətliam ifadəsi işlənirdi. Özü də qeydlərində yazır ki, məsələni araşdırmaq üşün kifayət qədər canlı qüvvəmiz yox idi. Heç kim komissiyaya sədrlik etmək istəmirdi. Mən özüm məcbur qalıb komissiyaya sədrlik etdim. Nə qədər əraziyə gedə bilirdiksə getdik və yerindəcə hesablayıb qeydə aldıq. Nəticə belə oldu ki, 200.000 insan soyqırımına məruz qalmışdı.

Fuad Babayev: Cənubi Azərbaycan ərazisində məzarlıqlar aşkar edilibmi?

Həsən Səfəri: 2015-ci ildə Urmiyada bir məktəbin həyətini qazan zaman belə bir məzarlığa rast gəlinmişdi. Dövlət imkan vermədiyi üçün ört-basdır etdilər. Amma kütləvi məzarlıqların yeri məlumdur, hətta o dövrdə çəkilmiş şəkillər də var. Məsələn, Qarasandıq ərazisi adlanan boş bir ərazi var idi. Meyitləri ora töküb üstünü hamarlamışdılar. Salmasda da böyük bir məscid var idi. Hansı ki, qətliam zamanı əhali qaçıb məsciddə gizlənib və orda güllələnib. Sonradan əhali üstünü torpaqla örtüb və yenidən məscid kimi istifadə edilib. Salmaslıların xatirələrində belə bir hadisə də var ki, bir gün məhərrəmlik vaxtı camaat məscidə yığışanda məscidin bir tərəfi çökür və insan sümükləri çıxır. Urmiyanın yaxınlığında Qəhrəmanlı adlanan kənddə də belə məzarlıqlar var. Kəndin qala divarları var idi. Əhalinin çox hissəsi qala divarlarının aşılmaz olduğunu düşünüb ora üz tutmuşdu. Ermənilər isə divarı topla uçurub bütün əhalini qırmışdı.

Hazırladı: Aytac Hüseynova, 1905.az

Newer Post
Older Post