Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilmişdir

Bələdiyyə seçkiləri: Saat 12.00-dək respublika üzrə seçici fəallığı açıqlanıb
Məleykə Abbaszadə: “İldən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”
Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

«Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyinin 15 iyul 2008-ci il tarixdə 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində monitorinq keçirmişdir.

15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində monitorinq müəssisənin əməliyyat-rejim məsələləri üzrə rəis müavini ədliyyə polkovnik-leytenantı Qasım Əliyevin iştirakı ilə aparıldı.

Müəyyən olundu ki, monitorinq keçirilən tarixdə müəssisədə 795 (yeddi yüz doxsan beş) nəfər məhkum cəza çəkir. Müəssisədə cəza çəkən məhkumlardan 76 (yetmiş altı) nəfər suvaqçı, rəngsaz, çilingər, elektrik, dülgər ixtisasları üzrə peşə təhsili alır. Müəssisədə stol sexi fəaliyyət göstərir ki, burada da 54 (əlli dörd) məhkum çalışır. Bundan əlavə, bir neçə məhkum fərdi əməyə (təsbeh istehsalı) cəlb edilmişdir. 12 (on iki) məhkum təsərrüfat briqadasında çalışır. 83 (səksən üç) məhkum Müalicə Müəssisəsindədir.

Monitorinq keçirilən tarixdə müəssisənin cərimə təcridxanasında 27 (iyirmi yeddi) məhkum (kamera tipli otaqlarda 7 (nəfər), cərimə otaqlarında isə 20 (iyirmi) məhkum) saxlanılırdı. Karantində 11 (on bir) məhkum saxlanılırdı.

Müəssisədəki uzunmüddətli görüş otaqlarında şərait zəruri tələblərə cavab verir. Qısamüddətli görüş otağında vəziyyət qənaətbəxşdir.

Müəssisənin kitabxanasında 7 (yeddi) mindən artıq kitab olsa da, qiraət etmək üçün oturacaq və stol yoxdur. Müəssisənin klubu kiçikdir, bununla belə şəraiti normaldır. İbadət otağında şərait normaldır. İbadət otağının önündə dəstəmaz alınması üçün, gözəl memarlıq üslubuna malik tikili ilə əhatə edilmiş ayrıca su kranları var.

Əsasən əlillərdən və yaşlı məhkumlardan ibarət I dəstə istisna olmaqla, digər dəstələrin (II, III, IV və V) yataqxanalarının ölçüləri və şəraiti eyni olduğu halda, VI dəstənin yataqxanalarından biri daha kiçikdir (36 nəfərlik) və rahat şəraitə malikdir. VI dəstənin hamamı və tualeti də digərlərinkindən daha yaxşı təmirə malikdir, I dəstənin yataqxanalarından birinin tualetində sanitar şərait normaldır. I və VI dəstələrin yataqxanalarından birinin tualetində, II və III dəstələrin isə hamam və tualetlərində, IV və V dəstələrin tualet və əlüzyuyanlarında şərait yaxşı olsa da, bütün bunlar natəmiz şəkildə saxlanır. II və III dəstələrin yataqxanalarında ventilyasiya sistemi yaxşı vəziyyətdə olsa da, V dəstənin yataqxanası, ümumiyyətlə, ventilyasiya sisteminə malik deyil. Yataqxanaların heç də hamısında məhkumların yataqları üzərində onlar barədə məlumatları əks etdirən birkalar yoxdur. Camaşırxanadakı şərait müsbət qiymətləndirilməlidir. Birnəfərlik bərbərxana darısqaldır.

Monitorinq aparılan zaman tibb hissəsində 12 (on iki) məhkum müalicə alırdı. Tibb hissəsinin palataları və sanitar qovşağı bərbad vəziyyətdədir.

Yeməkxanadakı, yemək hazırlanan yerdəki və özünəxidmət mətbəxindəki şərait qənaətbəxşdir, qab yuyulan yerdə təmir arzuolunan səviyyədə deyil. Ərzaq saxlanan anbarda xoşagəlməz qoxu ilə yanaşı çoxlu sayda milçək var.

Müəssisənin asfalt örtüyü, habelə ümumi təmiri (inzibati bina istisna olmaqla) bərbad vəziyyətdədir. Müəssisənin bütün hissələrində su təchizatı normaldır.

Müəssisənin ümumi hamamında şərait qənaətbəxşdir. Karantində saxlanılma şəraiti bərbaddır. Cərimə təcridxanasında hava yaxşıdır. Kamera tipli otaqlardan birində su kranı nasaz vəziyyətdədir.

İstehsalatda çalışan məhkumlar öz əmək haqları barədə anlayışa malik deyil.

Monitorinqi apardı:

Arzu MƏMMƏDOV
İyul 2008-ci il