(12.8.1958, Qərbi Azərbaycanın Gorus ş.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).
1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Culfa şəhərində keçmişdir. Atasının Almaniyada yerləşən Sovet Qoşunları Qrupunda xidmət etməsi ilə əlaqədar, ibtidai təhsilini orada almışdır. Sonra Bakıya gələrək orta təhsilini burada başa vurmuşdur. 1975-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olur və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Gənc komandir təyinatla Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir. O, bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifəsində çalışır. 1984-cü ildən öz fəaliyyətini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir.
İllər ötür. F.Cəbrayılov doğma respublikaya dönür. O, Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilir. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə o, hərbi biliklərə yiyələnməyi də unutmurdu, oxumaq, öyrənmək arzusu ilə yaşayırdı. Bu məqsədlə 1986-cı ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində yerləşən Ali Zabitlər Kursunu bitirdi. Onu Respublika Hərbi Komissarlığında 4-cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. 1992-ci ildə Müdafıə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
1992-ci il… Oktyabr ayı… Cəbhə bölgəsində vəziyyət gərginləşirdi. O, 656 saylı hərbi hissədə əlahiddə motoatıcı taborunun komandiri təyin olundu. Bir il sonra isə Naxçıvanda yerləşən motoatıcı alayın komandirliyi ona tapşırıldı.
1993-cü il… Beyləqan istiqamətində qanlı döyüşlər gedirdi. 704 saylı motoatıcı briqadasında qərərgah rəisi idi. Beyləqan rayonu və onun mərkəzi tam təhlükə altında idi. Şəhərdə xeyli dağıntı və itki var idi. F.Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyatlar öz bəhrəsini verdi. Erməni quldurları xeyli hərbi texnika və canlı qüvvə itirərək, geri çəkilməyə məcbur oldular.
1994-cü ilin fevral ayından isə o, Füzuli və Kəlbəcər istiqamətlərində döyüşən, Gəncə şəhərini qoruyan 172 saylı motoatıcı briqadasına komandir təyin olundu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alay və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdir.
Bakının Qaradağ və Lerik rayonlarında Hərbi Komissar vəzifəsində çalışan F.Cəbrayılov bu gün də polkovnik rütbəsində 4-cü Ordu korpusunda fərdi qərargah rəisi vəzifəsində hərb peşəsini şərəflə davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə F. Cəbrayılov 1994-cü ilin oktyabr ayında “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Cəbrayılov Fəxrəddin Mövsüm oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir, iki övladı var.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 54-55