CƏBRAYILOV Mikayıl Əhmədiyyə oğlu

SLESARYOV Mixail Aleksandroviç
HÜSEYNOV Elşad Eynulla oğlu
ŞİKAROV Şikar Şükür oğlu

(27.4.1952, Şəki r.-nunun Oxut k. – 15.12.1990 – Xocalı) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində – Fransa partizan hərəkatınm əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Şəki İpək İstehsalat Birliyində başlayıb. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1976-cı ildə Milis Məktəbinə göndərilib. 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Mikayıl leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib.
1990-cı il dekabrın 12-ndə baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndinin müdafıəsində iştirak etməli idilər. Bu dəstəyə Mikayıl başçılıq edirdi. Polis əməkdaşları əvvəlcə Ağdama gəlirlər. Orada müvafıq tapşırıq aldıqdan sonra Cəmilli kəndinə getmək üçün Şuşaya yola düşürlər. Şuşaya gedən polis əməkdaşları yolda erməni quldurları tərəfindən bir neçə dəfə hücuma məruz qalırlar. Lakin çətin də olsa təhlükədən sovuşa bilirlər. Bu, o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər gedirdi. Cəmilli-Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim mübarizəsinə girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. O, özünü maşının altına verib, avtomatını sinəsinə sıxaraq düşmənə cavab atəş açmaqda davam edirdi. Artıq kənd sakinləri hadisə yerini tərk edə bilmişdi. Düşmən baş leytenantı mühasirəyə almışdı. Məğlubedilməz qəhrəman artıq son güllələrini istifadə edirdi. O, yoldaşlarını xilas edə bilsə də, özünü xilas edə bilmədi. Atılan güllələrdən biri onun sinəsinə tuşlandı. M.Cəbrayılov Vətən, xalq yolunda qəhrəmancasına həlak oldu.
Ailəli idi. Bir övladı var.
Ölümündən sonra SSRİ Ali Sovetinin fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir.
Adına Şəki şəhərində küçə var. Həlak olduğu kənd onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 56-57