CGSS-in icraçı direktoru Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərindən yazıb

Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib
“2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədi ilə iclas keçirilib
İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərindən yazıb..

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər” adlı məqalədə mərkəzin İcraçı direktoru Azərbaycanda səfərdə olarkən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakından, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfər etməsindən, Ağdamda erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən və baş vermiş müharibənin ağır nəticələrindən yazıb.

Müəllif Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verərək vurğulayır ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdir. Ermənistanın son dövrlərdə dövlət sərhədində törətdiyi hərbi təxribatlar Azərbaycanın 30-ilə yaxın işğal altında qalan əzəli torpaqlarının azad edilməsi ilə nəticələnib.

Məqalədə qeyd olunur ki, 2020-ci ilin sentyabr ayında baş verən hərbi toqquşmalar münaqişənin bütün mənzərəsini dəyişdirdi, altı həftə davam edən döyüşlər işğal altında olan ərazilərin azad edilməsi ilə başa çatdı. Azərbaycan öz doğma şəhərlərini və 300-dən çox yaşayış məntəqəsi erməni işğalından azad etdi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən atəşkəs razılaşması imzalanıb və hazırda Azərbaycan işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətində işlər həyata keçirməkdə davam edir.

Müəllif yazır ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə şəhər və rayonları dağıdıblar, buradakı binaları, infrastrukturları məhv edib, təbii sərvətləri belə talan ediblər. Dini, tarixi və mədəniyyət abidələri erməni vandalizminə məruz qalıb. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2600-dən çox tarix və mədəniyyət abidəsi var.

Məqalədə qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 40 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

Müəllif yazıda Azərbaycanın erməni işğalından azad edilmiş rayonlarından birinə – Ağdam şəhərinə səfəri barədə də öz təəssüratlarını ətraflı şəkildə bölüşüb. Onilliklərdir davam edən münaqişə nəticəsində törədilmiş erməni vəhşiliklərinə və dağıntılarına şahidlik edən Xalid Taimur Akram Ağdam rayonunun Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşdiyini, 1993-cü il iyulun 23-də işğal olunduğunu və 2020-ci il noyabr 20-də işğaldan azad edildiyini deyib. O, erməni vandallarının Ağdam şəhərində bir dənə də olsun salamat bina və ya obyekt qoymadığını, Qarabağ xanın türbəsinin və şəhərdə olan bütün qəbiristanlıqların və müqəddəs məkanlarının dağıdıldığı və təhqir edildiyini bildirib.

Sonda müəllif bildirir ki, Azərbaycan xalqı arasında münaqişədən sonra işğaldan azad edilmiş ərazilərin yenidən bərpa olunacağı və inkişaf edəcəyinə böyük inam və ruh yüksəkliyi var. Azərbaycan hökuməti daima müxtəlif xalqların nümayəndələrinə böyük hörmətlə yanaşıb, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə birgə yaşayışını təşviq edib. Bir vaxtlar yan-yana yaşamış Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bir daha dinc yanaşı yaşaması yolları sülh və barışıqdan keçir və buna böyük ümidlər var.

Azərbaycanı tərəqqi yolunda uğurlu irəliyə aparan Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyini yüksək qiymətləndirən müəllif bildirib ki, belə bir mürəkkəb şəraitdə möhkəm iradə və qətiyyətlilik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altında olan əraziləri azad edilib və ölkənin ərazi bütövlüyü bərpa edilib. Dövlət başçısı bu illər ərzində və müharibə dövründə Azərbaycana göstərdiyi dəstəyə görə Pakistana minnətdarlığını ifadə edib.

AZƏRTAC