Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərin axtarışı Qazaxıstanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq

“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”
Xəzəryanı ölkələr birgə əməkdaşlığa üstünlük verməlidir
Azərbaycan tamaşaçısı daha çox hansı telekanallara və hansı verilişlərə baxır?

Trend News-un Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Serik Primbetovla müsahibəsi: – Azərbaycan-Qazaxıstan əməkdaşlığının gələcək inkişafında bu il bizi hansı əsas hadisələr gözləyir?
– Qazaxıstan Azərbaycanla dostluq münasibətlərinin inkişafına prioritet əhəmiyyət verir. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafı haqda danışarkən qeyd etmək vacibdir ki, hazırda bizim münasibətlərimiz çox müsbət xarakter daşıyır, sabit və artan xətt üzrə inkişaf edir.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafı çərçivəsində əlahiddə problemlər yoxdur. Bizim ölkələrimiz həmişə dost dövlətlər olub. Müstəqillik əldə olunandan sonra Qazaxıstan və Azərbaycan arasında konstruktiv siyasi dialoq təşkil olunub.
2009-cu ildə Bakıda dövlət başçılarının iki – TÜRKSOY təşkilatı çərçivəsində səkkizinci sammit və Xəzəryanı dövlətlərin başçılarının üçüncü sammitinin keçirilməsi nəzərdə tutulub. Buna görə də, bu vacib siyasi tədbirlər və bu tədbirlər çərçivəsində yüksək səviyyəli Qazaxıstan nümayəndə heyətlərinin Azərbaycana gözlənilən gəlişlərini nəzərə alaraq, biz ikitərəfli əməkdaşlığımızın fəallaşmasını gözləyirik.
– 2010-cu ildə ATƏT-də edəcəyi sədrlik çərçivəsində Qazaxıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hansı köməyi edə bilər?
– 2007-ci ildə Qazaxıstan ATƏT üzvlərinə “Etnik və konfessiyalarası razılığın möhkəmləndirilməsi üzrə “Yol xəritəsi”ni təqdim etmişdi. Qazaxıstan prezidenti əmindir ki, bizim bütün cəhdlərimiz və təcrübəmiz bir şeyi sübut edir – mədəniyyətlər və sivilizasiyalar arasında dialoq nəinki lazımdır, həmçinin mümkündür. Yalnız bu yolla hər iki tərəfi rəqib durumunda qoyan dağıdıcı stereotiplər arxada qoyula bilər. Buna görə də, belə xəritə “geniş Avrasiya məkanında münaqişəsonrası cəmiyyətlərdəki durumun həlli” üçün vacibdir.
2008-ci ildə Qazaxıstan ATƏT-dəki sədrliyi zamanı müzakirə olunacaq gündəliyi və “Avropaya yol” xüsusi proqramını hazırlayıb. Bu proqram Avropa ölkələrində bütün aspektlərdə inteqrasiyanın dərinləşdirilməsinə yönəldilib. Bu yolla Qazaxıstan artıq dəqiqliklə bəyan edib ki, ATƏT-ə yalnız statist kimi deyil, Avrasiyadakı etnoloji durumun sabitləşdirilməsi haqda öz təsəvvürünə malik bir dövlət kimi daxil olmaq niyyətindədir.
Bu gün məhz Qazaxıstan Azərbaycanla qarşılıqlı tərəfdaşlığı artırır və fəal əməkdaşlıq aparır. Ümumiyyətlə, son üç ildə xarici siyasətin Qafqaz istiqaməti Astana üçün əsas prioritetlərdən birinə çevrilib.
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in kuratorluğu altındadır. Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həllində əsas subyekt qismində ATƏT-in Minsk qrupu çıxış edir.
Qeyd edim ki, bu istiqamətdə Qazaxıstanın öz ənənələri vardır. Xatırlatmaq istərdim ki, hələ Sovet İttifaqının rəsmən mövcud olduğu dövrdə, 1991-ci ilin 21-23 sentyabrında RF-nın birinci prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi regionuna, həmçinin Dağlıq Qarabağın paytaxtı Xankəndinə səfər etmişdi. Səfərin yekununa əsasən, 1991-ci il sentyabrın 23-də Jeleznovodskda imzalanmış, iki prezidentin Birgə kommunikesi ortaya çıxmışdı. “Jeleznovodsk kommunikesi”nin məqsədləri kimi bunlar bəyan edilmişdi: regionda durumun sabitləşdirilməsi və deportasiya olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması, əsirlərin azad edilməsi, münaqişə zonasında Rusiya və Qazaxıstan nümayəndələrindən təşkil olunmuş informasiya qruplarının yerləşdirilməsi və durum haqda obyektiv informasiya təminatı. Həmin missiyanın uğursuzluğa düçar olmasına baxmayaraq (hərbi münaqişə 1994-cü ilin mayına qədər davam etdi), regionda “Jeleznovodsk kommunikesi”nin müsbət nüfuzu qalıb.
Bu mənada Qazaxıstanın müsbət keçmişə apellyasiya etmək imkanı vardır ki, bu da ciddi resursdur. Nəhayət, nə Qazaxlstan, nə də Rusiya o zaman tərəflərin razılığa gələ bilməyib, kompromisi iki il yarım müddətinə ertələməsində günahkar deyil.
Yuxarıda deyilənləri nəzərə alaraq söyləmək olar ki, Qazaxıstanın ATƏT-dəki sədrliyi asan olmayacaq. İstənilən halda Qazaxıstan bütün 2010-cu il ərzində bütün münaqişə tərəflərini özünün dostu və tərəfdaşları qismində görməyə şad olacaqdır. Qazaxıstan yalnız qarşılıqlı faydalı əməkdaşlığa ümid edir. Bununla da düşünmək olar ki, Qazaxıstanın ATƏT çərçivəsində yaxın gələcəkdəki əsas vəzifəsi kompromis axtarışı olacaq.
Biz Qazaxıstanda, Astananın ATƏT-dəki qarşıdakı sədrliyinin ilk növbədə ümumavropa təhlükəsizliyi sahəsində “imkanlar pəncərəsi” yaradacağına çox ümid edirik. Öz tərəfdaşlarının dəstəyinə arxalanaraq Qazaxıstan təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər ki, bu da onun xarici siyasətdəki nüfuzu və beynəlxalq strukturlara sonrakı inteqrasiyasının möhkəmlədirilməsinə yardımçı ola bilər.
– Noyabrda ARDNŞ və “KazMunayQaz” arasında imzalanmış, neftin Transxəzər nəqli sisteminin yaradılması haqda müqaviləni necə qiymətləndirirsiniz? Bu sənədin imzalanması ilə hansı perspektivlər açılır və bu istiqamətdə növbəti addımlar nədən ibarət olacaq?
– Transxəzər layihəsinin əsas prinsiplərinin həyata keçirilməsi haqda müqavilə ötən il noyabrın 14-də, Bakıda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstan Milli Şirkəti “KazMunayQaz” arasında imzalanıb.
Bu müqavilə layihənin birgə həyata keçirilməsinin əsas şərt və prinsiplərini, ARDNŞ və “KazMunayQaz” arasında birgə şirkətin yaradılması, Transxəzər sisteminin mərhələli inkişafı, onun maliyyələşdirilməsi, tarifləşdirilməsi, yaradılan güclərə çıxış şərtlərini müəyyən edir. Bu sənəd, mənim fikrimcə, ixrac nefti marşrutlarının diversifikasiyası sahəsində Qazaxıstanın və Azərbaycanın milli maraqlarına tam uyğun gəlir.
– “Kaşaqan” yatağından neft hasilatının başlanma tarixinin dəyişdirilməsi neftin Qazaxıstan Transxəzər sistemi ilə nəqli layihəsinə nə dərəcədə təsir edəcək?
– Transxəzər layihəsinin həyata keçirilməsinin əsas prinsipləri haqqında adıçəkilən müqavilə, layihənin birgə həyata keçirilməsinin əsas şərt və prinsiplərini müəyyən edir. 2009-cu ildə “KazMunayQaz” (KMQ) Qazaxıstan Xəzər Boru Kəməri Sistemi (QXBKS) üzrə bütün lazımi layihə razılaşmalarına nail olmağı planlaşdırır.
Qazaxıstan prezidenti N.F.Nazarbayev Transxəzər sistemi layihəsinin həyata keçirilməsinə çox diqqətlə yanaşır. Buna görə də, “Kaşaqan” neftinin hasilat tarixinin dəyişdirilməsi layihədə nəzərə alınıb.
– Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin nəqli haqda müqavilənin nə vaxt imzalanacağını gözləmək olar?
– Xatırlatmaq istərdim ki, “Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara çıxarılmasına dəstək və yardım haqda Azərbaycan və Qazaxıstan Respublikaları arasında müqavilə”ni Azərbaycan və Qazaxıstan prezidentləri 2006-cı ilin yayında imzalayıblar. Bu razılaşma 2008-ci il aprelin 24-də, Qazaxıstan Respublikası Senatının (milli parlamentin yuxarı palatası) plenar iclasının gedişində ratifikasiya olunub.
Təxmin edilir ki, BTC vasitəsilə Qazaxıstan Respublikasının iki böyük yatağından – “Tengiz”, sonradan isə “Kaşaqan”dan 25 milyon ton neft nəql olunacaq. Qazaxıstan neftinin BTC ilə uğurlu nəqli üçün neft, qazax yataqlarından Bakı-Tbilisi-Ceyhan sisteminə gətiriləcək Kurik limanının genişləndirilməsi lazımdır. 2008-ci ilin oktyabrının sonlarında, Tengiz nefti ilə dolu tankerlər Aktau limanından Xəzər dənizi ilə Bakıya istiqamət götürüb. Ötən ilin noyabr ayının ilk günlərində isə Tengiz neftinin BTC boru kəməri vasitəsilə Aralıq dənizi və sonradan dünya bazarlarına nəqlinə start verilib.
2008-ci ildə Tengiz neftinin Bakıya çatdırılmış bir hissəsi, BTC-dən əlavə, dəmir yolu vasitəsilə Gürcüstana – Qara dənizin Batumi limanına göndərilib. Həmçinin 2008-ci ilin noyabr ayının ilk günlərində buradan onun Qara dəniz vasitəsilə dünya bazarlarına daşınması başlanıb.
– Ümumdünya maliyyə böhranı və neft qiymətlərinin azalması “KazMunayQaz”ın infrastruktur layihələrinin həyata keçirilməsindəki prioritetlərinə təsir edibmi?
– “KazMunayQaz” Milli Şirkəti (KMQ MŞ) ümumdünya maliyyə böhranının təsirinin azaldılması məqsədilə anti-böhran proqramı hazırlayıb. Onun əsas istiqaməti əldə olunmuş potensialın, ümumi işçi heyətinin və iş yerlərinin qorunmasıdır.
Şirkətdə 2009-cu il üçün biznes-plan hazırlanıb. Onun əsasında KMQ sərt qənaət rejiminə keçir. KMQ MŞ-nin cari il üçün büdcəsi neftin bir barelinə görə 40 dollar qiymətində hesablanıb. Realizə olunmuş məhsulun maya dəyəri 44 faiz, administrastiv xərclər isə 16 faiz azaldılıb.
KMQ MŞ 2009-cu ilin sərmayə proqramını xüsusi diqqətlə hazırlayıb və onu 696 milyard tenge səviyyəsində müəyyən edib. Proqrama 65 layihə, həmçinin onlardan ən böyüyü – “Kaşaqan” daxil edilib. Sadəcə buna görə pay iştirakı öhdəlikləri 280 milyard tenge olacaq. KMQ-nin məlumatına görə, maliyyə durumunun pisləşməsi halında sərmayə proqramının daha 5 milyard tenge azaldılması nəzərdə tutulub.
2009-cu ildə KMQ neft ixracı ilə bağlı infrastruktur layihələrin həyata keçirilməsini davam etdirəcək. Buna görə də, KMQ-nın sərmayə proqramına bu il aşağıdakı layihələr daxil edilib:
• Xəzər boru kəməri konsorsiumunun genişləndirilməsi;
• Qərbi Qazaxıstan – Qərbi Çin neft kəmərinin tikintisinin başa çatdırılması;
• Qazaxıstanın milli təhlükəsizliyinin təminatı baxımından strateji əhəmiyyət daşıyan Beyneu- Bozoy-Akbulak magistral qaz kəmərinin tikintisi./Trend/