Direktor: “İşsizin DOSTu” proqramı çərçivəsində 16 minədək şəxs işə götürülüb”

Azərbaycanın qeyri-neft ixracı bu il rekord vuracaq
Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib

“İşsizin DOSTu” proqramı çərçivəsində artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında DOST agentliyinin DOST iş mərkəzinin direktoru Niyazi Rəhimov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan “İşsizin DOSTu” proqramının cari ilin əvvəlindən icrasına başlanılıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində ölkənin rayon və şəhərləri üzrə artıq 16 minədək işsiz vətəndaş əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub”.

Onun sözlərinə görə, nazirlik bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər təşkil edir: “Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır”.

N.Rəhimov bildirib ki, “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə xidmət edir: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. “Məşğulluq haqqında” qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyırlar. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir”.

Mərkəzin direktoru qeyd edib ki, proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır: “Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əməkhaqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək”.

N.Rəhimovun sözlərinə görə, “İşsizin DOSTu” proqramı icrası üçün nəzərdə tutulan vəsait cari ildə 30 minədək işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan yaradıb: “Artıq yanvar ayında 16 minədək işsiz vətəndaş bu işlərə cəlb edilib. Qalanları fevral ayı ərzində işlərə cəlb ediləcək”.