Doğma yurdlarına kiçik biznes sahibləri kimi qayıdacaqlar

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
XİN-dən  Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama
İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak edib

Onlar müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarından bir qrupudur. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarından olan, 30 ilə yaxın davam edən yurd-yuva həsrətinə son qoyulmuş bu vətəndaşlar indi “Artıq biz məcburi köçkün deyilik!” sözlərini qürurla səsləndirirlər.

Məcburi köçkün olduqları dövrdə isə həmişə dövlətin qayğısını hiss etdiklərini deyir, özünüməşğulluq proqramı əsasında onlar üçün kiçik ailə bizneslərinin yaradılmasından da razılıq edirlər. Doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarını, orada öz təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanlardan 1305 nəfəri məcburi köçkün olub. Onlardan əksər hissəsinə mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır.

AZƏRTAC