Panel sessiya: Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir
Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar
Bələdiyyə seçkiləri: Saat 17.00-a olan seçici fəallığı açıqlanıb

Noyabrın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçib. Çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, koordinator funksiyasının yerinə yetirildiyi və sənayenin dayanıqlı inkişafı ilə bağlı məsələlər birgə nizama salındığı təqdirdə, daha böyük regional və beynəlxalq müstəviyə çıxmaq mümkündür. Qeyd edib ki, bu baxımdan Türk və İslam dünyası çərçivəsində əməkdaşlıq perspektivləri və açılan bazar imkanları cəlbedicidir.

“Mədəni yaradıcı sənayelərə daxil olan iqtisadi fəaliyyət növlərinin təsnifatlaşması və bu sənaye sahələrinin ÜDM-də payının hesablanması hazırki mərhələdə nazirliyin qarşısında duran prioritet məsələdir. Düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında dövlət qurumlarının dəstəyinə ehtiyac var”, – deyə S.Yusifova diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Samir Hümbətov Agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verib. Bildirib ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA-nın fəaliyyəti çoxşaxəlidir. O, həmçinin Azərbaycanın yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, dövlətlə sıx əlaqədə olaraq əməkdaşlıqlar qurulmasının önəmindən bəhs edib.

Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli əqli mülkiyyətin rolu, kreativ sənaye, bu sahələrin idarə edilməsi haqqında söz açıb. O, son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb. X.Həsənli vurğulayıb ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara lazımi dəstəyin göstərilməsi, sektorun ixrac potensialının artırılması, kreatif məhsulların ölkə xaricinə çıxması üçün lazımi köməklik göstərilir. Eyni zamanda, bunun üçün həm dövlət orqanları, həm sənaye nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması və inkişafı ilə bağlı məsələlərdən danışıb.

Tədbirdə, həmçinin yaradıcı sənayenin inkişaf etdirilməsi, kreativ və mədəniyyət biznesinin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin sənayenin bu sahəsində daha geniş təmsil olunması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

AZƏRTAC