DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə oktyabrın 22-də açılışı olan Mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır. Mərkəz həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir.
Tikintisi PAŞA Holdinq tərəfindən maliyyələşdirilən, “Cobalt Architecture and Design” şirkətinin arxitektura, layihələndirmə və təşkilati yönümlü dəstək verdiyi Mərkəz bu baxımdan ölkəmizdə daha bir uğurlu sosial tərəfdaşlıq nümunəsidir.

Mərkəzdə 5 yaşdan yuxarı şəxslərin qəbul ediləcəyi, burada eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədiləcəyi, 60 işçinin, 20 DOST könüllüsünün çalışacağı bildirilib.

Media nümayəndələri 121 nəfərlik auditoriumdan, kitabxanadan, 9 müxtəlif studiya və inzibati otaqlardan, yeməkxanadan ibarət DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Xalçaçılıq və toxuma studiyasında olarkən qeyd edilib ki, burada Azərbaycan xalçaçılıq sənəti, onun əsas 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Taxta-metal üzərində oyma emalatxanasında ağac, metal, daş üzərində bədii oyma sənəti, keramika studiyasında dulusçuluq (gilin, keramik əşya və dekorativ məmulatların hazırlanması və s.), təsviri sənət studiyasında kətan, kağız, şüşə, ipək və s. üzərində rəsmlər işlənməsi tədris olunacaq. Jurnalistlər həmçinin floristika və landşaft studiyasında olublar. Studiyada floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən natürmortların, kompozisiyalarının hazırlanması, terrarium, bitki rezervuarlarının dizaynı və s. üzrə bacarıqlar inkişaf etdiriləcək.

Səsyazma və media, rəqs otaqları, musiqi studiyası ilə tanış olan KİV nümayəndələrinə otaq və studiyanın fəaliyyət profilləri barədə ətraflı məlumat verilib. Mərkəzin 64 nəfərlik yeməkxanasında isə eyni zamanda əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə təlimlər, kulinariya yarmarkaları və s. təşkil ediləcəyi bildirilib. Media təmsilçiləri Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik, həmçinin ön hissədə əlil arabalarının yerləşdirilməsi üçün kiçik sahəsi olan auditorium, kitabxana ilə tanış ediliblər. Onlara inklüziv teatrlar və Nazirliyin “Bərabərik” layihəsinə dair videotəqdimat edilib. Kitabxanada Azərbaycan ədəbiyyatına, həmçinin müxtəlif peşə və sənət tədrisinə aid kitablar vardır. Burada görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə olan kitablardan ibarət güşələr də yaradılacaq. Eləcə də əlilliyi olan şəxslərin kitablarının təqdimatı, məşhur yazıçıların iştirakı ilə qiraət, imza günləri keçiriləcək.

Nazirliyin nəşr etdirdiyi növbəti “Əlillik qüsur deyil” kitabı barədə də məlumat verilib. Mərkəzin geniş həyətyanı sahəsində reabilitasiya məqsədli meditasiya, yoqa, digər fiziki təlimlər, müxtəlif sərgilər və s. təşkil olunacağı qeyd edilib.

APA