Dubayda Azərbaycan Ticarət Evi açılıb

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
Prezidentliyə namizədlərin imza vərəqələrinin yoxlanılması prosesi KİV-ə və ictimaiyyətə tam açıqdır

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində Azərbaycan Ticarət Evi açılıb. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın bu ölkədə satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dən çox məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş etdirilir. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir.

Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak edib.

Ş.Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir.

Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarca şəhərlərinə ixrac missiyaları təşkil olunub: “Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət sahələrində 290 BƏƏ şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb”.

Azərbaycan və BƏƏ arasında ticarət əlaqələrinin inkişafını vurğulayan Ş.Mustafayev deyib ki, ötən ilin 11 ayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 51 faiz, ixrac 31 faiz artıb. Ölkələrimiz investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək BƏƏ Azərbaycana 2,1 milyard dollar, Azərbaycan isə BƏƏ-yə 330 milyon dollar investisiya yatırıb.

Nazir diqqətə çatdırıb ki, “ASAN Viza” sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2017-ci ilin ötən dövrü ilə müqayisədə 13 faiz artıb. Ötən il Azərbaycan Turizm Bürosunun Birləşmiş Ərəb Əmirliklərində xarici turizm nümayəndəliyi açılıb: “Dubayda Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”.

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Dubayda Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.

BƏƏ-də açılan “Azərbaycan Ticarət Evı” ölkəmizin xaricdə yaradılmış sayca 7-ci ticarət evidir.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb. İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və BƏƏ rəsmiləri Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay