“Dünya soyqırımlarının tarixi” kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

Qız qalası bənövşəyi rəngə boyanıb
Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) araşdırmaçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Dünya soyqırımlarının tarixi” kitabı təqdim olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində çap edilib.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında törədilmiş Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı törədilmiş soyqırımları ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələri əsasında hazırlanıb. Yeni nəşrdə dünya soyqırımlarına ilk dəfə kompleks şəkildə toxunulub. İngilisdilli versiya əsasən xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik korpuslarımız, beynəlxalq təşkilatlar və xarici dövlətlərin məşhur universitetlərinin kitabxanaları üçün nəzərdə tutulub. Nəşri ingilis dilinə Ceyhun Bayramlı tərcümə edib.

Kitabın rəyçiləri professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovdur. Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.