“Ölkəmizə qarşı uzun illərdir dünyanın güc dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən edilən və hazırda da davam edən qlobal siyasi təzyiqlər fonunda AVCİYA-nın bu petisiyasına ABŞ tərəfindən obyektiv münasibət bildirilməsi məndə ciddi şübhələr yaradır”.
Bunu APA-ya açıqlamasında AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov Assosiasiyanın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya layihəsinin perspektivləri ilə bağlı bildirib.
“Misal üçün bildirə bilərəm ki, son günlərdə ABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib. O, həm də qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. Elə həmin gün cənab Kerri Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatında ABŞ-ın Gürcüstanın müstəqilliyini, beynəlxalq cəmiyyət tərəfindən tanınmış sərhədləri daxilində qeyd-şərtsiz ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Cənab Kerrinin Cənubi Qafqazın iki qonşu ölkəsinə belə fərqli mövqe ifadə etməsi faktı mənim AVCİYA-nın petisiyasına veriləcək cavabın obyektivliyi ilə bağlı nikbin gözləntilərimə ciddi mənfi təsir göstərir.
Prosedur qaydalara görə, hazırda Ağ Ev Administrasiyasının müvafiq strukturlarında petisiyamıza cavab verilməsi üçün araşdırma aparılır. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağ məsələsi üzrə müvəkkil şəxs olduğunu nəzərə alaraq, onun rəyinin petisiyaya veriləcək cavabda əsas götürüləcəyi qaçılmazdır. Heç kəsə sirr deyil ki, Ceyms Uorlikin də həmsədr olduğu ATƏT-in Minsk Qrupu torpaqlarımızın 23 ildən artıqdır Ermənistan dövlətinin işğalı altında saxlanmasında müstəsna rol oynamışdır. Və bu petisiyaya cavabın da Uorlikin mövqeyindən asılı olması bu barədə olan müsbət gözləntilərimizə kölgə salır.
Aprel ayında cəbhədə baş verən 4 günlük müharibədən sonra, Minsk Qrupunun həmsədri kimi, ABŞ yenidən neytral xarakterli bəyanat verdi, işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında heç bir fərq qoymadı, birmənalı şəkildə Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməsini tələb etmədi. Bu və bu kimi çoxsaylı faktlar ABŞ-ın petisiyamıza cavabının formal xarakter daşıyacağı ehtimalı yaradır.
Güman edirəm ki, Ağ Ev Administrasiyası AŞPA-nın 2085 (2016) saylı qətnaməsini birmənalı şəkildə təqdir etməyəcək və yəqin ki, yalnız petisiyadakı çağırışımızın Sərsəng su anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəsinə laqeyd reaksiya verərək, qətnamənin əsas müddəalarından diqqəti yayındırmaq üçün, müstəqil ekspertlərin yoxlama aparması və suyun buraxılması məsələsinin müzakirə olunması üçün Minsk Qrupu çərçivəsində dialoqun vacibliyini bildirəcək.
Lakin onu da vurğulamaq istərdim ki, AVCİYA-nın sözügedən layihəsi, Ağ Evin cavabından asılı olmayaraq, böyük əhəmiyyətə malikdir. Və biz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəmizi dayandırmayacağıq. Bu, həm də bir intellektual mübarizədir və bu petisiya ilə ən azı AŞPA-nın 2085 saylı qətnaməsini okeanın o tayına apardıq, Amerika müstəvisinə çıxardıq. Digər tərəfdən, artıq 2 aya yaxın müddət ərzində Ağ Evin rəsmi saytında Ermənistanın işğalçı dövlət olması, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması faktının əks olunması və sayta daxil olan milyonlarla insanın bu barədə məlumat alması çox vacib amildir, torpaqlarımızın işğaldan azad edilməsinə aparan yolda əhəmiyyətli bir fəaliyyətdir.
Ağ Ev Administrasiyası bu müraciətimizə gözlədiyim kimi, formal cavab verərsə, bununla nəinki işğal faktına göz yummuş olacaq, həm AŞPA kimi nüfuzlu beynəlxalq quruma, üzv olan 45 ölkə parlamentarilərinin səs verdiyi bir sənədə etinasızlıq göstərmiş olacaq, beləliklə insan hüquqları və demokratiya carçılığını əməldə deyil, sözdə etdiyini göstərəcək”, – deyə deputat vurğulayıb.