Elxan Süleymanov: “ATƏT-in Minsk qrupunun irəliləyiş əldə etməməsi Ermənistanın maraqlarına xidmət edir”

Sərsəng su anbarının bəndinin dağılma təhlükəsi
Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
“AŞPA-nın yanvar sessiyasında 2085 (2016) saylı qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

O bildirib ki, Ermənistanın siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər: “Bu dəfə AŞPA-nın yeni prezidenti cənab Pedro Aqramunt  Ermənistanın “həqiqət carçılarının” hədəfinə tuş gəlib. Belə ki, Aqramuntun fevral ayında Avropa ŞurasıNümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya rəsmi səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddət ərzində beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan edib. AŞPA prezidentinin bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA prezidentinin öz vəzifəsindən xəbərsiz” olduğu bildirilib, Aqramunt “Azərbaycanın maraqlarına xidmət edən” adlandırılıb və onun ünvanına heç bir əsas olmadan təhqiredici ifadələr işlədilib. Məntiqi sual ortaya çıxır: nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri cənab Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırlar?! Çünki, AŞPA prezidenti Pedro Aqramunt 2085 (2016) saylı qətnamədə təsbit edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsini dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirmiş olub. Bununla da 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan edib. Bu, Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biridir. Bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti cənab Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etdiyini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə edib. Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlib”.

E. Süleymanov qeyd edib ki, Ermənistan tərəfi AŞPA-da işğal faktını özündə təsbit edən sənədin qəbul edilməsini ATƏT-in Minsk qrupu fəaliyyətinə xələl gətirdiyini və bu problemlə yalnız Minsk Qrupunun məşğul olmalı olduğunu bildirir: “Çünki ATƏT-in Minsk qrupunun 22 il ərzində problemin həlli istiqamətində heç bir irəliləyiş etməməsi, Ermənistanın işğalçı siyasətini “Dağlıq Qarabağ münaqişəsi” adı altında gizlətməsi birbaşa Ermənistanın maraqlarına xidmət edir. Ermənistan tərəfi yeri gəldi-gəlmədi problemin sülh yolu ilə həll edilməli olduğunu və AŞPA-da qətnamə qəbul edilməsinin sülh prosesinə maneçilik törətdiyini bildirir. Çünki işğala son qoyulmasına, işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsinə çağıran bu sənədin problemin sülh yolu ilə həllinə mane olmadığını etiraf etmək onların uzunmüddətli  strategiyalarını məhv edə bilər. Halbuki 2085 (2016) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhfədir”.

E. Süleymanovun sözlərinə görə, Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içində saxlayır: “Bu ölkənin rəsmi təmsilçiləri hər vəchlə öz işğalçılıq əməllərini gizlətmək üçün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin saxlanılmasına və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin gecikmiş də olsa, siyasi-ictimai, elmi dövriyyədə öz təsdiqini tapmasının qarşısını almağa çalışırlar. Biz isə 2085 (2016) saylı qətnamə ilə bu sindromu sındırmaqda israrlı olmalıyıq”.