az
en
ru
SEARCH
AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
MENU
MENU
ANA SƏHİFƏ
HAQQIMIZDA
MƏQSƏDLƏRİMİZ
ƏMƏKDAŞLARIMIZ
AZƏRBAYCAN
ƏRAZİ
ƏHALİ
TARİX
XƏRİTƏ
DÖVLƏT RƏMZLƏRİ
KONSTİTUSİYA
SİYASƏT
İQTİSADİYYAT
MƏDƏNİYYƏT
BAYRAMLAR
TURİZM
CƏMİYYƏT
QANUNVERİCİLİK
ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ
SƏNƏDLƏR
XƏBƏRLƏR
SƏRSƏNG SU ANBARI
Məktublar
Video
KİTABXANA
LAYİHƏLƏR
Home
BAŞ MƏQALƏ
Elxan Süleymanov: “Hazırladığımız ensiklopediya “Heydər Əliyev ili”ndə onun xatirəsinə həsr ediləcək”
Bu ilin ilk marşrut xətti Bakıdan Cocuq Mərcanlı istiqamətinə açılacaq
İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib
“Qars müqaviləsi – 100 il” mövzusunda yubiley poçt markaları dövriyyəyə buraxılıb
AVCİYA rəhbəri: “Göyçay şəhəri ilə qardaş Türkiyənin Qaraman şəhərinin arasında qardaşlaşmış şəhərlər münasibətinin qurulması təşəbbüsünün çox aydın və başa düşülən qaynaqları mövcuddur”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov Musavat.com-a maraqlı müsahibə verib. Onunla söhbəti təqdim edirik:
– Elxan müəllim, bir neçə gün bundan əvvəl, oktyabrın 13-də Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) reallaşdırdığı “Göyçay ensiklopediyası” layihəsi çərçivəsində hazırlanmış və bu fundamental əsərin bir bölümü olan “Göyçay tarixi” adlı kitabın təqdimatı keçirildi. Əvvəlcə bu və AVCİYA-nın indiyə qədər həyata keçirdiyi digər layihələr barədə məlumat verməyinizi istərdik.
– AVCİYA fəaliyyət dövründə ölkəmiz üçün aktuallıq kəsb edən problemlər üzrə müxtəlif istiqamətlərdə layihələr həyata keçirib, araşdırmalar aparıb, müxtəlif dillərdə kitablar və albomlar nəşr edib, beynəlxalq ekspertlərin iştirakı ilə ölkə daxilində və xarici ölkələrdə çoxsaylı konfranslar təşkil edib.
İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutub. AVCİYA-nın bu qəbildən olan işləri sırasında üç dildə nəşr edilmiş “Xocalı soyqırımı: milyon imza – bir tələb” adlı 16 cilddən ibarət kitablarını, AŞPA-da 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamənin qəbul edilməsilə nəticələnmiş irimiqyaslı “Sərsəng harayı” layihəsini, yeddi dildə müxtəlif ölkələrdə (Azərbaycan, ABŞ, Rusiya, Belçika, Ukrayna və d.) çap olunmuş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” (2012), dörd dildə “Sərsəng SOS: Təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” (2014), “Sərsəng harayı” (2017), “Xocalı yaddaşı” (2017), “Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu)” (2019) və s. kitabları göstərmək olar.
Həmçinin, 2021-ci ildə Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” və “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” albom-kitabları çapdan çıxıb.
Ölkəmizin ayrı-ayrı regionlarının tarixinin araşdırılması, həmin regionların ensiklopediyasının hazırlanaraq nəşr edilməsi, müxtəlif hərbi-siyasi məsələlərin tədqiqi AVCİYA-nın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu kontekstdə qeyd edilməlidir ki, indiyədək AVCİYA “Şamaxı ensiklopediyası” (2015) kimi fundamental tədqiqatı da çap edərək oxucular auditoriyasına təqdim edib. Bununla yanaşı, qədim Şamaxı bölgəsi ilə bağlı 2 dildə “Şamaxı soyqırımı 1918” (2014), “Şamaxı qırmızı terrorun hədəfində” (2015) adlı tədqiqat əsərləri kitab şəklində çap edilib.
– Göyçay ensiklopediyası nə zaman hazır olacaq?
– Bir neçə ildir ki, AVCİYA kollektivi Azərbaycanın digər inzibati bölgəsi olan qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini hazırlayaraq ölkə icitmaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə təqdim edib.
AVCİYA bu günlərdə “Göyçay ensiklopediyası” silsiləsindən növbəti əsəri olan və Göyçayın tarixinin tədqiqinə həsr edilmiş “Göyçay tarixi” (2022) adlı kitabını Azərbaycan ictimaiyyətinin diqqətinə təqdim edib.
Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, mən AVCİYA-nın prezidenti olaraq Assosiasiyanın həyata keçirdiyi digər layihələr kimi “Göyçay ensiklopediyası” silsilə layihəsinin, o cümlədən “Göyçay tarixi” kitabının da ideya müəllifi və layihə rəhbəriyəm. Adı çəkilən kitabın müəllifi isə AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlıdır.
– Göyçay rayon İcra hakimiyyəti rəhbərliyinin, məsul şəxslərinin və rayon ictimaiyyətinin, o cümlədən AVCİYA ekspertlərinin və tanınmış alimlərin iştirakı ilə keçirilən tədbir zamanı Göyçay şəhəri ilə qardaş Türkiyənin Qaraman şəhərinin arasında qardaşlaşmış şəhərlər münasibətinin qurulmasını təşəbbüsü ilə çıxış etdiniz və bu təşəbbüsə dəstək verilməsi xahişi ilə Göyçay rayon İcra hakimiyyətinə rəsmi məktub təqdim etdiniz. Bu maraqlı təşəbbüsün qaynaqları barədə oxuculara məlumat verməyinizi xahiş edirik.
– Hesab edirəm ki, Göyçay şəhəri ilə qardaş Türkiyənin Qaraman şəhərinin arasında qardaşlaşmış şəhərlər münasibətinin qurulması təşəbbüsünün çox aydın və başa düşülən qaynaqları mövcuddur. Yuxarıda qeyd etdiyim kimi, AVCİYA bir neçə ildir ki, uzun illərdir Göyçayın tarixi ilə bağlı layihələr həyata keçirir. Bu layihələrin nəticəsi olaraq “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)”, “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” və “Göyçay tarixi” kitabları nəşr olunub. Bundan əlavə hazırda “Göyçay ensiklopediyası” üzərində intensiv işlər davam etdirilir.
Qeyd etməliyəm ki, Göyçay əhalisinin mənşəyinin qədim oğuz türk tayfalarından biri olan Qaramanlı tayfası ilə sıx bağlı olması haqqında elmi faktlar mövcudur. AVCİYA Göyçay tarixi ilə bağlı apardığı tədqiqatlar nəticəsində aşkara çıxarıb ki, Göyçay rayonunda Qaraman kəndi və Göyçay çayı olduğu kimi, qardaş Türkiyə Cümhuriyyətində də eyni adlı vilayət, şəhər və çay adları mövcuddur. Hazırda qardaş ölkədə Qaraman və Göyçay soyadı daşıyan çoxlu sayda insan, Göyçay çayı, Göyçay parkı, Qaraman, Göyçay yer adları vardır.
Odur ki, bu qədim tarixi əlaqələri və müasir dövrdə ölkələrimiz arasında qardaşlıq münasibətlərini nəzərə alaraq AVCİYA Göyçay şəhəri və Türkiyənin Qaraman şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətinin qurulması təşəbbüsü ilə çıxış edir. Hesab edirəm ki, Göyçay şəhəri və Türkiyənin Qaraman şəhəri arasında qardaşlaşma iki tərəf üçün əhəmiyyət kəsb edəcək, həmçinin mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə və digər sahələrdə əlaqələrin daha da inkişaf etməsinə yaxından köməklik göstərəcək. 13 oktyabrda Göyçay şəhərində Heydər Əliyev Mərkəzində “Göyçay tarixi” kitabının təqdimat mərasimində AVCİYA Azərbaycanın Göyçay və Türkiyənin Qaraman şəhərlərinin qardaşlaşması təşəbbüsünə dəstək verməsi xahişi ilə Göyçay rayon İcra hakimiyyətinə müraciət təqdim etdi. AVCİYA təşəbbüsü irəli sürür, bu təşəbbüsün reallaşması isə Göyçay Rayon İcra Hakimiyyətindən asılıdır.
Eyni zamanda bildirmək istərdim ki, AVCİYA qeyd edilən təşəbbüsün reallaşması istiqamətində bütün texniki və təşkilati işləri öz üzərinə götürür.
Maraq üçün vurğulamaq istərdim ki, indiyədək 4000-dən artıq şəhər, o cümlədən Azərbaycanın 13 şəhəri Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına üzv olub.
– Qeyd etdiniz ki, AVCİYA uzun illər ərzində Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı çoxsaylı layihələr həyata keçirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı azad etdi. Bu şanlı qələbədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Bilmək istərdik, AVCİYA Zəfər müharibəsindən sonra Qarabağ mövzusunda yeni layihələr həyata keçirirmi?
– Əlbəttə. AVCİYA Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra da Qarabağ mövzusunda layihələr həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirir, Zəfər müharibəsinin müxtəlif aspektləri ilə bağlı layihələr həyata keçirir. Bu qəbildən 2021-ci ildə nəşr edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” albom-kitabını qeyd etməyi vacib hesab edirəm.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 31 Dekabr 2021-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrik müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi. Cənab Prezident xalqa təbrik müraciətində bildirdi ki: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Prezident İlham Əliyev 5 yanvar tarixdə 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncam imzaladı.
Odur ki, AVCİYA 2022-ci ildə həyata keçirdiyi layihələri “Şuşa ili” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara aldı. Qeyd etməliyəm ki, AVCİYA kollektivi, yaradıcı heyəti və ekspertləri tərəfindən hazırda beş layihə üzərində intensiv işlər gedir və 4 layihəmiz Zəfər Bayramı ərəfəsində sizlərə təqdim olunacaq.
– Bu layihələr çərçivəsində işıq üzü görəcək kitabların barədə nə deyə bilərsiz?
– “Şuşa: müxtəsər tarix (1752-2022)” kitabı AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının qələminin məhsuludur. Məhərrəm müəllim tanınmış tarixçilərimizdəndir və əsərin adından da göründüyü kimi kitab Şuşamızın şərəfli tarixinə həsr edilib.
“İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” kitabı AVCİYA-nın eskperti, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev və assosiasiyamızın üzvü Emin Sevdimalıyev tərəfindən yazılıb.
“Şuşa: ədəbi-mədəni mühit” kitabının müəllifi AVCİYA-nın vitse-prezidenti, görkəmli filoloq alim Asif Hacılıdır.
Hesab edirəm ki, dördüncü layihəmiz də çox maraqlıdır. AVCİYA-nın 1905.az portalının redaksiyasında cari təqvim ilində, 26 yanvardan 10 oktyabra baş tutmuş söhbətlər silsiləsində Şuşa ilə bağlı ən müxtəlif mövzular onlarla mütəxəssisin iştirakı ilə müzakirə edilib. Məhsuldar jurnalist, 1905.az portalının direktoru Fuad Babayevin tərtib etdiyi kitab belə adlanır: “Bizim Şuşa” (söhbətlər).
Şuşanın 270 illik tarixinin ən mühüm məqamlarından söhbət açacaq daha bir kitabımız, bu əslində kitab-albom olacaq, bir neçə həftə sonra işıq üzü görəcək. Həmin kitaba Şuşa ilində Zəfər Bayramı təntənələrindən bəhs edən şəkillər də daxil ediləcək.
İnanıram ki, Azərbaycan ictimaiyyəti bu layihələri maraqla qarşılayacaq.
– Vurğuladınız ki, AVCİYA Göyçay Ensiklopediyası üzərində işləyir. Ensiklopediya ciddi elmi redaksiya heyətinin olmasını tələb edir.
– Tamamilə doğru buyurursunuz. Ensiklopediya əsərlər çox ciddi araşdırmalar aparılmasını və təqdim edilmiş məlumatların dolğun, oyektiv olmasını tələb edir. Biz bu tələbləri nəzərə alaraq “Şamaxı ensiklopediyası”nda( Bakı 2015) qazandığımız təcrübədən istifadə edirik.
Bilirsiniz ki, AVCİYA 2015-ci ildə 899 məqalədən, 6 böyük həcmli oçerkdən, 663 fotoşəkil və illüstrasiyadan və 20 xəritədən ibarət olan “Şamaxı ensiklopediyası”nı hazırlayıb ölkə ictimaiyyətinə təqdim etdi. Bu əsərlə bağlı AVCİYA-ya daxil olan məlumatlar bir daha sübut edir ki, “Şamaxı ensiklopediyası” dolğun və hərtərəfli əsərdir. Beləliklə, biz “Şamaxı ensiklopediyası”nı hazırlayarkən qazandığımız təcrübədən yararlanaraq “Göyçay ensiklopediyası” üzərində iş başlayanda ilk olaraq Azərbaycanın görkəmli ziyalılarından ibarət elmi redaksiya şurası formalaşdırmışıq.
Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Vətənim bütün bölgələri mənim üçün əzizdir. Azərbaycanın bütün bölgələrində, alimlər, ziyalılar yetişib. Göyçaylı olduğum üçün yox, amma fəxr və qürur hissi ilə deyə bilərəm ki, 19-cu əsrdə 7 rayonu özündə birləşdirən qəza paytaxtı, qədim tarixə, zəngin mədəniyyətə malik olan Göyçay yazıçılar, şairlər, alimlər, ümumilikdə çoxlu sayda ziyalılar yetişdirib.
Ensiklopediyamızın zənginliyinə nail olması üçün redaksiya heyətinin böyük əksəriyyətini Göyçayda doğulub-böyümüş, bu gün böyük şöhrətə sahib olan ziyalılar təşkil edir. Onları sizə böyük məmnuniyyətlə təqdim etmək istərdim.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şövqi Göyçaylı, Hacettepe (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Kamal Soltanov, Bilkənd (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov, filologiya elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, İsveçin Umea Universitetində elmi işçi və mühazirəçi, dosent vəzifəsində çalışan Səadət xanım Kərimi, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, Göyçay ziyalıları adından əməkdar müəllim Pərviz Yəhyalı və digər tanınmış simalar “Göyçay ensiklopediyası”nın elmi redaksiya şurasının üzvləridir.
Eyni zamanda qeyd etməliyəm ki, AVCİYA-nın ekspertləri – tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacılı, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevhetitage.org.) icraçı direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev də qeyd edilən ensiklopediyanın elmi redaksiya Şurasında yer alıblar.
Hazırda ensiklopediya üzərində intensiv işlər aparılır və 2023-cü ildə yekunlaşdırılaraq nəşr ediləcək. Bildiyimiz kimi, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə Sərəncam imzalayaraq 2023-cü ili “Heydər Əliyev ili” elan edib. Odur ki, AVCİYA “Göyçay ensiklopediyası”nı ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edir. Əminəm ki, bu kitabı 10 may ərəfəsində geniş ictimaiyyətə təqdim edə biləcəyik.
Aydındır ki, “Göyçay ensiklopediyası”nda Azərbaycan dövlət quruculuğunda xidmətləri olmuş ictimai-siyasi xadimlər, ölkəmizin və rayonun inkişafında xidmətləri olan, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş şəhidlər və qazilər, elm, təhsil, səhiyyə, texnika və digər sahələrdə uğurlar əldə etmiş, tanınmış şairlər və yazıçılar, aktyorlar, ölkə və rayon iqtisadiyyatına töhfələr vermiş iş adamları olan göyçaylılar haqqında məlumatlar yer alacaq. Biz çalışırıq ki, bu insanlar haqqında ensiklopediyada dolğun məlumatlar əks etdirilsin. Bir çox hallarda bu məlumatların toplanmasında bizə göyçaylılar yaxından köməklik göstərməlidirlər.
Biz çalışırıq ki, bu ensiklopediyada dolğun məlumatlar əks etdirək, bu işdə göyçaylıları bizə yaxından kömək etməyə dəvət edirik. Ölkəmiz, Göyçay rayonu qarşısında xidmətləri olan kiminsə haqqında məlumat Ensiklopediyada əks etdirilməməsini istəmirik.
Odur ki, hər bir göyçaylını “Göyçay Ensiklopediyası”nın işçi qrupu ilə əməkdaşlığa dəvət edirik.
Qeyd edim ki, Ensiklopediya
https://goychay-encyclopedia.az/
portal olaraq fəaliyyətdədir. Və hər kəs bu ünvana daxil olub Ensiklopediya ilə tanış ola bilər. Ensiklopediya mütəmadi olaraq təkmilləşir və oxucuların kitab çap olunana qədər məlumatlarda rast gəlinə biləcək qeyri-dəqiqlikləri aradan qaldırmaqda ümumi işimizə kömək etmək imkanları var.
Mən ensiklopediyanın ideya rəhbəri, naşiri, həm də göyçaylı olaraq “Göyçay ensiklopediyası”nın dolğun və hərtərəfli olmasına xüsusi önəm verirəm. Ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün göyçaylılara müraciət edirəm. Arzu edirəm ki, göyçaylılar ensiklopediyanın hazırlanmasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə yanaşı həmmüəllif kimi iştirak etsinlər.
Elə edək ki, heç kəsi unutmayaq, sizdən faktlar və məlumatlar gözləyirik.
Musavat.com
Newer Post
AVCİYA-nın 2022 – Şuşa ilinə dəyərli töhfəsi: Assosiasiya Şuşa layihələri çərçivəsində dördcildlik monoqrafik toplu hazırlayaraq dərc etmişdir
Older Post
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər
© 2017 AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI
1905.az STUDIO
Type something and Enter