Elxan Süleymanov: “Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir”

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Elxan Suleymanovun (AVCİYA-nın Prezidenti, millət vəkili) çıxışı
Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamenti: Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Sərsəng su anbarına dair qətnamənin qəbul olunmasını şərh edib.

APA həmin şərhi təqdim edir:

AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə edilərək qəbul edilib. Müzakirələr gərgin keçib. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.

Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilmədi. Qeyd edilməlidir ki, irəli sürülən düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və 4 noyabrda Siyasi Məsələlər Komitəsi tərəfindən qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və bu cəfəngiyyat xarakterli daşıyan düzəliş də qəbul edilmədi. Sonda bosniyalı deputat, xanım Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyuldu, 22 səs lehinə, 3 səs isə əleyhinə olmaqla, əksər səs çoxluğu ilə qəbul edildi. Bu tarixi qələbə oldu.

Bu qələbə ciddi mübarizə nəticəsində mümkün olub və ona qısa nəzər salmağı vacib hesab edirəm.

 

AVCİYA-nın “Sərsəng harayı” layihəsi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirməyə başladı.

Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarət olub.

Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Göranboy rayonlarında layihənin ofisləri fəaliyyət göstərib, layihənin internet səhifəsi yaradılıb. Mütəmadi olaraq KİV vasitəsi ilə dünya ictimaiyyəti məlumatlandırılıb. Bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət göstərən 3 mindən artıq KİV-də ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə məlumatlar dərc edilib.

Layihə çərçivəsində müxtəlif konfranslar, təlim və seminarlar, müsabiqələr keçirilib. Belə ki, 2013-cü ilin sentyabr ayında layihə çərçivəsində Tərtər şəhərində yerləşən Gənclər Mərkəzində beynəlxalq konfrans, 9-11 noyabr 2013-cü il tarixlərində Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Goranboy rayonlarında ictimaiyyətin və vəzifəli şəxslərin iştirakı ilə 5 dəyirmi masa keçirilib.

Gənc rəssamlar arasında “Sərsəng harayı” adlı rəsm müsabiqəsi və jurnalistlər arasında Sərsəng su anbarının təhdidlərinə dair məqalə müsabiqəsi keçirilib.

Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən rayonların sakinləri tərəfindən beynəlxalq təşkilatlara göndərilmiş minlərlə müraciətlərin öz ünvanlarına çatdırılması təşkil edilib. AVCİYA-nın “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəg SOS: Humanitar Böhran Təhdidi“ və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit“ adlı kitablar nəşr edilib, 10 dekabr 2014-cü il tarixində Beynəlxalq İnsan Hüquqları günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri və ictimai xadimlərin iştirakı ilə “Sərsəngə yürüş” aksiyası keçirilib.

Qeyd etmək istərdim ki, AVCİYA fəaliyyətdə olduğu 10 il ərzində vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə layihələr icra edib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutub. AVCİYA-nın bu qəbildən olan işləri kimi, üç dildə nəşr edilmiş “Xocalısoyqırımı: milyon imza – bir tələb” kitabını,  Qarabağla bağlı təsis olunmuş elektron jurnalı, Qarabağa edilən yürüşləri və sair qeyd etmək olar. Sərsəng layihəsi isə görülən bütün bu işlərin zirvəsində durur. Çünki bu layihə vasitəsilə 23 ildir unudulmuş Sərsəng problemi aktuallaşdırılıb, problemin beynəlxalq aləmə çatdırılmasına nail olunub və nəhayət, Sərsəng su anbarına dair qətnamə layihəsinin beynəlxalq platformada gündəmə gətirilməsinə təkan olub.

Sərsəng beynəlxaq platformada

a) ATƏT PA

ATƏT PA-nın 3 iyul 2013-cü il tarixdə İstanbulda sessiyası keçirildi. Sərsəng su anbarı ilə bağlı “Enerji Təhlükəsizliyinin Ətraf Mühit ölçüsü” adlı qətnamə layihəsinin 10-cu və 16-cı bəndlərinə 2 düzəliş təklifi təqdim edildi.

Lakin bu düzəlişlər səsvermə zamanı anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində qəbul edilmədi.

b) Avronest PA

Sərsəng su hövzəsində gözlənilən humanitar fəlakətə dair 2013-cü ilin may ayında Avronest PA-da təcili qətnamə layihəsi təqdim etdik. Bu qətnamə layihəsi prosedur qaydalarına əməl edilməklə və vaxtında təqdim edilməsinə baxmayaraq, Avropa Parlamentinin bəzi anti-Azərbaycan deputatlarının və siyasi fraksiyaların səyləri nəticəsində müxtəlif bəhanələrlə gündəlikdən çıxarıldı.

c) AŞPA rəhbərliyi ilə Sərsəng döyüşü

Mənim müəllifliyim və təşəbbüsümlə AŞPA-nın 2013-cü ilin yaz və yay sessiyaları zamanı Ermənistanın işğalı altında olan Sərsəng su anbarına dair sənəd 2 qətnamə təklifi təqdim edildi. Lakin AŞPArəhbərliyi məqsədyönlü şəkildə onun  müzakirələrə çıxarılmasının qarşısını aldı.

Bunlara baxmayaraq, 25 iyunda AŞPA-da mənim müəllifliyimlə və Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Lakin Sədarət Komitəsində bu sənədin də qarşısı alındı.

Sərsəng su anbarının vəziyyəti və təhdidləri ilə bağlı məruzə hazırlanmasına dair cəhdlərimizin qarşısının alınmasına baxmayaraq, 2014-cü ilin mart ayında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı yeni qətnamə təklifi irəli sürdüm. Bu təklif əvvəlcə 6 aprel 2014-cü il tarixdə Strasburqda Sədarət Komitəsində müzakirə edildi. Bu dəfə Sədarət Komitəsinin qətnamə təklifinə dair məruzə hazırlanması barədə rəy qəbul edildi. Büro 11 aprel iclasında məsələnin məruzə hazırlanması üçün Sosial Məsələlər Komitəsinə göndərmək qərarı verdi. Bu qərar elə həmin gün Büronun iclasından dərhal sonra Assambleyanın plenar sessiyasında təsdiqləndi. Nəhayət, 2014-cü ilin 12 may tarixində Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən iclasında Bosniyalı deputat xanım Milisa Markoviçi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinin hazırlanması üçün məruzəçi təyin etdi.

d) Məruzəyə və məruzəçiyə hücumlar

Ermənistan tərəfi problemin ATƏT-in Minsk Qrupu çərçivəsindən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə çıxış edir və bunun danışıq prosesinə mane olduğunu bəhanə gətirərək, öz işğalçı siyasətini ört-basdır etməyə çalışır, Azərbaycan ərazilərini işğal etməsi və işğal altında olan Sərsəng su anbarı ilə bağlı AŞPA-da hər hansı müzakirələr aparılmasının və qətnamələr qəbul edilməsinin qarşısını almağa çalışır. Odur ki, Ermənistan tərəfi “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəçi Robert Volter kimi “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”nə dair məruzəçi Milisa Markoviçlə də əməkdaşlıq etməkdən imtina edib.

AŞPA katibliyi məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaratması xahişi ilə Ermənistan tərəfinə müraciət ünvanladı. Lakin Ermənistan hakimiyyəti məruzəçiyə Sərsəng su anbarının yerləşdiyi əraziyə səfər etməsi üçün şərait yaratmayıb. Ermənistanın AŞPA katibliyinə cavabı isə qeyri-ciddi və gülünc olub. Belə ki, işğalçı Ermənistan bu məsələnin onlara aid olmadığını və riyakarcasına heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”-ə müraciət etməyi məsləhət görüb. Ermənistan bu təxribat xarakterli cavabı ilə AŞPAməruzəçisini qondarma “DQR”-lə əməkdaşlığa təhrik etmək və sonra da bütün dünyaya AŞPA-nın guya “DQR”-i tanıması və onunla əməkdaşlıq etməsi barədə sərsəm xülyaları reallaşmadı. Ermənistan tərəfi bu addımı atmaqla, faktiki olaraq, AŞPAməruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina etmiş oldu.

Ermənistanın bu destruktiv mövqeyinə baxmayaraq, xanım deputat Milisa Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər edib, Azərbaycanda rəsmi dövlət orqanları ilə, “SOS Sərsəng” layihəsi həyata keçirən AVCİYA nümayəndələri ilə görüşlər keçirib, Sərsəng su anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara səfər etmiş, yerli əhali ilə söhbət edib, yerlərdə real vəziyyətlə tanış olub və məruzəni hazırlayaraq, Sosial Məsələlər Komitəsinə təqdim edib.

Ermənistan tərəfi hər vəchlə məruzənin hazırlanmasının, Komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışıb. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri səviyyəsində AŞPAüzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər edib, Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışıb, məruzəçinin Sərsəng su anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin gündəlikdən çıxarılmasını tələb ediblər.

e) Ermənistana işğalçı möhürü vuruldu

Qeyd edilməlidir ki, işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın dərhal azad edilməsinə dair təqdim etdiyim 2 qətnamə layihəsi əsasında Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə gərginliyin artmasına dair” hazırladığı məruzəsinin noyabr ayının 4-də Siyasi Məsələlər Komitəsinin iclasında qəbul edilməsi ilə Ermənistana işğalçı damğası vurulmuş oldu.

Bununla bərabər, Sosial Məsələlər Komitəsində mənim təklif etdiyim üçüncü qətnamə təklifi əsasında yenə də noyabr ayında “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinin qəbul edilməsi Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirməsi üçün hətta dünyada həyat mənbəyi hesab edilən sudan silah kimi istifadə etməsini dünyaya bəyan etmiş oldu və Ermənistana vurulmuş işğalçı möhürünü bir daha təsdiqlədi.

f) Ermənistanın təlaşı və özünümüdafiə cəhdləri

AŞPA Siyasi Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə qəbul edildikdən sonra məğlubiyyət təlaşı yaşayan ermənilər 23 noyabrda Sərsəng su anbarına dair qətnamə layihəsinin də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira və sair bu kimi özlərinə xas olan yollarla öz riyakarlıqlarını həyata keçirməyə başladılar. Bütün bunlarla yanaşı onlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər. Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan 20  noyabr 2015-ci il tarixli brifinqdə bildirirdi ki, onun da daxil olduğu Ermənistanın AŞPA-da nümayəndə heyəti işğala dair qətnamə təklifi üzrə məruzəçi Jan-Klon Minyonun təyin olunmasına çalışmış, lakin uduzmuşlar. Bununla da o, ermənipərəst Jan-Klod Minyonla işbirliklərini açıq etiraf edir. Jan-Klod Minyon AŞPA prezidenti olduğu dövrdə həm işğalla bağlı, həm də Sərsəng su anbarına dair verdiyim qətnamə təkliflərinə iki dəfə veto qoymuşdur. Bu məruzələr gündəmə gələn dövrdən bu günədək AŞPA prezidenti olmuş hər iki şəxs- Jan-Klod Minyon və Ann Brassör deputatların yaddaşında Azərbaycan torpaqlarının işğalı ilə bağlı hər iki məruzəyə qarşı kəskin mövqedə olan və ermənilərin müdafiəsində duran AŞPA rəhbərləri kimi qalacaqlar. Yeri gəlmişkən hər iki məruzədə, eləcə də Azərbaycanla bağlı digər məsələlərdə Azərbaycana qarşı düşmən mövqedə olan, ölkəmizin mənfi imicini formalaşdırmaq üçün daim böyük fədakarlıqlar göstərən AŞPA Baş Katibi Savitskinin də misilsiz “xidmətləri”ni  qeyd etmək istərdim.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmin ərəfədə, 20 noyabr 2015-ci il tarixində geniş müsahibə ilə çıxış etdi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını, Minsk Qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan edib. Halbuki, Minsk Qrupu həmsədri Ceyms Uorlik 06 noyabr 2015-ci il tarixində yerli xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını, AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır olduqlarını bildirmişdi.

Edvard Naldandyanın bildirdiyinə görə, məruzəçi Robert Volterin Dağlıq Qarabağa səfər etmək üçün guya 22 sentyabr tarixində  qondarma “DQR” rəhbərliyinə yazılı müraciət edib,  guya qondarma “DQR” Sərsəng su anbarı məsələsində də əməkdaşlıq etmək niyyətindədir, onlar AŞPA məruzəçisini qəbul etməyə hazırdırlar.

Burdan da açıq-aydın görünür ki, işğalçı tərəf separatçı rejimin adını hallandırmaqla xal qazanmaq, işğalı qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma məruzəçinin məktub göndərməsi və ya hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyyatdır. Qəbul edilmiş son qətnamədə də AŞPA birmənalı olaraq Ermənistanı işğalçı adlandırır, AŞPA ilə məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə görə Ermənistanı ittiham edir.

Bu faktlar bir daha sübüt edir ki, Naldandyan, düşdükləri məğlub durumdan çıxmaq üçün yalan danışmaqdan, dünya ictimaiyyətini açıq şəkildə aldatmaqdan belə çəkinmir. Öz məğlubiyyətləri ilə barışa bilməyən ermənilər eyni zamanda günahkar axtarışına da çıxmışdılar.

Noyabr ayında ilk məğlubiyyətlərindən sonra təşvişə düşmüş ermənilər etdikləri bütün riyakarlıqlara baxmayaraq, növbəti dəfə uğursuzluğa düçar oldular.

Nəticə

Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasında qəbul edilmiş “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsi Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng su anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir.

Bu qətnamə çox vacib və xüsusi əhəmiyyət kəsb edən sənəddir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı faktı bir daha öz təsdiqini tapır, işğal altında olan ərazilərə qonşu olan Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan əhalisi üçün humanitar və ekoloji problemlər yaratmasını pislənir, Sərsəng su anbarının baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır, Ermənistan hakimiyyətindən su ehtiyatlarından siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq və öz silahlı qüvvələrini sözügedən regiondan dərhal geri çəkməsi tələb edilir.

Bütövlüklə, bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir, Ermənistanın işğalı nəticəsində bölgədə yaranmış vəziyyətlə dünya ictimaiyyətini məlumatlandırır, danışıqlarda Azərbaycanın mövqeyini gücləndirir, beynəlxalq aləmdə Ermənistana siyasi təzyiqlərin artırılması üçün Azərbaycanın imkanlarını genişləndirir.

Xüsusilə vurğulamalıyam ki, AŞPA-da işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın azadlığa buraxılmasına dair 2 qətnamə təklifi əsasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” qətnaməsinin, həm də Sərsəng su anbarına dair “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbulu uğrunda mübarizə həmişə Azərbaycan Respublikasının Prezidentinin nəzarəti altında olmuşdur və bu qətnamələrin qəbulu Prezident İlham Əliyevin  xarici siyasətinin növbəti uğurudur.