Elxan Süleymanov: “Sərsəng su anbarındakı vəziyyətlə bağlı Tərtərdə beynəlxalq konfrans keçiriləcək”

“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Müdafiə Nazirliyi: Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
“Erməni tərəfi su anbarından birgə istifadə kimi hiyləgər ideya ortaya atıb və çalışır ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsin”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Ermənistan işğalı altında qalan Sərsəng su anbarı ilə bağlı layihə həyata keçirir. Mövzu ətrafında maraq doğuran sualları AVCİYA-nın prezidenti, millət vəkili və adı çəkilən layihənin rəhbəri Elxan Süleymanov cavablandırır

– Cari ilin may ayında mətbuat konfransı keçirərək AVCİYA-nın Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başladığını bildirdiniz. Layihənin gündəmə gəlmə səbəbləri və məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

– Ölkəmizin Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu daxil olmaqla 20% ərazisi 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir sıra obyektlər qalıb. Bunlardan biri də Sərsəng su anbarıdır.

Su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi üzündən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı. İşğal nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə imkanlarından məhrum edildi. Aydındır ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Təsəvvür edirsinizmi, Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, həmin insanlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər.

Digər tərəfdən, işğalçı dövlət qışda suyu Sərsəng su anbarından buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə, suyun qarşısını kəsirlər. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulub, əkin sahələrinin suvarılmasında problemlər yaranıb, yaşıllıqlar quruyaraq məhv olub, torpağın bioloji strukturunda dönməz proseslər baş verib, bölgədə ciddi ekoloji gərginlik yaranıb. Təəssüf ki, uzun müddət ərzində Azərbaycan ictimaiyyəti tərəfindən Sərsəng su anbarının vəziyyətinə və onun fəsadlarına diqqət yetirilməyib, beynəlxalq təşkilatlarda bu məsələ gündəmə gətirilməyib. Odur ki, AVCİYA bu boşluğu aradan qaldırmaq məqsədilə böyük bir layihəyə start verdi. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət, bioloji və ekoloji böhran vəziyyəti, həmçinin 22 il ərzində 6 rayonun iqtisadiyyatına dəyən ziyan barədə təkcə Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarətdir.

– Artıq layihənin başladığı vaxtdan iki ay yarımdan artıq müddət keçib. Layihə çərçivəsində bu müddət ərzində görülmüş işlər barədə nə deyə bilərsiniz?

– Layihənin başlandığı vaxtdan keçən müddət ərzində artıq bir sıra təşkilati işlər həyata keçirilib. İlkin mərhələdə layihənin planı hazırlanıb, layihə üzrə işçi qrup formalaşdırılıb, üzvlər arasında iş bölgüsü aparılıb, işçi qrup ofis və zəruri avadanlıqlarla, o cümlədən kompüterlərlə, fotokameralar və s. ilə təmin edilib. Layihənin əlaqələndiricisi Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Goranboy rayonlarına səfərlər edib, həmin rayonların icra hakimiyyətləri başçıları, müavinləri, müvafiq vəzifəli şəxsləri ilə görüşlər keçirib, Bərdə şəhərində layihənin regional ofisi açılıb, qeyd edilən bütün rayonlar üzrə layihənin əlaqələndiriciləri müəyyənləşdirilib.

Rəsmi məlumatlar əldə etmək və layihənin həyata keçirilməsində birgə fəaliyyətin qurulması məqsədilə ölkəmizin bir sıra nazirlikləri və dövlət komitələri ilə əlaqələr qurulub, müvafiq danışıqlar aparılıb, Fövqəladə Hallar NazirliyiKənd Təsərrüfatı Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Statistika Komitəsi və digər qurumlara müraciətlər göndərilib, bir sıra görüşlər keçirilib.

Layihənin İnternet səhifəsinin yaradılması üzrə danışıqlar aparılıb, səhifənin modeli hazırlanıb və İnternetə yerləşdirilib, səhifənin domen və hostinqi alınıb, menyusu hazırlanıb. Hazırda səhifəyə yerləşdirmək üçün materialların toplanması həyata keçirilir. Sentyabrın 3-də Tərtərdə keçiriləcək beynəlxalq konfransda saytın təqdimatı olacaq.

Görülən işlərlə bağlı mütəmadi olaraq KİV vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmışıq. Yeri gəlmişkən, bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət göstərən 3 mindən artıq KİV-də ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə məlumatlar dərc edilib. İşğal altında olan Sərsəng su anbarının yarada biləcəyi humanitar faciə ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa ŞurasıAvropa Parlamenti və AvroNest Parlament Assambleyasına qətnamə layihələri təqdim olunub. Bizim bilavasitə təşəbbüsümüz və təşkilatçılığımızla cari ilin iyun ayının 9-da Vyanada Avstriyanın keçmiş kansleri Alfred Qusenbauerin moderatorluğu ilə keçirilən beynəlxalq konfransda, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 79 ölkədən 269 nəfər nüfuzlu parlamentarların iştirakı ilə Bakıda keçirilmiş 11-ci illik konfransında  Sərsəng su anbarı ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.

– Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verməyinizi xahiş edirik.

– Layihə çərçivəsində görüləcək işlərin əhatə dairəsi çox böyükdür və iş prosesində bu dairə daha da genişlənir, yeni nüanslar üzə çıxır. Bu səbəbdən həmin işlərin mərhələlərlə yerinə yetirilməsi barədə qərar qəbul edilib. Odur ki, mən sizə yaxın bir ay müddətində görüləcək işlər barədə məlumat verəcəyəm.

Qeyd edilən müddət ərzində layihə iştirakçıları bölgəyə səfərlər edəcəklər, yerində foto və video çəkilişlər aparacaqlar, əhali və yerli mütəxəssislərlə Sərsəng su anbarının işğalda qalması nəticəsində onların qarşılaşdığı problemlərə, o cümlədən kənd təsərrüfatına vurulmuş zərərə dair müsahibələr aparılacaq.

Bunlarla yanaşı, yaxın günlər ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəlikləri və bir sıra ölkələrin səfirlikləri ilə layihə çərçivəsində əməkdaşlığa dair danışıqların təşkil edilməsi planlaşdırılır. Layihə çərçivəsində Sərsəng su anbarının işğalı nəticəsində 22 il ərzində Azərbaycana vurulmuş maddi zərərin hesablanması, humanitar, ekoloji və bioloji fəlakətlərə dair araşdırmalara başlanılıb.

Nəhayət, AVCİYA Sərsəng su anbarındakı mövcud vəziyyətlə bağlı Tərtərdə sentyabr ayının əvvəlində beynəlxalq konfrans keçirəcək. Məruzə ilə yerli ekspertlərlə yanaşı, 3 xarici ekspert də çıxış edəcək. Xüsusilə vurğulamaq istərdim ki, konfrans tək ölkə media nümayəndələrinin deyil, eyni zamanda çoxsaylı Qərbi Avropa ölkələrini təmsil edən tanınmış xarici jurnalistlərin iştirakı ilə keçiriləcək və biz bununla konfransda səslənən fikirlərin dünya mediasında geniş işıqlandırılmasına nail olacağıq.

– Bu günlərdə işğalçı rejimin təmsilçisi Sərsəng su anbarı ilə bağlı sensasion təkliflə çıxış edib. O, Azərbaycan tərəfini Sərsəng su anbarından birgə istifadə etməyə çağırıb…

– Hesab edirəm ki, burada heç bir sensasiya yoxdur. Əksinə, biz işğalçı rejimin təmsilçisini belə bir təkliflə çıxış etməyə hansı proseslərin məcbur etməsi və bu təklifin mahiyyəti barədə fikirləşməliyik. Bununla bağlı biz konkret iş aparmışıq. Qeyd etməliyəm ki, biz dünya mediasında problemi geniş işıqlandırmışıq, beynəlxalq təşkilatlarda, o cümlədən hazırda AŞPA və AVRONEST PA-da müvafiq qərarların qəbul edilməsinə çalışırıq. Onu da qeyd edim ki, cari ilin yaz və yay sessiyaları zamanı AŞPA-da bir qrup deputat iki dəfə Ermənistanın işğalı altında olan Sərsəng su anbarına dair sənədin qəbul olunması təşəbbüsü ilə çıxış etdilər. Sənədin hazırlanması, onları imzalayan deputatların coğrafiyası və sayının prosedur qaydalarına tam uyğun olmasına baxmayaraq, AŞPA rəhbərliyi məqsədyönlü şəkildə həmin sənədlərin müzakirələrə çıxarılmasının qarşısını aldı. Bir qrup deputatın imzası ilə AVRONEST PA-da yaz sessiyası zamanı analoji sənəd layihəsi təqdim edildi. Lakin bu sənəd də Avropa Parlamentinin bəzi deputatlarının və siyasi fraksiyaların səyləri nəticəsində müzakirələrdən çıxarıldı. Bütün bu haqsızlıqlara baxmayaraq, AŞPA-da iyun ayının 25-də mənim təşəbbüsümlə Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Bu sənəd artıq AŞPA-da payızda müzakirələrə çıxarılacaq və qurumun rəsmi İnternet saytında yerləşdirilib.

Beləliklə, AŞPA-da nə qədər işğalçı Ermənistanı açıq-aşkar öz çətiri altında saxlayıb ona himayədarlıq etmək və onun beynəlxalq-hüquqi məsuliyyətini gizlətməyə çalışsalar da, başa düşürlər ki, biz öz tələblərimizdə haqlıyıq və israrlıyıq. Odur ki, AŞPA-da ardıcıl olaraq təqdim edilmiş sənədlərin hamısının qarşısını almağın mümkün olmayacağını anlayırlar.

Onlar eyni zamanda işğalçı Ermənistanın hazırda Avropa Şurasının Nazirlər Şurası Komitəsinə sədrlik etməsi amilini də nəzərə alırlar. AŞPA-da həmçinin əksəriyyəti Qərbi Avropa dövlətlərindən olan AŞPA üzvlərinin təşəbbüslərinin prosedur qaydalarına zidd olaraq qarşısının alınmasının təşkilatın beynəlxalq imicinə ciddi zərbə vuracağını və böyük əks-səda doğuracaq hay-küyə səbəb olacağını da anlayırlar.

Görünür ki, AŞPA-da bu vəziyyəti işğalçı dövlətə başa salıblar və məsələnin qarşısının alınmasının qeyri-mümkünlüyünü bildiriblər. Bu səbəbdən işğalçı dövlətin təmsilçiləri yeni bir hiyləyə əl atıblar. Onlar çox ehtimal ki, beynəlxalq təşkilatların dəstəyi ilə Sərsəng su anbarının birgə istifadə edilməsi kimi hiyləgər ideyanı ortaya atıblar və çalışırlar ki, bunu hər iki tərəfin dinc əhalisini sülhə hazırlama layihəsinin tərkib hissəsi kimi təqdim etsinlər. İşğalçı tərəfin bu hiyləgərliyi Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq və onun guya qeyri-konstruktiv bir dövlət olması barədə dünya ictimaiyyətində fikir formalaşdırmaq məqsədi güdür. Bununla işğalçı Ermənistan torpaqlarımızı işğaldan azad etmək əvəzinə hiyləgərcəsinə dünya ictimaiyyətinə özünü sülhpərvər dövlət kimi təqdim etməyə səy göstərir.

İşğalçı dövlətin bu çirkin və hiyləgər təklifinin gündəmə gətirilməsi Avropa Parlamentində, AvroNest və Avropa Şurasının Parlament Assambleyalarında  qətnamə layihələrinin təqdim olunması təşəbbüsü və bu problemin qaldırılmasından sonra meydana gəlib. 25 ilə yaxın müddət ərzində işğalçı dövləti dəstəkləyən beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad olunması üçün təcavüzkar Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə belə hiyləgər və iyrənc ideyalarla yenə də təcavüzkara kömək etmək üçün səylər göstərirlər. Bu, bizi ciddi düşündürməlidir.