Elxan Süleymanov: “Şuşa adından xüsusi diqqətlə istifadə etməliyik”

Prezident İlham Əliyev – Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək

““Şuşa ili”nə dəyərli töhfələr verə biləcəyimizə inanıram”


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Musavat.com-un suallarını cavablandırıb. AVCİYA prezidenti ilə müsahibəni təqdim edirik:

– Elxan müəllim, Şuşada Zəfər Qurultayı baş tutdu. Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Azərbaycan dövlət başçısı 22 apreldə qurultayda çıxış etdi. İstərdik ki, söhbətə buradan başlayaq.

– Məmnuniyyətlə. Cənab Prezidentin çıxışını diqqətlə dinlədim. Zəfər Qurultayı da, dövlət başçımızın çıxışı da tarixdə həmişəlik qalacaq. Prezident İlham Əliyevin aşağıdakı sözlərini eşidəndə qürur hissi məni boğdu: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.”

– Bir neçə ay bundan əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 2022-ci ilə nəzərdə tutulmuş layihələri “Şuşa ili” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara alması haqda məlumat yayıldı.

– Doğrudur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 31 Dekabr 2021-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza ünvanladığı təbrik müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi və 5 yanvar tarixində bu haqda Sərəncam imzaladı.
Rəşadətli Silahlı Qüvvələrimiz Qarabağın tacı, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan müqəddəs Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işğaldan azad etdi. Müqəddəs Şuşanın 28 illik işğaldan azad edildiyi gün tariximizə Zəfər Günü kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdi. Nəhayət, 2022-ci ilin “Şuşa ili” elan edilməsi Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhərinə verilən ən böyük önəmin və dəyərin göstəricisi hesab edilməlidir. Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd edildiyi kimi, “bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.
AVCİYA fəaliyyətdə olduğu dövrdə vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə layihələr icra edib. Azərbaycanın Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutub. Odur ki, “Şuşa ili”nə dəyərli töhfələr verə biləcəyimizə inanıram.

– AVCİYA ötən il “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabını da təqdim edib. Bildiyimiz qədər bir neçə dildə tərtib olunub…   

AVCİYA ötən il Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb. AVCİYA-nın “1905.az KİTABI” seriyasından “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı Azərbaycan, türk, ingilis və rus dillərində işıq üzü görüb. Bilirsinizmi, Assosiasiyamız mövcud olduğu illər ərzində onlarla yaddaqalan kitab nəşr edib.

53f4dd807aa6f232c4822c4bed8a3c10.jpg (85 KB)

Həmin kitabların hər biri gərgin zəhmət nəticəsində ərsəyə gəldiyindən uğur qazanıb. Amma “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabını yeri bambaşqadır.
İcazənizlə kitab haqqında bir neçə kəlmə demək istəyirəm. Nəşr ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək dediyi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır.
Kitabın əvvəlində “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamı və 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yer alıb.
Nəşrin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir. İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir.
“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.
Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.
Kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair fotoalbom yer alıb.
Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.
Həmçinin ötən il işıq üzü görmüş daha bir kitabımız haqqında da bir neçə kəlmə demək istəyirəm. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomunu nəşr etdik.
AZƏRTAC-ın materialları və fotoları əsasında nəfis şəkildə tərtib edilən kitab-albomda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son 10 il ərzində gördükləri işlərin bir qismi xronoloji ardıcıllıqla – xəbərlərin, əvəzsiz fotosənədlərin dili ilə diqqətə çatdırılır.
Mən kitaba yazdığım “Ön söz”də qeyd etmişdim: “Biz bu çoxşaxəli zəngin fəaliyyətin kiçik bir hissəsindən, cəmi 60 epizoddan söz açmışıq. Yaddaşlarda əbədi qalacaq, ən yeni tariximizin şərəfli səhifələrində yer tutmuş belə hadisələrin sayı isə yüzlərlədir. Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı tarixi qələbəyə aparan siyasi, iqtisadi, hərbi, diplomatik addımlarına, düşməndən azad etdiyimiz torpaqlarımıza hər səfərinə cild-cild kitablar həsr etmək olar. Əminəm ki, bu iş də görüləcək. Tarix yazan, xalqımızı müzəffər millətə, ölkəmizi qalib dövlətə çevirən Sərkərdənin hər addımı öyrəniləcək və elə öyrənilir də. Üstəlik, bu iş tək ölkəmizdə görülmür, yaxında, uzaqda saysız-hesabsız tədqiqatçılar 44 günlük müharibədə böyük Qələbə əldə etmiş Azərbaycanın təcrübəsini öyrənirlər”.
Əlbəttə, kitab-albomda yer alan epizodlardan bir neçəsi dövlət başçımızın və birinci xanimın Şuşaya səfərlərindən bəhs edir.

– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan edib. AVCİYA bu müsabiqəyə qatılacaqmı? 

– Əlbəttə. Biz layihəmizi tərtib etmişik. Layihə təqdim olunub. Ümid edirəm ki, uğur qazana biləcəyik.

– Elxan müəllim, mühüm sayıla biləcək bir məsələ ilə bağlı fikrinizi bilmək istərdim. Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir. Bununla bağlı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

– Mən azərbaycanlıyam. Və hər bir azərbaycanlı kimi Şuşa mənim üçün müqəddəs məkan, bu ad müqəddəs addır. Düşünürəm ki, Şuşa adından xüsusi diqqətlə, belə demək mümkündürsə, qənaətlə istifadə etməliyik. Odur ki, bu təklifi alqışlayıram.

– Və sonda. AVCİYA-nın “Şuşa ili” ilə bağlı planları barədə nə deyə bilərsiniz?

– Uzaq olmayan gələcəkdə, bu ilin sonuna qədər hazırda üstündə çalışdığımız 5 layihəni təqdim edəcəyik. Əminəm ki, maraqlı və faydalı olacaq.

Musavat.com