

Oktyabrın 7-də paytaxt Əmmanda Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İordaniyanın dövlət və mədəniyyət qurumlarının nümayəndələri, Krallıqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, elm və incəsənət dairələrinin təmsilçiləri, habelə yerli ictimaiyyətin görkəmli nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov sərginin təkcə sənət ekspozisiyası deyil, eyni zamanda, xalqımızın ruhunun, çoxəsrlik tarixinin və zəngin mədəni irsinin təcəssümü olduğunu qeyd edib. Səfir Azərbaycanın musiqi ənənəsinin qədim dövrlərə – musiqi və rəqs səhnələrinin əks olunduğu Qobustan və Gəmiqaya qayaüstü təsvirlərinə qədər uzandığını vurğulayıb.
E.Səlimov Azərbaycan musiqisinin xalqın mənəvi həyatında daim mühüm yer tutduğunu, “Kitabi-Dədə Qorqud” dastanında, eləcə də Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük klassiklərin yaradıcılığında geniş əks olunduğunu bildirib. O, həmçinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev və digər görkəmli sənətkarların adlarını xatırladaraq, onların yaradıcılığının Şərqlə Qərb arasında mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, sərgidə nümayiş etdirilən hər bir musiqi aləti – tar, kamança, nağara, saz, qaval, qanun, ud, tütək və zurna milli yaddaşın canlı daşıyıcısı, Azərbaycan xalqının tarixi və mənəvi kimliyinin ifadəsidir.
Daha sonra E.Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz nümunələrindən biri kimi milli mədəni dirçəlişin rəmzinə çevrilmiş Şuşa şəhərində “Xarıbülbül” festivalının bərpasını vurğulayıb.
Səfir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından sərgidə təqdim olunan musiqi alətlərini və Azərbaycan xalqının qədim sənətkarlıq irsini təmsil edən xalçaları Petra Milli İnam Fonduna hədiyyə edib. O, bu rəmzi addımın Azərbaycanın bəşəriyyətin ümumi mədəni irsinin qorunması və təşviqinə verdiyi töhfənin təzahürü olduğunu söyləyib.
Sərgi çərçivəsində tədbir iştirakçıları üçün İordaniyanın “Duroob” qrupunun ifasında Azərbaycan milli musiqisinin klassik nümunələrindən ibarət proqram təqdim olunub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə