Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.
Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən 27.09.2020-ci il tarixdən başlayaraq aparılan döyüş əməliyyatları nəticəsində Füzuli şəhəri daxil olmaqla 24 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Füzuli rayonu üzrə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektlər haqqında
MƏLUMAT
Dağıdılmış və məhv edilmiş obyektlər. | Ölçü vahidi | Ümumi miqdarı | Ümumi dəyəri | |
İşğal edilmiş və ya dağıdılmış yaşayış məntəqəsi | ədəd | 84 | 2.575.000.000 | |
Sənaye obyekti | ədəd | 45 | 45.875.000 | |
Kənd təsərrüfatı obyekti (texnika, nəqliyyat və s.) | ədəd | 990 | 117.810.349 | |
Rabitə obyekti | ədəd | 39 | 1.948.690 | |
Səhiyyə müəssisəsi 61 xəstəxana, həkim məntəqəsi və feldşer mama məntəqəsi; 2 poliklinika;1 doğum evi;63 aptek; | ədəd | 127 | 7.496.000 | |
Tədris müəssisəsi (məktəblər, texnikumlar) | ədəd | 88 | 1.386.962 | |
Məktəbəqədər müəssisə (bağça) | ədəd | 76 | 1.765.000 | |
Mədəniyyət müəssisəsi 90 kitabxana;2.770 klub, mədəniyyət evi, teatr;3 muzey;1 muzey eksponatı; | ədəd | 183 | 19.568.000 | |
Məscid | ədəd | 10 | 500.000 | |
Avtomobil yolu | km | 235,7 | 2.763.181 | |
Dəmir yolu xətti | km | 36 | 3.900.000 | |
Körpü (avtomobil, dəmir yolu və s.) | ədəd | 16 | 1.815.970 | |
Su ambarı | ədəd | 96 | 5.000.000 | |
Magistral su xətti (kanallar) | km | 859 | 19.890.000 | |
Elektrik xətti | km | 2.114 | 5.290.680 | |
Magistral qaz boru xətti | km | 210 | 2.586.666 | |
Meşə sahəsi | ha | 68 | 1.680.000 |
Dəymiş ziyanın ümumi miqdarı 4.742.932.050 ( dörd milyard yeddi yüz qırx iki milyon doqquz yüz otuz iki min əlli) ABŞ Dolları həcmindədir.
Qeyd: hesablamalar 1994-cü il üçün olan qiymətlərlə aparılmışdır.
Mənbə: Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabı; http://www.fuzuli-ih.gov.az/