Erməni terrorizminin ifşa olunması fasiləsiz davam etməlidir

Azərbaycanın Şuşa-Xocalı həssasiyəti
200 illik işğal və 2016-cı ildə AŞPA-da təsbit olunan işğal faktı
“Generalın qətiyyəti… 1967-ci il, Xankəndi şəhəri…”

Bu istiqamətdə iş aparan dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməli və sayı artırılmalıdır

Ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Bu azmış kimi, hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər. Hətta bir çox dövlətləri türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bu baxımdan, bütün türk dünyasının ayağa qalxıb erməni yalanlarının dünyaya çatdırmasının vaxtı, əslində, çoxdan keçib Ermənilər öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Bu təşkilatlamada ictimai dərnək və cəmiyyətlərin təcrübəsi əsasında erməni milli təşkilatları və partiyaları yaradılıb. Bunlardan 1860-cı ildə Erməni Fədakar Cəmiyyəti, 1880-ci ildə Gənc Ermənistan Cəmiyyəti, 1885-ci ildə Armenakan Komitəsi, 1887-ci ildə Qnçaq Təşkilatı (bu təşkilatın Nizamnaməsinin 4-cü bəndində “məqsədə çatmaq üçün terror və dağıdıcılıq fəaliyyəti” nəzərdə tutulur), 1890-cı ildə Daşnaksütyun və 1907-ci ildə yaradılmış Ramqavar partiyaları erməni milli təşkilatlarının məram və nizamnaməsini hazırlayan quruluşlar olublar. Bu təşkilatların əsas məqsədləri “Dənizdən-dənizə böyük Ermənistan” sərsəm xülyasından ibarət olub. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq bu partiyaların proqramına uyğun, yəni türk millətini məhv etməklə “böyük Ermənistan” yaratmaq ideyası üzərində qurmuşdular. Amma, gəlin öz tariximizə baxaq. Ermənilərin belə milli təşkilatları yaranandan bu yana bizdə hansısa belə bir qurum olubmu? Tam olaraq azərbaycanlıların ermənlərə cavab verən xüsusi bir ictimai və dövlət qurumuna rast gəlmək mümkün deyil. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də dövlət orqanı olaraq belə bir təkşilat fəaliyyət göstərməyib. Təkcə 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən soyqırımı faktlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradılıb ki, onun da ekspertləri, əsasən, qeyri-türklər olublar. Bundan sonra Sovet hakimiyyəti illərində Azərbaycanda belə qurumun yaradılmasından söhbət belə, gedə bilməzdi. Əksinə, həmin zamanlar erməni vəhşiliklərini törədən rəhbərlər Azərbaycanda təbliğ olunmağa başlayıb. Kimlərsə bundan, hətta elmi iş götürüb elmlər doktoru, professor adlarına layiq görülüblər. Xalqın beyninə rahat yerisin deyə, bir çox yazıçılarımız erməni ilə türkün dostluğundan bəhs edən bədii ədəbiyyat nümunələri də ortaya qoyublar. Qısası, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar və soyqırımları 70 il unudulub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra, artıq bu yalanların üstünü örtən pərdələr götürüldü. Azərbaycanlılar yenə də bildilər düşmənlərinin kim olduğunu. Elə bu zamanlar ermənilər növbəti torpaq iddiaları irəli sürərək hegemon dövlətlərin köməyi ilə Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu işğal etdilər. Bu nizamsız müharibə şəraitində 20 mindən çox şəhid versək də, yenə də düşmənçilik siyasətimizi onlar kimi həyata keçirə bilmirik. Hansı ki, bu, iki əsrdə olanlardan doğan milli ehtiyacdır. Ona görə də bu istiqamətdə iş aparan dövlət və qeyr-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməli və sayı artırılmalıdır. Düzdür, müxtəlif dövlət orqanlarında terrorizmə qarşı mübarizə şöbələri var. Onlar bu şöbə daxilində ermənilərə qarşı adekvat cavablar verirlər.

Erməni təxribatlarının qarşısının alınmasında xarici medianın gücündən də yararlanmaq vacib amildir

Xüsusən, son illər dövlət qurumlarının diplomatik hücum siyasətinə keçməsi, diaspor quruculuğu sahəsində uğurlu addımlar, eləcə də bu sahədə fəaliyyət göstərən elmi müəssisələrin, ayrı-ayrı elm adamlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi Dağlıq Qarabağ münaqişəsi üzərindəki erməni yalanı pərdəsinin xeyli dərəcədə götürülməsinə səbəb olur. Fikrimizcə, ermənilərin bizə qarşı apardığı düşmənçilik mübarizəsi ilə müqayisədə bu, yetmir. Bundan başqa, bu mübarizə üçün xüsusi strateqlər hazırlanmalıdır. Müxtəlif dilləri bilən jurnalist və diplomatlar hazırlayıb ermənilərin kök atdığı ölkələrə göndərilməlidir ki, gedib erməni yalanlarını üzə çıxarsın, həmin dövlətlərə Azərbaycan həqiqətləri haqda dolğun məlumatlar versinlər. Bundan başqa, sahəsindən və strukturundan asılı olmayaraq hər bir dövlət təşkilatında erməni qəsbkarlığını ifşa edən xüsusi şöbələrin yaradılması da işin ümummilli səviyyədə həyata keçirilməsinə böyük kömək olardı.
İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən də yararlanmaq vacib amildir. Son illər erməni lobbisi tərəfindən dünya KİV-lərində yalan məlumatların yayılması bir daha göstərdi ki, bizim xarici ölkələrdə media dayaqlarımız çox zəifdir. Xaricdə Qarabağ həqiqətlərini yaymaq, gündəmi bizim xeyrimizə dəyişmək üçün təbliğat aparan azərbaycanlı və əcnəbi jurnalistlərin azlığı belə məqamlarda daha çox özünü büruzə verir.
Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, xarici mediaya çıxışımız yaxşı vəziyyətdə deyil. Dövlət başçısı deyib ki, xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir: “Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya mübarizəsi mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir də ona qarşı yönəlir. Bu istiqamət prioritet istiqamətdir, zəif yerimizdir və qurultayda müzakirə olunmalıdır. Azərbaycan dövləti buna dəstək verə bilərsə, biz hazırıq”.

Ermənistanın Azərbaycana təcavüzünü ifşa etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir

İnformasiya savaşında ermənilərin ölkəmizə qarşı təxribatlarının qarşısının alınması üçün xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukraynada, Rusiyada, ABŞ-da, Fransada və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır.
Jurnalistlərimiz də səngərdə keşik çəkən əsgərlərimiz kimi, daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib erməni terrorizmini ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.
Xarici mediada, xüsusən, erməni KİV-lərində Azərbaycanla bağlı qərəzli yazılar verilən zaman həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Daha da irəli gedərək, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır.
Ölkəmizdə informasiya savaşında iştirak etmək, Ermənistanın Azərbaycana təcavüzünü ifşa etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dil bilməli və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidirlər. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu var. Ermənilərin əsassız şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır.
Erməni və ermənipərəst jurnalistlər “Facebook”, “Twitter”də, eləcə də CNN, BBC və s. tanınmış media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər. Nəzərə almaq lazımdır ki, bu gün “Twitter” sosial şəbəkəlikdən çıxaraq, siyasi platformaya çevrilib. “Twitter”də informasiya müharibəsinin ən gərgin anı- həştəq mübarizəsi yaşanır. Burada yazılan bir “twit”lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Azərbaycan jurnalistləri kütləvi şəkildə “Twitter”də aktivlik göstərib, bu kimi məsələlərə təsir etmək gücünü artırmalıdırlar.
Ümumiyyətlə, ermənilərə qarşı mübarizə bizlərin ümummilli vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik.
Bu iş nəinki aylar, heç illər, əsrlərlə bitməməlidir. Artıq bir şeyi bilməliyik, nə qədər ermənilər varsa, onların bizə qarşı düşmənçiliyi də var.

Fuad Hüseynzadə
http://palitranews.az/news.php?id=71637
Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb.