Ermənilər Qafqazda yerli xalq deyil

Ermənistan simasızlıq böhranından necə xilas ola bilər?
ERMƏNİSTANIN TƏŞƏKKÜLÜ VƏ İRƏVANIN ERMƏNİLƏRƏ VERİLMƏSİ MƏSƏLƏSİ
621 000 və 1 130 000 (birinci demoqrafiq etüd)
Ermənilərin Qafqazda yerli xalq olmadığı və buraya başqa ərazilərdən gəlmələri mütəxəssislər tərəfindən çoxdan sübut olunmuş faktdır.
Erməni dilinin Qafqaz dilləri ilə heç bir əlaqəsi yoxdur. Bu dil Hind-Avropa dil ailəsinə daxildir. Məlumdur ki, bu dil ailəsində müxtəlif qruplar mövcuddur. Bir sıra alimlər, o cümlədən də İ.Dyakonov hesab edir ki, erməni dili daha çox yunan dilinə yaxındır. Bu fakt göstərir ki, ermənilər tarixin hansısa mərhələsində yunanlarla qonşuluqda yaşayıb və onlar bir-birinə təsir göstəriblər. Lakin ermənilər Ön Asiya xalqı da deyil.
Onlar e.ə. ikinci minilliyin ortalarından tez olmayaraq, Ön Asiyaya gəliblər.  Çox güman ki, onlar xalqların böyük köçü zamanı Kiçik Asiyaya gəlib çıxıblar. Ermənilərin adları ilk dəfə Dara dövründə yazılmış Bisütun kitabələrində çəkilir.  Bu kitabə e.ə. 520-518-ci illər arasında yazılıb. Orada Erməniyyə deyilən yerin adı bir neçə sətirdə çəkilir.
Onlar müstəqil deyildilər və Əhəmənilər dövlətinin tərkibinə  daxil olublar. Kitabədə imperiyaya qarşı üsyan qaldırmalarından bəhs edilir. Əhəməniləri məğlub edən Makedoniyalı İsgəndər dövründə də ermənilərin müstəqilliyindən söhbət belə gedə bilməzdi. Çünki İsgəndərin imperiyasında heç kəsin müstəqilliyi yox idi. Bizim yaşadığımız Qafqazın bu tərəfi isə o vaxt müstəqil idi.   Çünki Makedoniyalı İsgəndər bura gəlib çatmamışdı. E.ə. 5-ci əsrdə burada kaspilər yaşayırdılar, daha sonra isə albanlar.
Ermənilərin e.ə. 2-ci əsrdə Artaşesin dövründə guya qısa müddət ərzində müsəqil dövlətləri olub. E.ə. 96-95-ci ildə Parfiya hökmdarları yanında girov olmuş II Tiqran şübhəli sazişlər vasitəsilə hakimiyyətini yaradır. Azacıq qüvvətlənən kimi, Suruyaya doğru hərəkət edir və bir neçə şəhər ələ keçirir. E.ə. I əsrinin 69-cu ildə Roma sərkərdəsi Lukullun başçılığı ilə şərqə doğru yürüş başlayır. Lukull Dəclə çayının yuxarı axarında yerləşən Tiqranakert şəhərini dağıdır. Erməni tədqiqatçısı Sarkisyan yazırdı ki, bu Tiqranakert şəhəri e.ə. 87-ci ildən tez olmayaraq salınmışdı.  II Tiqran Qafaqaza heç vaxt yürüş etməyib. Təbii ki, buna görə də Tiqranakert şəhəri Qafqazda olmayıb. Lukull Romaya çağırıldıqdan sonra, növbəti yürüşü Pompey həyata keçirir və Tiqranı ağır məğlubiyyətə uğradır. Tiqran bütün xəzinəsini Pompeyə təqdim edir, özü də onun qarşısında diz çökür.
Yəni, ermənilərin Qafqazda heç bir dövləti yox idi. Təbii ki, insanlar müxtəlif ərazilərə səpələndiyndən, burada da ermənilər ola bilərdi. Amma dövlətləri yox idi. “Dənizdən-dənizə”, “Böyük Ermənistan” isə sadəcə xülyadır. Bir neçə yüz kilometrdən bir erməni qoyulsaydı da, onlar bu ərazini əhatə etmək iqtidarında ola bilməzdilər. Çünki o vaxtlar ermənilərin sayı daha az idi. Hazırki dövrdə bütün dünyadakı ermənilərin maksimum sayı 7-8 milyon nəfərdirsə, o vaxt sayları bundan da qat-qat az idi. Düzdür, səpələnmiş halda Qafqazda da ermənilər yaşayırdılar.
Rus alimi Şavrov 1911-ci ildə nəşr etdirdiyi kitabında yazır ki, 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasına qədər Qafqazda 300 min nəfərə qədər erməni yaşayırdı. 20-ci əsrin əvvəllərində isə onların bu ərazidə sayı 1 milyon 300 min nəfərə çatmışdı. Bunun da 1 milyon nəfərdən çoxu Rusiya inzibati idarələri tərəfindən buraya köçürülən əhali idi. Paskeviçin və Qriboyedovun əsərlərində onların necə köçürülmələri əks olunub. Onlara vəsait ayırır və diqqət yetirirdilər ki, köçdükləri yerlərin iqlimi ilə əvvəl yaşadıqları yerin iqlimi uyğun olsun. Halbuki sonralar bizim əhalimizi deportasiya edəndə dağ adamlarını arana köçürmüşdülər.
Erməniləri xüsusilə Qarabağa yay vaxtı, azərbaycanlılar dağda olanda köçürüblər.  Beləliklə, bu əraziləri qətiyyən ermənilərinki hesab etmək olmaz. Bir çox dini abidələri isə onlar sadəcə olaraq mənimsəyiblər. IV əsrin birinci yarısında burada yaşayan albanlar xristian dinini qəbul ediblər. Və bu din Qafqaz Albaniyasının rəsmi dini olub.
V əsrin ortalarında Bizansla Sasanilər dövləti arasında müharibə gedirdi. Xristian albanların öz dindaşları olan Bizansa meylindən çəkinən Sasanilər bu ərazidə də Zərdüştiliyi yaymağa başladılar. Əlbəttə, burada Zərdüşti icmaları var idi, lakin xalqın əksəriyyəti xristian idi. Buna görə də knyazları öz paytaxtlarına dəvət edərək Zərdüştiliyi qəbul etmək üçün təzyiq göstəriblər. İşğal təhlükəsi altında qalan albanların bir hissəsi 450-ci ildə Zərdüştiliyi qəbul ediblər. Lakin cəmi bir il sonra xalq üsyan qaldıraraq Zərdüşt kahinlərini (maqları) ölkədən qovublar.
Daha sonra isə İslam xilafəti dövründə  Allahın vahidliyini qəbul edən xristianlara toxunulmayıb, zərdüştiliyə itaət edənlər isə İslam dinini qəbul ediblər. Bu ərazidə xristianlar uzun müddət yaşayıblar. Hətta Mixitar Qoş xristian əhali üçün qanunnamə hazırlayıb.
1836-cı ildə Rusiya imperatoru yanında Sinod buradaka alban kilsələrini erməni kilsəsinə tabe etdirib. Son dərəcə mühüm strateji mövqedə yaşayan müsəlmanların İran və ya Türkiyəyə meylindən çəkinən Rusiya bu ərazilərə külli miqdarda erməni köçürür. Və beləcə “parçala, hökm sür” üsulu ilə idarə etməyə başlayır. Bizi tamamilə öz köklərimizdən ayırırlar. Ermənilərdən də bizə qarşı mübarizədə faydalanıblar.
1808-1809-cu illərə dair Rusiya hərbçilərinin dəqiq topoqrafik xəritələri var. Məlumdur ki, hərbi xəritələrdə ərazi adlarının düzgün yazılmasına xüsusi diqqətlə yanaşılır. Həmin xəritə ilə tanış olanlar indi Ermənistan adlanan ərazidə saysız-hesabsız Azərbaycan toponimləri görə bilərlər. Çox arzu edərdim ki, tarixi həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün dövlət səviyyəsində həmin xəritələr təkrar çap edilsin.
İlyas Babayev,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
http://1905.az